image-reklam-veteninfo
image-1backend

AMEA-da “Vətən müharibəsində tarixi hünər: Zəfər diskursu” mövzusunda konfrans keçirilib

image-reklam-veteninfo

Sentyabrın 26-da AMEA-da “Vətən müharibəsində tarixi hünər: Zəfər diskursu” mövzusunda konfrans keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ərazi bütövlüyümüz uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş nitqi ilə açan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli artıq beşinci ildir ki, 27 sentyabrın Azərbaycanda Anım Günü kimi qeyd edildiyini vurğulayıb. O qeyd edib ki, bu tarixi gün 44 günlük Vətən müharibəsində igidliklə döyüşərək ölkəmizin işğala məruz qalmış ərazilərinin azad edilməsi yolunda şəhid olmuş əsgər və zabitlərimizə dərin ehtiramın ifadəsidir.

Akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, Vətən müharibəsi son yüz ilin ən qısa və uğurlu qalibiyyətlə bitən müharibəsidir. Bu Zəfər həm respublika, həm də beynəlxalq miqyasda Azərbaycanın strateji mövqelərinin güclənməsinə, regional sabitliyin təmin olunmasına və həmrəyliyin qorunmasına xidmət edir.

AMEA rəhbəri qeyd edib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev müdrik rəhbərliyi ilə rəşadətli ordumuzun və xalqımızın sarsılmaz birliyi nəticəsində doğma Qarabağımızı düşmən işğalından azad etməklə həm də Ulu Öndər Heydər Əliyevin arzusunu şərəflə yerinə yetirib.

Akademik İsa Həbibbəyli əlavə edib ki, bu müharibə hərb tarixində ən ədalətli müharibə kimi qəbul olunur və Vətən müharibəsində əldə olunan tarixi Zəfər beynəlxalq hüququn aliliyi, ərazi bütövlüyünün qorunması və ölkəmizin beynəlxalq mövqelərinin möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyevin Vaşinqton səfərinə toxunaraq imzalanmış Birgə Bəyannamənin tarixi əhəmiyyətini və regional əməkdaşlıq üçün açdığı yeni perspektivləri xüsusi vurğulayan akademik İsa Həbibbəyli qeyd edib ki, Birgə Bəyannamə regionda sülhün və dayanıqlı sabitliyin təmin olunması istiqamətində mühüm addım kimi qiymətləndirilir. Sənəd ölkələr arasında qarşılıqlı etimadın möhkəmlənməsinə və danışıqlar prosesinin yeni mərhələyə qədəm qoymasına zəmin yaradır.

Konfrans məruzələrlə davam edib.

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadə “Prezident İlham Əliyevin Vətən müharibəsində tarixi Zəfəri: siyasi-ideoloji baxış və strateji hədəflər” mövzusunda məruzə edib. Alim Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərin siyasi və ideoloji aspektlərini təhlil edib. Bu uğurun Azərbaycanın strateji hədəflərinə necə xidmət etdiyini vurğulayıb. Zəfərin milli həmrəylik və dövlətçilik ideyalarının inkişafında oynadığı rolu diqqətə çatdırıb. Eyni zamanda, məruzəsində Vətən müharibəsinin Azərbaycan diplomatiyası və beynəlxalq münasibətlər sistemində yaratdığı yeni imkanları qeyd edib. Azərbaycanın milli maraqlarının qorunmasında və ölkənin beynəlxalq mövqelərinin güclənməsində Prezident İlham Əliyevin liderliyinin əhəmiyyətini xüsusi vurğulayıb.

AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Günel Musayeva “Böyük Zəfərin start nöqtəsi – 27 sentyabr: tarix və müasirlik” mövzulu məruzəsində BMT qətnamələrinin tələblərinə Ermənistanın əməl etməkdən boyun qaçırmasının regional sabitliyə və sülh prosesinə yaratdığı mənfi təsirlərdən danışıb. Alim, həmçinin 27 sentyabrın Azərbaycan üçün tarixi dönüş nöqtəsi olduğunu və bu hadisənin müasir dövlətçilik strategiyasında əhəmiyyətli rol oynadığını qeyd edib. Ölkəmizin 27 sentyabr hadisələrindən sonra həm hərbi, həm də diplomatik sahədə əldə etdiyi uğurların Azərbaycanın mövqelərini gücləndirdiyini bildirib.

AMEA-nın Arxeologiya və Etnologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Pərviz Qasımov institutun azad edilmiş ərazilərdə apardığı arxeoloji və antropoloji tədqiqatlara dair təqdimatla çıxış edib. O, bu ərazilərdə ilk dəfə genişmiqyaslı radiokarbon analizlərinin həyata keçirildiyini, abidələrin xronologiyasının dəqiqləşdirildiyini qeyd edərək, Üzərliktəpə və Ağdam İmarət Kompleksində aparılan tədqiqatların maddi-mədəniyyət nümunələrinin öyrənilməsində mühüm nəticələr əldə etməyə imkan yaratdığını deyib. Qeyd edib ki, Azıx və Tağlar mağaralarında beynəlxalq tədqiqatlar aparılıb və bu işlər regionun həmin dövr maddi-mədəniyyəti barədə əhəmiyyətli məlumatlar təqdim edib. Məruzədə həmçinin məhkəmə arxeologiyası istiqamətində görülən işlərdə respublikanın müvafiq orqanları ilə müştərək fəaliyyətin əhəmiyyəti vurğulanıb, bütün bu tədbirlərin azad edilmiş ərazilərin tarixi irsinin öyrənilməsi və qorunması sahəsində önəmli addımlar olduğu qeyd edilib.

Konfransda AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Asif Rüstəmli “Tarixin və Zəfərin 44 anı” mövzusunda çıxış edərək Vətən müharibəsinin tarixi və mənəvi əhəmiyyətini, həmçinin bu Zəfərin Azərbaycan ədəbiyyatında və milli yaddaşda əks olunduğunu qeyd edib.

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Məlahət Ağayeva isə “Azərbaycan teatrında Qarabağ mövzusu” məruzəsində teatr səhnəsində Qarabağ mövzusunun müxtəlif janrlarda və dövrlərdə necə əks olunduğunu, bu əsərlərin milli mədəniyyətin qorunmasında və ictimai şüurun formalaşmasında oynadığı rolu diqqətə çatdırıb.    Tədbirdə digər çıxış edənlər 27 sentyabr – Anım Gününün Azərbaycan xalqının qəhrəmanlıq tarixində xüsusi yerini və bu günün milli yaddaşda daim yaşadılmasının əhəmiyyətini qeyd ediblər.

image-1 image-2 image-3 image-4 image-5


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki