Çin, Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri banklarının ABŞ-ın ikinci dərəcəli sanksiyalarından ehtiyatlanmaları səbəbindən Rusiya şirkətlərinin xam neft və yanacaq ödənişlərində bir neçə aylıq gecikmələrlə üzləşməsi Kremli ciddi narahat etməyə başlayıb. Ödənişlə bağlı gecikmələr aylarla uzanıb. Bu isə Rusiyanın valyuta ehtiyatının tükənməsinə səbəb ola bilər. Çin, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyədəki bir sıra banklar ABŞ-ın sanksiyalarından ehtiyat edirlər. Banklar Rusiyaya pul köçürmək istəyən müştəriləri diqqətlə yoxlayır, onların ABŞ-ın sanksiya siyahılarında olub-olmadığını araşdırırlar.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov problemi etiraf edib. Peskovun sözlərinə görə, ABŞ və Avropa İttifaqının pul köçürmələriylə bağlı Çinə təzyiqi artıb. Maraqlıdır, Çin Rusiya ilə strateji tərəfdaşlığını gücləndirməsinə baxmayaraq, Pekin bu ölkəyə pul köçürmələrində Vaşinqtonun və Brüsselin qərarlarıyla hesablaşır.
Rusiya başqa problemlə də üzləşib. Rusiya pul köçürmələriylə bağlı üzləşdiyi çətinliklə yanaşı neft satışında da problemlərlə üzləşib. Hindistan Rusiyadan neft alışını xeyli azaldıb. Dehli Hindistanın neft emalı zavodlarının qərarlarına qarışmır. Hindistanın neft emalı zavodları neftin hansı ölkələrdən alınması məsələsində sərbəstdirlər. Görünür, Hindistanın neft emalı zavodları da Qərb ölkələrinin Rusiyaya qarşı həyata keçirdiyi sanksiyalarla hesablaşır. Rusiya öz neftini ucuz satmağa çalışsa da, Hindistan ərəb ölkələrindən neft alışının həcmini artırıb.
Beləliklə, Kremlin Ukraynaya qarşı işğalçı müharibəsi Rusiya iqtisadiyyatına ciddi problemlər yaradıb. Qərb ölkələri Ukrayna müharibəsinə görə Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə başladıqdan sonra Kreml Asiya bazarlarına üz tutdu. Asiya ölkələri Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmasalar da, Vaşinqton və Brüsselin sərt qərarlarıyla hesablaşmaq məcburiyyətində qalıblar. Çünki Çin və Hindistan Rusiyadan yanacaq və xammal məhsulları alsalar da, bu iki dövlətin əsas iqtisadi tərəfdaşları Qərbdədir.
“Atlas” Araşdırmalar Mərkəzi