image-01-1backend

18 Oktyabr – Müstəqilliyin Bərpası Günü və Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyi Almaniyada qeyd edilib

image-reklam_sirab_01

 

Azərbaycanın Almaniyadakı Səfirliyi tərəfindən 14 oktyabr 2021-ci ildə Berlində 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü və Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyi münasibətilə konsert və ziyafət təşkil olunub.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov Azərbaycanın 1991-ci ildən bəri 30 illik müstəqillik tarixinə nəzər salıb, müstəqil Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin ənənələrinin davamçısı olduğunu bildirib. Qeyd edib ki, dünyəvi və demokratik dövlət bizə cümhuriyyət qurucularından qalmış müqəddəs mirasdır. Səfir ölkəmizin əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş düzgün və müstəqil siyasətlə qısa zamanda regionun aparıcı dövləti və iqtisadi gücünə çevrildiyini, regionda beynəlxalq əməkdaşlığın əsasını qoyduğunu, özünü etibarlı tərəfdaş kimi təsdiq etdiyini və nəhəng regional layihələr həyata keçirdiyini bəyan edib. O, müstəqilliyimizin bərpa olunmasından bəri Azərbaycan-Almaniya münasibətlərinin çoxşaxəli və dinamik inkişaf etdiyini, ölkələrimiz arasında açıq və fəal siyasi dialoqun mövcud olduğunu bildirib.

Ramin Həsənov Azərbaycanın çoxqütblü xarici siyasət yürütdüyünü, Avropa və Asiya arasında körpü yaratdığını, eləcə də region ölkələri ilə mehriban qonşuluq münasibətlərinə can atdığını vurğulayıb. Ermənistanın Azərbaycana hərbi təcavüzündən bəhs edən səfir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün uzun müddət davam edən beynəlxalq vasitəçiliyin nəticə vermədiyini və münaqişənin sonda 44 günlük müharibə və 10 Noyabr üçtərəfli bəyanatı ilə Azərbaycan tərəfindən hərbi-siyasi vasitələrlə həll olunduğunu diqqətə çatdırıb. Ramin Həsənov regionda yeni reallıqların mövcud olduğunu, davamlı sülh və regional əməkdaşlıq üçün yaxşı imkanların yarandığını vurğulayıb. Bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev Ermənistanla sülh sazişi imzalamağa hazır olduğumuzu bəyan edib. Səfir Almaniya və Avropanın Cənubi Qafqazda davamlı sülhün bərqərar olması üçün fəallıq nümayiş etdirəcəyinə və Ermənistandakı revanşist qüvvələrin möhkəmlənməsi üçün əsas verilməcəyəyinə ümidini ifadə edib.

Azərbaycanın səfiri həmçinin 2021-ci ilin Azərbaycanda Nizami ili olduğuna istinad edərək, dahi mütəfəkkirimiz Nizami Gəncəvinin Azərbaycan və Şərq ədəbiyyatında yerini vurğulayıb. Qeyd edib ki, Nizami irsi Almaniyada da böyük maraqla araşdırılır.

Daha sonra Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə müvəkkili Mattias Lüttenberq Almaniyanın federal hökuməti adından təbrik nitqi səsləndirib. Alman diplomatı Azərbaycan-Almaniya münasibətlərinə nəzər salıb.

O, Azərbaycan Prezidentinin sərəncamıyla 2021-ci ilin Nizami ili elan edilməsi ilə əlaqədar Almaniyanın ölkəmizdəki səfirliyinin təşkil etdiyi tədbirlərdən danışıb. Dahi Azərbaycan şairi Nizaminin əsərlərinin alman mütəfəkkirləri tərəfindən də təhlil olunduğunu diqqətə çatdıran və bu xüsusda böyük alman filosofu Volfqanq Qoetenin “Şərq-Qərb Divanı”nı nümunə çəkən Lüttenberq Nizami irsinin Azərbaycanla yanaşı Almaniya üçün də əhəmiyyətli olduğunu vurğulayıb.

Azərbaycanın Avropa İttifaqı və NATO ilə sıx əməkdaşlıq etdiyini qeyd edən alman diplomatı ölkəmizin Əfqanıstandan təxliyə əməliyyatlarına göstərdiyi fəal dəstəyə görə minnətdar olduqlarını bildirib.

Çıxışlardan sonra Almaniyada fəaliyyət göstərən “Xəzər Kamera Filarmoniyası”nın ifasında Azərbaycan və Avropa korifeylərinin əsərlərindən ibarət konsert səsləndirilib.  “Xəzər Kamera Filarmoniyası”nın rəhbəri və skripkaçı solisti Anar Bramo, pianoçu solisti Tamilla Quliyeva və tenoru Orxan Cəlilovun ifa etdiyi, eləcə də Kvintet musiqi qrupunun müşayiət etdiyi konsert proqramında o cümlədən Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirovun Nizaminin əsərlərinə bəstələnmiş sonataları tamaşaçıların diqqətinə çatdırılıb.

Almaniyada yaşayan azərbaycanlı musiqiçi Anar Bramonun bəstələdiyi və ilk dəfə sözügedən konsertdə ifa edilən “Şuşa” mahnısı tamaşaçıların gurultulu alqışları ilə qarşılanıb.

Sonda tədbir iştirakçılarına ziyafət verilib.

Tədbirdə Almaniya Bundestaqının, Xarici İşlər Nazirliyinin və digər hökumət qurumlarının əməkdaşları, siyasi, elmi və mədəni dairələrin, KİV-lərin, Almaniyada akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin və Azərbaycan diasporunun təmsilçiləri iştirak ediblər.

Berlin, 14 oktyabr 2021-ci il


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki