image-img-20250129-wa0011backend

Zəngəzur dəhlizi Azərbaycandan Azərbaycana maneəsiz keçid olmalıdır

image-reklam_sirab_01

Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinin keçdiyi mühüm coğrafi ərazidə yerləşdiyindən dövlət səviyyəsində görülən işlər və həyata keçirilən irimiqyaslı nəqliyyat layihələri sayəsində regionun mühüm nəqliyyat qovşağına çevrilib. Nəticədə bu gün Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız, onun nəqliyyat infrastrukturu olmadan təsəvvür etmək mümkün deyil.

Hazırda ölkə ərazisindən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri keçir. Bu dəhlizlər üzrə daşınan yüklərin həcmi ildən-ilə artır. Yüklərin daha səmərəli daşınması üçün fiziki infrastrukturla yanaşı, digər addımlar da atılaraq rəqəmsallaşma məsələlərinə diqqət göstərilir. Qonşu ölkələrlə yeni əməkdaşlıq formatları yaradılıb, ortaq və müştərək müəssisələr qurulub. Bir sözlə, bu gün Azərbaycan Avrasiyanın əvəzolunmaz nəqliyyat mərkəzlərindən biridir. Azərbaycan dövləti tərəfindən bu dəhlizlərin aşırma qabiliyyətini artırmaq üçün əlavə sərmayə cəlb edilib və gələcəkdə də edilməsi nəzərdə tutulub.
Həyata keçirilən yeni layihələr arasında Zəngəzur dəhlizi xüsusi qeyd edilməlidir. Zəngəzur dəhlizi layihəsi Azərbaycan tərəfindən irəli sürülüb, Qarabağ müharibəsindəki Zəfərdən sonra bu məsələ beynəlxalq gündəliyə salınıb. Ölkəmiz bu gün bu dəhlizin açılması üçün praktiki addımlar atır. Təəssüflər olsun ki, Ermənistan tərəfi dörd ildən çoxdur ki, bu məsələ ilə bağlı qeyri-konstruktiv mövqe sərgiləyir, faktiki olaraq 10 noyabr kapitulyasiyasından sonra üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir.
Yanvarın 28-də Prezident İlham Əliyev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə Zəngəzur dəhlizi ilə bağlı məsələləri xüsusi qeyd edib. Bildirb ki: “Həm beynəlxalq müstəvidə, həm Ermənistanla ikitərəfli təmaslar əsnasında biz daim bir məsələni qeyd edirik ki, Azərbaycandan Azərbaycana maneəsiz keçid olmalıdır. Heç bir yoxlamadan keçmədən, heç bir maneə ilə üzləşmədən Azərbaycandan Azərbaycana rahat və azad keçid olmalıdır. Bu, bizim tələbimizdir”.
Sovet hakimiyyətinin 1920-ci ildə Qərbi Zəngəzuru əlimizdən aldığını və Azərbaycan xalqına qarşı cinayət törətdiyini xatırladan dövlətimizin başçısı, həmçinin qeyd edib: “Biz Zəngəzuru unutmamışıq və unutmayacağıq. Yenə də deyirəm, bizim Ermənistana ərazi iddiamız yoxdur. Ancaq Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək Azərbaycandan Azərbaycana maneəsiz keçid verməlidir”.
Müşavirədə son 20 il ərzində Azərbaycanda nəqliyyatla bağlı görülmüş işlərdən danışılıb. Qeyd edilib ki, bu vaxt ərzində ölkədə 21 min kilometr avtomobil yolu tikilib və təmir edilib. 335 körpü və yolötürücüsü, 45 tunel, 163 yerüstü və yeraltı keçid tikilib. Eyni zamanda 1500 kilometrdən çox dəmir yolu tikilib, 1800 kilometr təmir edilib, yeni qatarlar və vaqonlar alınıb, 90 kilometrdən çox olan Abşeron dairəvi xətti istifadəyə verilib. Çox böyük əhəmiyyətə malik Bakı-Tbilisi-Qars dəmir yolu inşa edilib və bu yolun inşası ermənipərəst mövqeyə malik bir sıra xarici dövlətlərin, xüsusilə ABŞ-nın etirazları ilə qarşılaşıb. Buna baxmayaraq ölkəmiz öz maliyyə imkanları hesabına bu layihəni həyata keçirə bildi. Bu gün Amerikanın Avropadakı müttəfiqləri Bakı-Tbilisi-Qars dəmir yoluna, ümumiyyətlə, Azərbaycan ərazisindən keçən yüklərin Mərkəzi Asiyadan Avropaya və əks istiqamətə daşınmasına da böyük maraq göstərirlər. Bu yolun açılmasından sonra bu gün müxtəlif ölkələrin yükləri Ağ dəniz istiqamətinə, Avropaya, Türkiyəyə daşınır. Daha sonra yolun genişləndirilməsi tamamlanaraq onun daşıma qabiliyyəti 5 milyon tona çatdırıldı.
Müşavirədə mövcud yolların reabilitasiyası və müasirləşməsi, daşınma imkanlarının və qatarların sürətinin artırılması istiqamətində görülən işlər arasında Sumqayıt-Yalama dəmir yolunu qeyd edilib. Bu yolun tikintisi artıq 80 faiz səviyyəsində təmin edilib və yaxın zamanlarda tam istifadəyə veriləcək. Hazırda isə Ələt-Astara yolu çəkilir. Azərbaycan şəhərləri arasındakı bağlantıları təmin etmək üçün Bakı-Qəbələ yolu çəkildi, Bakı-Balakən dəmir yolunun fəaliyyəti bərpa edildi. Bu yollar da öz növbəsində ölkəmizi qərb, şimal-qərb sərhədi ilə və Qəbələ şəhəri ilə bağlayır. Bütün bu yollar üzrə yerləşən şəhərlər də təbii olaraq əhatə olunur.
Ölkə başçısı nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə nəqliyyat sahəsində atılacaq növbəti addımlara toxunub. “Amma yenə də görürük ki, növbəti böyük bir proqramın qəbul olunmasında böyük fayda olacaq. Bu məqsədlə bir müddət bundan əvvəl Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə dövlət proqramının hazırlanmasına dair müvafiq göstərişlər vermişəm və bir neçə ay ərzində bu proqram üzərində iş aparılıb”, – deyə dövlətimizin başçısı əlavə edib.

Adil Hüseynov – Azərbaycan Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image