image-img-20210422-wa0008backend

Zəngəzur dəhlizinin açılması türk dünyasının coğrafi birləşməsidir

image-reklam_sirab_01

“Dəmir yumruq” əməliyyatı qondarma Ermənistan respublikasını təməlinə qədər sarsıdıb. 10 noyabrdan sonra ermənilər səksəkə içərisində yaşamaqdadır.
Azərbaycanın son davranışları məğlub ölkədə ciddi siyasi-psixoloji gərginlik yaradıb. Hətta Ermənistan cəmiyyəti vahimə içindədir. Hər gün Ermənistan KİV-lərində həyəcan dolu xəbərlərin verilməsi bundan qaynaqlanır. Bu, rəsmi Bakının Ermənistanın ictimai-siyasi həyatına olduqca ciddi təsirinin mövcudluğunu təsdiqləyir. Son vaxtlar Azərbaycan Ordusunun Zəngəzur ərazisinə daxil olması, vaxtilə ermənilərin işğal etdikləri kəndlərin və biçənəklərin geri alınması bu vahiməni xeyli artırır.
Azərbaycan Prezidenti İlham Əliyevin atdığı bütün addımlar, verdiyi mesajlar dərhal Ermənistanın ictimai-siyasi gündəmini dəyişir. Müzakirələr məhz bu istiqamətə yönəlir. Bu baxımdan, rəsmi İrəvanın yaxın gələcəkdə bütün daxili və xarici siyasət faktorlarını məhz Azırbaycanın mövqeyinə uzlaşdırmaq məcburiyyətində qalacağı qətiyyən istisna deyil.
2021-ci il aprelin 20-də Azərbaycan Televiziyasına müsahibəsində ölkə başçısı İlham Əliyev Ermənistanı ciddi təşvişə salan Zəngəzur dəhlizinin yaradılması ilə bağlı məslələrə toxunması, Zəngəzurun Azərbaycanın qədim torpağı olduğunu və ora qayıdacağımızı bildirməsi işğalçı ölkəni silkələyib.
Ermənistan mətbuatı Azərbaycan Prezidentinin açıqlamalarını açıq təhdid kimi dəyərləndirib. Bəzi erməni politoloqlar isə rəsmi Bakının Ermənistana ordunu bərpa etmək imkanı verməyəcəyi fikrinə gəliblər. Ona görə də Cənubi Qafqazda bəzi məsələlərin həlli zamanı Ermənistan hakimiyyətinin rəsmi Bakının mövqeyini nəzərə almaq məcburiyyətində qala biləcəyini vurğulayırlar.
Təbii ki, burada Ermənistanı çıxılmaz vəziyyətə salan əsas faktor qüvvələr nisbətinin Azərbaycanın xeyrinə olmasıdır. Hazırda elə vəziyyət yaranıb ki, rəsmi Bakı hətta Ermənistanın daxili ictimai-siyasi proseslərinə belə müdaxilə etmək mexanizmlərinə sahibdir. İrəvanın isə Azərbaycana qarşı müqavimət imkanları çox zəifdir.
Qeyd edilməlidir ki, rəsmi Bakının Ermənistana qarşı xüsusi düşmənçilik münasibəti yoxdur. Əksinə, Azərbaycan tərəfi bütün regionun gələcək inkişaf şansları naminə bölgədə sülhün və əmin-amanlığın bərqərar olmasında maraqlıdır. Erməniləri dəhşətə gətirən Zəngəzur məsələsi isə 6 ölkənin, o cümlədən Ermənistanın rifahına xidmət edəcəkdir.
Zəngəzur dəhlizinin çox mühüm regional və beynəlxalq əhəmiyyəti vardır. Prezident İlham Əliyev çıxışlarında beynəlxalq yükdaşımaları uğrunda rəqabət getdiyinə toxunaraq Azərbaycanın nəqliyyat habına çevrilməsi üçün görülmüş işlər haqda da dəfələrlə məlumat verib. Kommunikasiyaların açılması, Zəngəzur dəhlizinin bərpa edilməsi nəticəsində Zəngəzur dəhlizinin bölgə və beynəlxalq yükdaşımalarında mühüm həlqə olacağdır.
Həmçinin indi tarixi Azərbaycan torpağı olan Zəngəzur türk dünyasını birləşdirən bir körpü olacaq. Bu yol bir əsrdən artıq bir-birindən ayrı qalan ərazilərimizi bir-birinə bağlamaqla yanaşı, həm də Avropa ilə Asiya arasında əsas tranzit xəttin yaranmasını təmin edəcək. Bu tranzit xəttinin Azərbaycandan keçməsi ölkəmizin həm region, həm də dünya səviyyəsində geopolitik mövqeyinə çox ciddi bir töhfə olacaq. Zəngəzur dəhlizi icra edildikdən sonra Çindən yola çıxan yükün qısa bir müddət ərzində ölkəmiz vasitəsilə Avropaya çatdırılması təmin ediləcək.

İlqar Əliyev – Dövlət İdarəçilik Akademiyası


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki