Azərbaycan torpaqları işğaldan azad edilib, münaqişə bitib. Azərbaycanın ərazisi artıq müzakirə mövzusu deyil. Bu həm də “Qarabağın statusu” kimi uydurma ifadənin müzakirəsinə dönüşün olmadığı deməkdir. Azərbaycan Prezidenti İlham Əliyev İspaniyanın “El Pais” nəşrinə müsahibəsində bu barədə deyib: “Qarabağın statusu barədə hər hansı müzakirəyə dönüş yoxdur, Dağlıq Qarabağ münaqişəsi bitib. Azərbaycanın mövqeyi açıq-aydındır. Biz sülh istəyirik, müharibə istəmirik”.
Hazırda regiondakı vəziyyətlə bağlı gündəlik mövzu dəyişib. Artıq Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin demarkasiya və delimitasiyası, tərəflər arasında sülh müqaviləsinin imzalanması, ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunur. İndiki mərhələdə regiona dair gündəlik məsələlərdən biri də “Zəngəzur dəhlizi”nin açılması ilə bağlıdır. Bu məsələ 2020-ci il noyabrın 10-da qəbul edilən üçtərəfli, Azərbaycan və Rusiya prezidentləri ilə Ermənistanın Baş nazirinin imzaladıqları birgə bəyanatın 9-cu maddəsində öz əksini tapıb: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”.
Ermənistan da bu maddədə nəzərdə tutulan öhdəliyi yerinə yetirməlidir. Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə NATO-nun Baş katibi Yens Stoltenberqlə keçirdiyi görüşdə də bu məsələni müzakirə edib. Dövlət başçısı bildirib ki, “Zəngəzur dəhlizi”nin hüquqi rejimi Laçın dəhlizinin eynisi olmalıdır. Prezident vurğulayıb ki, Azərbaycan Qarabağla Ermənistan arasında əlaqə üçün təhlükəsizliyi və maneəsiz çıxışı təmin edir: “Ermənistan Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında əlaqələr üçün eyni maneəsiz çıxış və təhlükəsizliyi təmin etməlidir. Beləliklə, bu gün Laçın dəhlizində gömrük yoxdur. Ona görə də Zəngəzur dəhlizində də gömrük olmamalıdır. Əgər Ermənistan yük və insanlara nəzarət etmək üçün öz gömrük qurumlarından istifadədə israr etsə, onda biz Laçın dəhlizində eynisində israr edəcəyik”. Azərbaycan Laçın dəhlizi vasitəsi ilə yol verməklə Ermənistana qohumluq əlaqələrini nəzərə alaraq humanitar yardım, güzəşt edib. Yəni bu dəhlizdən ancaq Ermənistan, Azərbaycanın Xankəndi və ətraf ərazilərindəki ermənilər yararlanırlar.
“Zəngəzur dəhlizi”nin funksiyası və faydası daha böyükdür. O, regional və qlobal əməkdaşlıq üçün çox böyük imkanlar yaradır. Bundan təkcə Azərbaycan tərəfi deyil, Ermənistan da faydalanacaq. Başqa sözlə, Ermənistan hər iki dəhlizin imkanlarından faydalanmaq üçün fürsət əldə edəcək. Bununla belə, Erməmnistan tərəfi bu güzəştlər qarşılığında cığallıq edib. Prezident İlham Əliyev məsələnin həlli ilə bağlı irəliləyişin asan olmadığını qeyd edib. Dövlət başçısı deyib ki, Azərbaycandan Ermənistan vasitəsilə Naxçıvan Muxtar Respublikasına dəmir yolu əlaqəsinin tikintisi ilə bağlı razılıq, həmçinin magistral yol inşasına dair razılıq əldə edilib: “Lakin magistral yolun dəqiq marşrutu hələ ki müəyyən olunmayıb. Bu, gələcək müzakirələrin mövzusudur”.
Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən üçtərəfli görüşün nəticəsi olaraq “Zəngəzur dəhlizi” boyunca dəmir yolunun çəkilməsi barədə razılıq əldə edilib. “Zəngəzur dəhlizi”nin açılması ilə bağlı əldə edilən razılıq Azərbaycan tərəfin haqlı olduğunu təsdiqlədi. Bununla da Azərbaycan Cənub Qafqazda əməkdaşlıq, sülh, təhlükəsizliyin təmin olunmasını dəstəkləyən, bu istiqamətdə təşəbbüslərlə çıxış edən başlıca dövlət olduğu isbatlandı. Bu regionda Azərbaycanın xüsusi çəkisinin olduğuna dair bir örnək sayıla bilər. Rəsmi Bakı bununla Avropa İttifaqı, region dövlətləri və bölgədə maraqları olan başqa dövlətlər üçün də etibarlı tərəfkeş dövlət olduğunu nümayiş etdirdi. Ehtimal etmək olar ki, perspektivdə NATO və Avropa İttifaqı Azərbaycan vasitəsilə regionda təhlükəsizliyin təmin edilməsi, əməkdaşlığın inkişaf etdirilməsini dəstəkləyəcək. “Zəngəzur dəhlizi”nin açılması həm də Azərbaycanın strateji təhlükəsizliyi baxımından maraqlarının təmin olunması istiqamətində atılan mühüm addımlardan sayıla bilər.
Beləliklə, Avropa İttifaqı və NATO da Azərbaycanın regionda yaratdığı yeni reallığı və bu gerçəklikdən yaranan yeni fəaliyyət istiqamətləri ilə razılaşır. Odur ki, “Zəngəzur dəhlizi” həm də Cənub Qafqazla Avropa İttifaqını birləşdirə bilər.