image-1624867576179422598_1000x669backend

Adil Əliyev: Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü və ən hazırlıqlı ordularından biridir

image-reklam_sirab_01

Vətən müharibəsi tarixi Qələbəmizlə bitdikdən sonra işğaldan azad olunmuş ərazilərimizə böyük qayıdışla əlaqədar geniş fəaliyyət planı təsdiq edildi. Təəssüf ki, Ermənistan 30 illik işğal müddətində ərazilərimizi tamamilə məhv edərək yararsız hala salıblar. Məhz buna görə bu gün beynəlxalq jurnalistlər Ağdamı “Qafqazın Xirosiması” adlandırırlar. Torpaqlarımızın 30 il davam edən işğalına Birləşmiş Millətlər Təşkilatının, habelə digər beynəlxalq təşkilatların səssiz qalması isə digər bir faciə idi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev deyib.

A.Əliyev bildirib ki, əzəli və əbədi torpaqlarımızın Ermənistan tərəfindən işğalından sonra bir milyondan çox azərbaycanlı dədə-baba torpaqlarını tərk edərək, məcburi köçkünə çevrilmiş və ölkəmizin ayrı-ayrı bölgələrində çətin şəraitdə yaşamağa məcbur olmuşdur. Birləşmiş Millətlər Təşkilatının Ermənistanın işğalçı siyasətini qınayan və işğalçı qüvvələrin ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələr qəbul etməsinə baxmayaraq, Ermənistan tərəfi 30 il ərzində bu sənədlərə məhəl qoymayıb. Ermənistanın qətnamənin tələblərini yerinə yetirməməsi, ilk növbədə, hamılıqla qəbul edilmiş beynəlxalq hüququn tələblərinə zidd olmaqla yanaşı, həm də həmin qətnamələrin qəbul edən beynəlxalq təşkilatlara hörmətsizlik idi. Lakin icrası məcburi olan Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirmədiyi üçün Ermənistana heç kəs təzyiq etmədi. Ölkəmiz ərazi bütövlüyünü özü təmin etməyənədək sanki bizdən başqa heç kim bunun üçün tələsmirdi və o zaman bu, göstərirdi ki, vəziyyətin sülh yolu ilə həlli artıq mümkünsüzdür. Belə ki, münaqişənin tənzimlənməsi məqsədilə mandat almış həmsədr dövlətlərin nümayəndələri bilirdilər ki, Ermənistanın irəli sürdüyü şərtlər qəbuledilməzdir. Belə olan halda, Ermənistanın təklifləri yalnız münaqişənin həllinin qeyri-müəyyən müddətə uzadılması məqsədi daşıyırdı ki, bu da həm dövlətimizin başçısına, həm də həmsədrlərə məlum idi.

Ermənistanın hərbi təcavüzünə dinc yolla son qoymağın mümkün olmamasının münaqişənin müharibə yollu ilə həllini qaçılmaz etdiyini söyləyən deputat vurğulayıb ki, işğalla yanaşı, Ermənistanın törətdiyi ardıcıl təxribatlar müharibəni labüdləşdirirdi. Ermənistan düşünmürdü ki, Azərbaycan artıq bu müharibəyə hazırdır və törətdikləri hər bir təxribatın cavabını layiqli şəkildə verəcək. Ölkəmizdə ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş ordu quruculuğu prosesini uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Silahlı Qüvvələrimizi dünyanın ən qüdrətli orduları sırasına yüksəltdi. Ordu quruculuğuna göstərilən diqqət və qayğı sayəsində Silahlı Qüvvələrimiz müasir silah-sursatla təmin edildi, şəxsi heyətin döyüş hazırlığının artırılması, hərbi qulluqçularımızın peşəkar kadr kimi yetişdirilməsi məqsədilə təlimlərin keçirilməsi, xarici ölkələrdə kurslara göndərilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi nəticəsində bu gün rəşadətli Azərbaycan Ordusu formalaşdı. Vətən müharibəsində Ordumuzun döyüş meydanında göstərdiyi şücaət, hərbi qulluqçularımızın qəhrəmanlıqları, düşmənə vurulan məhvedici zərbələr öz bəhrəsini verdi. Vətən müharibəsində Ermənistan ordusu tam məhv edilərək, sıradan çıxarıldı. Təkcə müharibə dövründə on minlərlə erməni fərarilik edərək döyüş meydanından qaçdı və nəticədə bu gün artıq Ermənistan ordusu yoxdur. Ermənistan ordusunun silah arsenalı məhv edilib və ya qənimət olaraq götürülüb.

“Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü və hazırlıqlı ordularından biridir. Məhz bu müzəffər Ordumuzun qarşısında tab gətirə bilməyən Ermənistanın döyüş meydanındakı biabırçı məğlubiyyəti diplomatik masada da davam etdi və düşmən Şuşanın işğalından dərhal sonra düşmən kapitulyasiya aktını imzalayaraq digər ərazilərimizi boşaltdı”, – deyən Milli Məclis sədrinin müavini əlavə edib ki, Ermənistanın törətdiyi təcavüz və qırğınlarla bağlı beynəlxalq ictimaiyyətlə ciddi iş aparılıb, bu vəhşiliklər beynəlxalq aləmin diqqətinə çatdırılıb. Məhz bu səbəbdən bir çox ölkələr, xüsusilə Türkiyə və Pakistan ölkəmizin haqlı mövqeyini dəstəklədilər, beynəlxalq təşkilatlar ölkəmizin ərazi bütövlüyü ilə bağlı sənədlər qəbul etdilər.

Adil Əliyev qeyd edib ki, Ermənistanın döyüş meydanındakı məğlubiyyəti həm də işğalçı ölkədə xaosu dərinləşdirdi. Onsuz da Ermənistan uzun illərdir ki, iqtisadiyyatı məhv olmuş və xarici ölkələrdən asılı, habelə diaspor yardımları hesabına yaşayan dövlət idi. Bunun əksinə olaraq, ölkəmizin iqtisadiyyatı gündən-günə artıb və Azərbaycan Cənubi Qafqazda ən böyük iqtisadiyyata malik ölkəyə çevrilib. İndi Azərbaycan donor ölkədir, beynəlxalq təşkilatlara yardım göstərir.

“Vətən müharibəsi bitdikdən sonra azad edilmiş ərazilərin bərpası ilə yanaşı, ordu quruculuğu da hər zaman diqqət mərkəzindədir. Dövlətimizin başçısını tapşırığına əsasən, qalib Ordumuzun döyüş hazırlığının daha da yüksəldilməsi, gücünün və qüdrətinin daha da artırılması istiqamətində zəruri addımlar atılır”, – deyə A.Əliyev qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki