image-varisbackend

Azərbaycan diasporunun dəstəyi ilə yazıçı Varisin romanı nəşr olunub

image-reklam_sirab_01

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin, habelə Türkiyə-Azərbaycan Dostluq, İşbirliyi və Dayanışma Vəqfının dəstəyi ilə Türkiyədə TADEV Yayınları nəşriyyatında yazıçı Varisin “Qızıl cib saatı” romanı nəşr olunub. Kitabın “Kitabyurdu”, “Kitab365.com” və digər platformalar üzərində satışına başlanılıb.

Dünya miqyasında erməni millətçiliyinin riyakar maskasını 1893-cü ildə Osmanlı imperiyasındakı xəyanət fəaliyyətindən tutmuş, 1993-cü ildə Qarabağdakı işğalçılıq fəaliyyətinədək yüz illik bir dövr ərzində aça biləcək “Qızıl cib saatı” romanı Britaniya, Türkiyə və Azərbaycan arxivlərinin materialları əsasında yazılan, sırf dünya oxucusuna ünvanlanmış bir romandır.

Tanınmış yazıçının bu bestseller-kitabı bədii duyğulandırma gücünə görə xüsusi maraq kəsb edir. Roman ermənilərin yüz il öncə Bakıda törətdikləri azərbaycanlı qırğınlarına tutulan güzgü, Qarabağ həqiqətlərini işıqlandıran zəngin mənbədir. Romanda təsvir edilən ana obrazı bütün Azərbaycan analarının ümumiləşmiş insanpərvər obrazıdır. Bu obraz əksər hallarda heç bir ədəbi-bədii bənzətmələrlə deyil, sadəcə, onun əməllərinin təsviri ilə ədəbi qəhrəmana çevrilir.

Roman Azərbaycanın haqq səsini dünyaya çatdırılması işinə yardımçı olacaq deyə onun müxtəlif dillərə tərcümə edilərək xarici ölkələrdə yayılması çox yaxşı olardı. Bu işdə ədəbiyyatın gücü digər güclərdən daha təsirlidir.

Kitab xaricdə yaşayan azərbaycanlılar üçün, xüsusən də Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olmasının əyani sübutu kimi tarixi əhəmiyyətə malikdir.

Kitabı Türkiyə türkcəsinə İmdat Avşar çevirib. Romanın digər xarici ölkələrdə də nəşri planlaşdırılıb. Kitabın Azərbaycan dilində oxucularla tanışlığı isə payız aylarında mümkün olacaq.

Müəllifə Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsi adından yeni-yeni yaradıcılıq uğurları arzu edirik.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki