image-1backend

Adil Hüseynov: “Millinin baş məşqçisi də milli olmalıdır”

image-reklam_sirab_01

“Bu gün ölkə rəhbərliyi tərəfindən futbola və ümumiyyətlə idmana göstərilən diqqət və qayğı yüksək səviyyədədir. Bunun nəticəsi kimi bu gün bizim idmançılar müxtəlif idman yarışlarda iştirak edir və gözəl nəticələr qazanırlar”.

Bunu Vətəninfo.az-a futbol veteranı Adil Hüseynov deyib.

Ötən əsrin 70-ci illərində “Neftçi”, Naxçıvanın “Araz” və başqa klublarda müxtəlif məşqçilərin rəhbərliyi altında çıxış edən sabiq futbolçu ölkə idmanının indiki durumundan danışıb: “Bir çox dünya şöhrətli turnirlərin Azərbaycanda keçirilməsi isə ümumiyyətlə ənənə halını alıb. Hesab edirəm ki, indiki gənclər, idmançılar özlərini xoşbəxt hiss etməlidirlər. Ona görə ki, onlar bizdən fərqli, iqtisadiyyatı güclü, bütün dünyaya sözünü demiş Azərbaycanda idmanla məşğuldurlar. Bəlkə də bu gün çox nadir ölkələrdən biriyik ki, dövlət tərəfindən idmana bu qədər dəstək verilir. Sözsüz ki, bizim zamanda bütün bunlar yox idi”.

Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki UNEC), Azərbaycan Dövlət bədən tərbiyəsi İnstitutunu (indiki “İdman Akademiyası”) bitirib, Moskvada dissertasiya müdafiə edərək iqtisadi elmləri namizədi alimlik dərəcəsi alan veteran yığmamızın baş məşqçisinin yerli və ya əcnəbi mütəxəssis olmasına da münasibət bildirib: “Bildiyimiz kimi, milli komanda mütləq ən yaxşı futbolçulardan ibarət olmalıdır. Yığmaya seçimi komandanın baş məşqçisi həyata keçirir. Fikrimcə, hazırda milli komandanın baş məşqçisinin də milli – Azərbaycan Respublikasının vətəndaşı olması arzuediləndir”.

Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının vitse-prezidenti və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti, Bakı şəhəri Nərimanov rayon bələdiyyəsinin üzvü olan Hüseynov fikirlərini də əsaslandırıb: “Mən bu gün futbolumuzda gedən prosesləri yaxından izləyirəm və bildiyim qədərilə AFFA ölkənin milli komandasının baş məşqçisi problemini həll etməli olacaq. Baş məşqçiliyə namizədin seçilməsi üçün işçi qrupu da yaradılıb. Sirr deyil ki, 2008-ci ildən başlayaraq 2023-cü ilin sonlarına qədər ayrı-ayrı əcnəbi məşqçilərin milli komandaya rəhbərliyi zamanı komandanın əldə etdiyi nəticələrdən məlum oldu ki, onlar bizim yerli mütəxəssislərdən heç də üstün deyil”.

O bildirib ki, əcnəbi mütəxəssis əlavə maliyyə xərcləridir: “Ümumiyyətlə, əcnəbi məşqçi milli komandaya rəhbərlik etməzdən əvvəl həmin ölkənin futbolu ilə yaxından tanış olmalıdır. O, vəziyyəti mütəmadi izləməlidir, bütün futbolçuların imkanlarından xəbərdar olmalıdır. Dəvət olunan əcnəbi məşqçilər bizim milli çempionatımız haqqında praktiki olaraq heç nə bilmirlər. Yerli futbolçularla ünsiyyət yaratmaq üçün onlar mütləq Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə də bələd olmalıdırlar. Lakin onlar buna maraq göstərmirlər. Bundan əlavə, yüksək maaş müqabilində dəvət olunan baş məşqçi özü bir yana, köməkçilərini də, bir qayda olaraq, xaricdən gətirir və istər-istəməz burada əlavə maliyyə xərcləri ortaya çıxır. Ola bilər ki, mənə məlum olmayan başqa məqamlar da var, mən yuxarıda qeyd edilənlərlə kifayətlənirəm”.

Hüseynov bu vəzifəyə öz namizədini də irəli sürüb: “Azərbaycanda hazırda çox sayda istedadlı, bacarıqlı məşqçi var və onların arasında ən təcrübəli və nüfuzlusu milli komandanın baş məşqçisi seçilməlidir. Razılaşaq ki, Qurban Qurbanovun bu vəzifəyə təyin edilməsi daha ədalətli olardı. Uzun illərdir ki, o, özünü təcrübəli, nüfuzlu və uğurlu məşqçi kimi göstərib. Qurbanovun xeyrinə arqumentdən biri də onun özünəməxsus oyun fəlsəfəsidir. O, millidə öz tələblərini izah etməyə vaxt itirməyəcək. Qurbanov millinin əksər oyunçularını “Qarabağ”dakı məşq və oyunlardan tanıyır. Ondan əlavə, Qurbanovun gücü həmfikirlərlə əhatə olunmasıdır. Onun milli komandanın heyəti ilə bağlı hər hansı problem yaşayacağını düşünmürəm. Onu düşünürəm ki, uzun illər çəkdiyi zəhmətlə “Qarabağ”a uğur gətirən məşqçini komandanın rəhbərliyi əldən verməz. Buna görə də, kompromis variant kimi, hər iki vəzifəni – həm milli, həm də “Qarabağ”ın baş məşqçisi vəzifələrinin icrasını Qurban Qurbanova təklif etmək olardı. Təbii ki, bu ağır yükdür, lakin vətənpərvər, öz işinin öhdəsindən uğurla gələn və təvazökar bir insana, istedadlı məşqçiyə bu şansı vermək lazımdır. Bu məsələnin həllində ölkənin idman rəhbərliyinin də köməyinə ehtiyac duyulur”.

Futbol veteranı Qurban Qurbanovla şəxsi tanışlığının olmamasını da qeyd edib: “İnanıram ki, daxili çempionatda bu iki vəzifəni icra edən məşqçiyə qarşı bütün rəqib komandaların oyunçuları əlavə motivasiya ilə oynayacaqlar və onlar millidə yer almağa layiq olduqlarını sübut etməyə çalışacaqlar. Hər bir halda millinin baş məşqçisinin namizədin seçilməsində son söz AFFA-nın İcraiyyə Komitəsinindir”.

O qeyd edib ki, Qurban Qurbanovla şəxsi tanışlığı və hansısa münasibətim yoxdur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image