Yanvarın 5-də AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin sədrliyi ilə cari ildə Akademiyanın qarşısında duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib.
AMEA-nın Rəyasət Heyəti üzvlərinin iştirakı ilə keçirilən tədbirdə akademik İsa Həbibbəyli müzakirəyə çıxarılan məsələlərdən danışıb.
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Heydər Əliyev İli” elan olunmuş 2023-cü ilin ölkəmizin ictimai-siyasi həyatı baxımından mühüm əhəmiyyət daşıdığını söyləyən akademik İsa Həbibbəyli qeyd edib ki, “Heydər Əliyev İli” çərçivəsində Akademiyada həyata keçiriləcək tədbirlərlə bağlı AMEA-nın Rəyasət Heyətinin üç iclasında müzakirələr aparılıb, keçiriləcək elmi konfranslar və çap ediləcək nəşrlərlə bağlı müvafiq qərarlar qəbul edilib. AMEA prezidenti diqqətə çatdırıb ki, ilk növbədə respublika üzrə həyata keçiriləcək elmi konfranslar və hazırlanacaq nəşrlər müzakirə olunaraq aidiyyəti dövlət qurumlarına təqdim olunub. AMEA rəhbəri bildirib ki, sözügedən tədbirlər içərisində Ulu Öndər Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illik yubileyləri münasibətilə Azərbaycan-Türkiyə birgə beynəlxalq elmi konfransın keçirilməsi də əksini tapıb.
Akademiyanın tabeliyində olan və əhatə etdiyi elmi müəssisə və təşkilatlarda qarşıdakı həftədən etibarən “Heydər Əliyev İli” ilə əlaqədar tədbirlərin keçirilməsinin müəyyən olunduğunu bildirən AMEA-nın prezidenti bu qəbildən olan silsilə tədbirlərin Akademiyanın regionlardakı elmi bölmələrində və mərkəzlərində də təşkil olunacağını nəzərə çatdırıb. Qeyd olunub ki, “Heydər Əliyev İli” çərçivəsində keçiriləcək tədbirlər və nəşr ediləcək elmi əsərlər Heydər Əliyev epoxasının reallıqlarını və ideallarını cəmiyyətə çatdırmaqla bərabər, həm də müstəqil Azərbaycan dövlətinin müasir mərhələsinin möhtəşəm nailiyyətlərinin elmi əsaslarla əks etdirilməsini də əhatə etməlidir.
Tədbirdə Akademiya rəhbəri, həmçinin AMEA-da 2023-cü ildə keçiriləcək struktur islahatları və diqqət mərkəzinə çəkilməsi əhəmiyyətli olan elmi problemlər haqqında da tapşırıqlar verib. Akademiyada elektron sənəd dövriyyəsinə keçid, problem şuralarının fəaliyyətinin optimallaşdırılması, yekun elmi hesabatların müzakirələrinin miqyasının genişləndirilməsi və sair kimi məsələlər ətrafında da müzakirələr aparılıb.
Müşavirədə AMEA Rəyasət Heyətinin üzvləri müzakirəyə çıxarılan məsələlər ətrafında fikir və mülahizələrini bildiriblər.
AMEA Rəyasət Heyəti aparatının
Media və informasiya şöbəsi