image-img_7985backend

Yasamal rayon Ağsaqqallar şurasının növbəti hesabat-seçki konfransı keçirilib

image-reklam_sirab_01

Yasamal rayon İcra Hakimiyyətində Yasamal rayon Ağsaqqallar şurasının növbəti hesabat-seçki konfransı keçirilib.

Konfransı giriş sözü ilə açan Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov qeyd etdi ki, ötən il Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı ilə Azərbaycan ordusu işğalçı erməni ordusunu darmadağın etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa edildi və 30 illik işğala son qoyuldu. Elşad Həsənov Azərbaycan xalqının hər zaman cənab Prezidentin qətiyyət və cəsarətini, Azərbaycan hərbçilərinin mərdliyini qəlbində yaşadacağını vurğuladı.

Yasamal rayon İcra Hakimiyyətinin başçısı bildirdi ki, bu Vətən müharibəsində bizə güc verən həm də milli və mənəvi dəyərlərimiz oldu. Xalqımızın mənəvi dəyərlərindən biri də ağsaqqallara olan xüsusi münasibətdir.Xalq olaraq biz hər zaman yaşlı və ahıl insanlara xüsusi ehtiramla yanaşmışıq.

Bildirildi ki, pandemiya səbəbindən ötən il bizim üçün ağır il oldu, xüsusən də yaşlı insanlar üçün. Bununla belə, ötən ilin sınağından alnı açıq, üzü ağ çıxdıq. Ağsaqqallarımız həm Vətən müharibəsində, həm pandemiya şəraitində öz sözünü dedilər, dövlətə və xalqa dayaq oldular. Yasamal rayonu ağsaqqalları ölkəmizin ictimai həyatında yaxından iştirak ediblər.

Konfransda çıxış edən millət vəkili, Respublika Ağsaqqallar Şurasının sədr müavini Eldar İbrahimov, incəsənət xadimi Nürəddin Mehdixanlı və digər natiqlər ölkəmizdə ağsaqqallara göstərilən dövlət qayğısından söhbət açdılar. Qeyd olundu ki, ölkəmizdə yaşlı insanların rahatlığı üçün hər cür şərait yaradılıb. Çıxış edənlər Ağsaqqallar Şurasının fəaliyyətini yüksək dəyərləndirdilər.

Yasamal rayon Ağsaqqallar şurasının sədri Cavanşir Qurbanov çıxış edərək vurğuladı ki, rayon ağsaqqalları ölkəmizdə həyata keçirilən ictimai işlərdə bundan sonra da fəal iştirak edəcəklər, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirdilər.

Sonda təşkilati məsələlərə baxıldı və səsvermə nəticəsində Cavanşir Qurbanov növbəti müddətə yenidən Yasamal rayon Ağsaqqallar şurasının sədri seçildi. Konfransda həmçinin İdarə Heyətinin və Təftiş Komissiyasının üzvləri də səsvermə yolu ilə seçildilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki