Oktyabrın 8-də AMEA-nın Rəyasət Heyətində Azərbaycan Milli Elmlər Akademiyası və AR Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə görkəmli alim və cərrah, ictimai-siyasi xadim, tibb elmləri doktoru, akademik Mustafa Topçubaşovun anadan olmasının 130 illiyinə həsr edilmiş yubiley tədbiri keçirilib.
Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AR səhiyyə naziri Teymur Musayev, AR Milli Məclisinin Səhiyyə Komitəsinin sədri akademik Əhliman Əmiraslanov, AR Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin Baş direktoru akademik Cəmil Əliyev, Xalq rəssamı akademik Ömər Eldarov, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli, SEBA Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının sədri Ruhəngiz Heydərova, AMEA-nın Rəyasət Heyətinin üzvləri, AMEA-nın Rəyasət Heyəti aparatının şöbə müdirləri, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin üzvləri, AMEA-nın və Elm və Təhsil Nazirliyinin bir sıra elmi müəssisələrinin direktorları, Azərbaycan Tibb Universitetinin, Mərkəzi Klinikanın və M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin nümayəndələri, həmçinin akademik Mustafa Topçubaşovun ailə üzvləri iştirak ediblər.
Əvvəlcə konfrans iştirakçıları Fəxri Xiyabanda Mustafa Topçubaşovun məzarını ziyarət edib, xatirəsini ehtiramla yad ediblər.
Daha sonra AMEA-nın Rəyasət Heyətinin binasında akademik Mustafa Topçubaşovun həyat və fəaliyyətini əks etdirən rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib.
Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli ölkə Prezidenti İlham Əliyevin “Akademik Mustafa Topçubaşovun 130 illiyinin qeyd edilməsi haqqında” Sərəncamından irəli gələrək Azərbaycan Milli Elmlər Akademiyası və AR Səhiyyə Nazirliyinin birgə tədbirlər həyata keçirdiyini söyləyib. Qeyd edib ki, ilkin olaraq iyul ayında hər iki qurumun birgə təşkilatçılığı ilə elmi konfrans keçirilib, bu günlərdə isə Səhiyyə Nazirliyi tərəfindən beynəlxalq elmi-praktik konfrans baş tutub. Həmçinin Tədbirlər planına uyğun olaraq, AMEA tərəfindən akademik Mustafa Topçubaşovun biblioqrafiyasının yenidən nəşr edildiyini diqqətə çatdırıb.
Mustafa Topçubaşovun qeyri-adi fitri istedada malik insan olduğunu deyən akademik İsa Həbibbəyli onun böyük nüfuza malik, xalqın inandığı, təbabətin bütün sirlərini bilən və bir çox istiqamətdə fəaliyyət göstərən, cərrahiyyənin loğmanı olduğunu deyib. Bildirib ki, praktiki cərrahlıq elmi məktəbinin yaradıcısı kimi alimin nailiyyətləri ona Azərbaycanda, həm keçmiş SSRİ-də, həm də dünya səviyyəsində böyük şöhrət qazandırıb.
Mustafa Topçubaşovun praktiki cərrahiyyə fəaliyyəti ilə yanaşı, həm də elmi tədqiqatlarla dərindən məşğul olduğunu deyən AMEA rəhbəri alimin beş cildlik “Xüsusi cərrahlıq” kitabının bu gün də ali təhsil müəssisələrində tələbələrin dərs vəsaiti kimi istifadə edildiyini bildirib.
Akademik Mustafa Topçubaşovun elmi-təşkilati fəaliyyətindən danışan akademik İsa Həbibbəyli bildirib ki, o, 1945-ci ildə AMEA-nın təsisçilərindən biri olub və akademik seçilib, Biologiya Elmləri Bölməsinin akademik-katibi, Azərbaycan SSR EA-nın vitse-prezidenti vəzifələrində çalışıb. Həmçinin Mustafa Topçubaşovun həyatını tibb elminə həsr edərək 50 ilə yaxın bir müddətdə Azərbaycan Tibb Universitetinin cərrahiyyə kafedrasının müdiri kimi peşəkar kadrların hazırlanmasında müstəsna xidmətləri olduğunu diqqətə çatdırıb.
Alimin Azərbaycan SSR Ali Sovetinin sədri və üzvü kimi ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etdiyini deyən akademik İsa Həbibbəyli qeyd edib ki, xaraktercə sülhsevər, insani dəyərləri yüksək olan alim həm də Respublika Sülhü Müdafiə Komitəsinin sədri olub.
AMEA rəhbəri görkəmli alimin yubileyinin qeyd olunmasının həm də Akademiyanın 80 illiyi çərçivəsində keçirilən silsilə tədbirlərə töhfə olduğunu deyib.
Sonra Mustafa Topçubaşovun həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən AR səhiyyə naziri Teymur Musayev qeyd edib ki, akademik Mustafa Topçubaşov təkcə öz dövrünün deyil, Azərbaycan səhiyyə və tibb elminin tarixində adı əbədi həkk olunmuş alimdir. O qeyd edib ki, Mustafa Topçubaşov dövrün elm mərkəzlərindən sayılan Kiyev Universitetinin tibb fakültəsini bitirmiş, intensiv praktik fəaliyyəti ilə elmi araşdırmalara böyük maraq göstərmişdir. Onun uzun müddət cərrahi ağrısızlaşdırma problemi üzərində işlədiyini deyən Teymur Musayev bildirib ki, bu sahədə apardığı elmi axtarışlar Mustafa bəyə 1938-ci ildə cərrahlıq praktikasına yeni, nisbətən təhlükəsiz keyləşdirmə metodonu – inyeksion efir-yağ narkozunu daxil etməyə imkan vermişdir.
“1945-ci ildə SSRİ Xalq Səhiyyə Komissarlığının Elmi-Tibbi Şurasının Farmakologiya Komitəsinin iclasında efir-yağ qarışığının “Analgezin” adı altında istehsal edilməsinə icazə verilmişdir. Bu metodun kəşfi və tətbiqi ilə əlaqədar olaraq A.Vişnevski adına mükafata və diploma layiq görülmüşdür. Hərbi-səhra cərrahlığının aktual problemlərindən olan insan bədəninə daxil olmuş metal yad cismin lokalizasiyası və onun xaric edilməsi problemi üzərində çalışan alimin konstruksiya etdiyi stereoskop aparatı portativliyinə və yad cismin lokalizasiyasını dəqiq təyinetmə imkanına görə müvəffəqiyyətlə təcrübədə tətbiq edilib”, – deyə nazir diqqətə çatdırıb.
Teymur Musayev vurğulayıb ki, onun tibb elmində irəli sürdüyü yeniliklərdən biri də borulu sümüklərin sınıqlarının təxirəsalınmaz osteosintezi üsuludur. Eyni zamanda, Topçubaşov dalaq, qaraciyər, böyrək, böyrəküstü vəz kimi həyati orqanlara abdomino-diafraqmal və bel-diafraqmal yollarla müdaxilənin müəllifi olaraq, urologiya, travmatologiya, neyrocərrahiyyə, abdominal və torakal cərrahiyyə sahələrində mühüm yeniliklərə imza atmışdır.
Mustafa Topçubaşovun genişmiqyaslı elmi-pedaqoji fəaliyyətlə də məşğul olduğunu və yüksəkixtisaslı həkim kadrların hazırlanmasında böyük xidmətlər göstərdiyini deyən nazir onun layihəsi üzrə kafedrada tələbələrə cərrahi müdaxilənin bütün gedişatını izləməyə imkan verən operasiyon – auditoriyanın təşkil edildiyini vurğulayıb. Bildirib ki, onun qələmə aldığı beş cildlik “Xüsusi cərrahlıq” dərsliyi faktiki materiallar, elmi əsaslandırmalar və əhatəli təsvirləri ilə elmi ictimaiyyətin diqqətini cəlb etmişdir.
“Mustafa Topçubaşovun xatirəsini əbədiləşdirmək üçün Bakı şəhərində və bölgələrdə küçələr onun adı ilə adlandırılıb. Haqqında filmlər çəkilib, adına poçt markası buraxılıb. Bakıda onilliklər boyu əhaliyə yüksək keyfiyyətli tibb xidməti göstərən Elmi Cərrahiyyə Mərkəzi onun adını daşıyır. Səhiyyə Nazirliyinin akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin əsaslı təmirdən və yenidənqurmadan sonra açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak etmişlər. Topçubaşovun ömür yolu bu gün cərrahlığı məslək seçən, cərrahiyyə elmini həyat yolu seçən gənc nəsil üçün böyük alimlik və insanlıq məktəbidir. Həkimlik peşəsini özünə əqidə seçən hər bir kəs ömründə bircə dəfə də olsun Mustafa bəylə çiyin-çiyinə durmaq, elmi təfəkküründən bir zərrə alıb parlamaq arzusunda olmuşdur”, – deyə Teymur Musayev qeyd edib.
Nazir dünya tibb elminin inkişafında əvəzsiz rol oynamış akademik Mustafa Topçubaşovun zəngin irsinin və əziz xatirəsinin ölkəmizin ictimaiyyəti tərəfindən daim hörmət və minnətdarlıqla yad edildiyini bildirib.
Sonra çıxış edən AR Milli Məclisinin Səhiyyə Komitəsinin sədri akademik Əhliman Əmiraslanov qeyd edib ki, Azərbaycan xalqını dünyada tanıdan, şöhrət gətirən insanların yubileylərinin keçirilməsi gözəl ənənəyə çevrilib və bu ənənənin əsasını Ulu Öndər Heydər Əliyev qoyub və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin Sərəncamı ilə Mustafa Topçubaşovun 130 illik yubileyinin dövlət səviyyəsində qeyd olunduğunu deyən Əhliman Əmiraslanov bidirib ki, alimin həyatına nəzər saldıqda “ilk olaraq”, “ilk dəfə” sözlərinin onunla xarakterizə edildiyinin şahidi oluruq. Natiq diqqətə çatdırıb ki, Topçubaşov Kiyev Universitetinin Tibb fakültəsində təhsil almış ilk azərbaycanlı alim, ilk milli azərbaycanlı cərrah, BDU-nun Tibb fakültəsində cərrahiyyəni tədris edən və kafedra müdiri olan ilk azərbaycanlı şəxsdir: “Topçubaşov müharibə dövründə ilk dəfə ixtisaslı hospital təşkil etmiş, soydaşlarımızı xilas etmişdir. Həmçinin İlk “Stalin” mükafatını alan ilk azərbaycanlı həkimdir”.
Onun geniş və çoxşaxəli fəaliyyətində İrəvan mühitinin böyük rolu olduğunu deyən Əhliman Əmiraslanov İrəvan Kişi Gimnazisyasının bir çox tanınmış xadimlərimizi – Əziz Əliyev, Heydər Hüseynov, Əhməd Rəcəbov, Səid Rüstəmov, Həsən Seyidov və başqalarını yetişdirdiyini bildirib.
Alimlə bağlı xatirələrini bölüşən akademik Əhliman Əmiraslanov bildirib ki, Topçubaşov böyük elmi məktəb yaradıb və onun yetirmələri bu gün də Azərbaycan cərrahiyyəsinə öz töhfələrini verirlər.
Daha sonra AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova “Akademik Mustafa Topçubaşovun elmi və elmi-təşkilati fəaliyyəti haqqında” məruzə ilə çıxış edib. Qeyd edib ki, Mustafa Topçubaşov ali təhsilini Kiyev Universitetinin Tibb fakültəsində alıb və Azərbaycana qayıdaraq bir müddət Bakı Dövlət Universitetində çalışıb. Alimin milli səhiyyə sisteminin qurulmasındakı tarixi xidmətlərinə toxunan akademik İradə Hüseynova bildirib ki, o, 1926-cı ildə Almaniyaya təcrübəkeçməyə göndərilib, daha sonra ölkəmizə qayıtdıqdan sonra əldə etdiyi təcrübə əsasında Bakıda ilk elmi-metodik mərkəz yaradıb.
Həmçinin diqqətə çatdırıb ki, Mustafa Topçubaşov cərrahi ağrısızlaşdırma problemi üzrə apardığı tədqiqatlarla 1937-ci ildə nisbətən təhlükəsiz keyləşdirmə metodunu – “Analgezin” adlanan inyeksion efir-yağ narkozunu kəşf edib. Akademik İradə Hüseynova vurğulayıb ki, bu metod sadəliyinə, hazırlanma və tətbiq texnikasının asanlığına, narkoz zamanı rast gəlinən bir sıra mənfi halların – dərin narkoz yuxusunun, qanda narkotik maddələrin yüksək konsentrasiyada toplanmasının və s. aradan qaldırılmasına imkan verdiyinə görə, cərrahlar tərəfindən geniş tətbiq edilib.
Təklif edilən efir-yağ qarışığı inyeksiyalarından həm də öddaşı xəstəliyinin sancıları, travmatik şok, tetanus, qıcolma halları zamanı müalicə və eləcə də doğuş proseslərində ağrısızlaşdırma vasitəsi kimi istifadə olunmuşdur. Məruzəçi diqqətə çatdırıb ki, efir-yağ qarışığının “Analgezin” adı altında istehsal edilməsinə 1945-ci ildə SSRİ Xalq Səhiyyə Komissarlığı tərəfindən icazə verilib.
Akademik İradə Hüseynova, həmçinin alimin Böyük Vətən Müharibəsi və ondan sonrakı illərdə, eləcə də Azərbaycan Elmlər Akademiyasında, elmi-pedaqoji və kadr hazırlığında və ictimai-siyasi fəaliyyətində tarixi xidmətlərindən danışıb.
Tədbirdə, həmçinin Azərbaycan Tibb Universitetinin rektoru professor Gəray Gəraybəyli, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli və ATU-nun akademik M.Topçubaşov adına III Cərrahi xəstəliklər kafedrasının doktorantı Hilalə Abbasova çıxış edərək akademik Mustafa Topçubaşovun Azərbaycan tibb elminə, səhiyyəsinə, yüksəkixtisaslı kadr hazırlığı işinə verdiyi töhfələrdən danışıblar.
Sonda Topçubaşovlar ailəsi adından oğlu, Mərkəzi Klinikanın baş direktorunun müavini Əməkdar həkim Ceyhun Topçubaşov çıxış edərək atasının xatirəsinə göstərilən ehtirama görə dövlət başçısına, həmçinin tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.