image-behrambackend

114 il bundan əvvəlin də öz Bəhramları olub-Cəmaləddin Quliyev YAZIR

image-reklam_sirab_01

“İndi gələk Badikübə şəhərinə.

Cəmi müəllimlər – qarabağlı, cəmi injenerlər – qarabağlı. Hələ bu ötüşər: tamam qəzetçilər – qarabağlı. Doğrusu, insanda bir həya da yaxşı zaddır. Ruslar içində bir məsəl var deyərlər ki, “Çağırılmamış qonaq molla hacı Babadan pisdir”. Bari-pərvərdigara, bu sırtıq qarabağlılar bu yazıq bakılılardan nə istəyir? Harada görsənib ki, bir şəhərdən bir adam çıxıb gedə bir özgə şəhərdə qəzet çıxarda? Nə Avropada belə adət var, nə Rusiyada.

Heç bir millət heç bir işdə bizə oxşamır. Hər işimiz tərsinədir. Qarabağlısan, yazıçılıq etmək istəyirsən, cəhənnəm ol get otur öz Qarabağında, nə qədər istəyirsən yaz. Dəxi sənin Bakıda nə işin var? Məgər bizim öz Bakımızda öz yazıçımız yoxdur? Axır, insanda bir həya da yaxsı zaddır. Biz, vallah, billah, sizə çox hörmət qoyuruq, “xətir” saxlayırıq. Yoxsa indiyə kimi hamınızı qırıb qurtarmışdıq.
Bu harada görsənib ki, insan qarabağlı ola-ola gedə otura bir özgə şəhərdə qəzet çıxarda? Əgər bir moskvalı istəyə gedib Peterburqda alış-veriş eləyə,- peterburqlular onu baykot eyləyib, içlərinə qoymazlar. Hər bir nataraş iş var, hamısı biz müsəlmanlardan baş verir. İşlərimiz hamısı köndələn düşübdür; üzümüzdə bircə tikə su qalmayıb.Dünyada hər nə qədər millət var, hamısı bizə nifrət göstərir; ondan ötrü ki, qarabağlılar gəlib doluşublar Bakıya. Qonşularımız bizə lənət oxuyur, ondan ötrü ki, Bakının ala qoyun gözləri baxa-baxa qarabağlılar gəlib burada ad çıxardırlar. Havada uçan quşlar bizim üstümüzə gülürlər o səbəbə ki, əcnəbilərin gözünün qabağında Bakıda qarabağlı-bakılı davası düşür. Bu da bizim ittifaq və ittihadımız (“İttifaq” və “İttihad” məktəblərini demirəm ha!). Bu da bizim ittihadımız , bu da bizim qeyrət və hümmətimiz. Doğrudan da insanda bir həya yaxşı zaddır. Bu sözləri yazmaqdan qəsdimiz müsəlman qardaşlara bir belə vəsiyyət etməkdir:
Amandı qardaşlar, huşyar olun.
Əvvələn içinizdə özgə şəhərdən gəlmə bir yad adamı qoymayın, qoymayın, qoymayın. Və saniyən, bu qarabağlılardan özünüzü gözləyin, amandır, gözləyin, gözləyin, gözləyin.
Və hər yerdə bir qarabağlı gördünüz – səy edin, çalışın, ərizə verməlidir – verin, şpionluq eləməlidir – eləyin, şəklini çəkməlidir – çəkin. Xülasə, hər bir vasitə ilə olsa, çalışın öz içinizdən rədd eləyin.
Amandı qardaşlar, qeyrət, geyrət (əgər varsa).
Amandı qardaşlar, hümmət, hümmət (xudanakərdə).
Ax, bu qarabağlılar.
(Lağlağı. “Molla Nəsrəddin”, 6 sentyabr, 1909, № 36.)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image