image-img-20210716-wa0001backend

Azərbaycan dövləti daim şəhid ailələri və müharibə əlillərinin yanındadır

image-reklam_sirab_01

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük İkinci Qarabağ müharibəsində yüksək peşəkarlıqla apardığı işğaldan azadetmə əməliyyatı dünya üzrə müharibələrin aparılması doktrinasında öz layiqli yerini tutmaqdadır. Bu müharibə göstərdi ki, dövlətimizin başçısı İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olunmasının ən başlıca səbəbidir. Xalqımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində işğal altında olan bütün torpaqlarımızda Azərbaycan bayrağının dalğalanacağına əmin idi.
Dövlətimizin başçısı öz çıxışlarında dəfələrlə qeyd etmişdir ki, döyüşlərdə fədakarlıq göstərmiş şəhidlərin ailələri və qazilərimizin qayğıları hər zaman dövlətimizin diqqət mərkəzində olacaqdır. Bununla əlaqədar əməli tədbirlər həyata keçirilir. Belə ki, son illər ərzində bu sahədə çox böyük işlər görülüb. 10 min şəhid ailəsi və müharibə əlili dövlət tərəfindən mənzillərlə, fərdi evlərlə təmin olunub və bu proses davam edir. Təkcə 2020-ci ildə 1572 şəhid ailəsi və Qarabağ qazisi evlərlə, mənzillərlə təmin olunub. Bu il isə 3 minədək şəhid ailəsi, müharibə əlili evlərlə, mənzillərlə təmin ediləcək və bu yaşayış kompleksini də nəzərə almaq şərti ilə artıq bu kateqoriyadan olan 1300-dən çox ailə mənzillərlə təmin olunub. Bununla bərabər, uzun illərdir ki, Qarabağ qaziləri fərdi avtomobillərlə də təmin olunur, ümumilikdə 7200 avtomobil verilib.
Azərbaycanda aztəminatlı, ailə başçılarını itirən, məxsusi olaraq, şəhid və qazi ailələri, xüsusi qayğıya ehtiyacı olanlar dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar. Başqa sözlə, dövlətimiz tərəfindən xüsusi qayğıya ehtiyacı olan insanların sosial müdafiəsi yüksək səviyyədə təşkil edilir. Onu da diqqətə çatdıraq ki, Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə davamlı xarakter daşıyan yüksək dövlət qayğısının təməli xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndər Heydər Əliyev tərəfindən 1994-cü il avqust ayının 26-da imzalanan “Azərbaycan Respublikasını erməni təcavüzündən müdafiə edərkən əlil olmuş şəxslərin sosial müdafiəsinin yaxşılaşdırılması haqqında” Fərman müharibə əlillərinin sosial ehtiyaclarının ödənməsi istiqamətində atılan ilk addım olub. Həmin Fərmanın imzalanması ilə müharibə iştirakçılarının, əlillərinin sosial müdafiəsini gücləndirmək məqsədilə tədbirlərə start verilib və bu, cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Prezident İlham Əliyevin diqqət və qayğısının növbəti təzahürü olaraq, 14 iyul tarixində ölkə başçısının iştirakı ilə Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinin ailələri üçün yeni salınmış yaşayış kompleksinin təqdim edilməsi şəhid və qazilərin ailələrinin mənzil-yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlərin davamlılığını isbatlayır. Nəzərə alaq ki, 810 mənzildən ibarət yaşayış kompleksi elə həmin sayda da şəhid və qazi ailəsinin mənzil-yaşayış şəraitinin yaxşılaşdırılması deməkdir və əminik ki, bu, hələ davam edəcək. İşıqlı, geniş mənzilləri olan və şəhid, eləcə də qazi ailələrinə təqdim edilən yaşayış kompleksi üçün nəzərdə tutulan 620 nəfərlik məktəb, eləcə də uşaq baxçası da artıq istifadəyə, fəaliyyətə hazırdır. Bu isə ondan xəbər verir ki, şəhid və qazilərimizin ailələrinin rahat yaşamaları üçün təkcə mənzil deyil, bütün şərait və imkanlar yaradılıb. Əsil dövlət qayğısı məhz budur ki, onu ölkə rəhbəri xüsusən şəhid və qazilərin ailələrinə göstərir.
Bu gün dövlətin yardımı ilə şəhid ailələri və qazilərə sahibkarlıqla məşğul olmaq üçün lazımı vəsaitlər verilir, onların işlə təminatı məsələləri diqqət mərkəzində saxlanılır. Bu da Azərbaycan dövləti və Prezident İlham Əliyevin sosial siyasətinin əsas strateji prioritetlərindən biridir. Təsadüfi deyil ki, özəl sektorun inkişafı, sahibkarlıqla məşğul olanların fəaliyyəti üçün dövlət çox böyük işlər görüb. İndi də özəl sektor, sahibkarlar öz sosial məsuliyyətini göstərməlidirlər və göstərirlər. Məşğulluq marafonuna 200-dən çox sahibkar qoşulub və 160 qazi artıq işlə təmin olunub. Həmçinin özünüməşğulluq proqramına cəlb olunan 16 min nəfər arasında artıq 5 mindən çox şəhid ailələrinin üzvləri və müharibə əlilləri vardır.
Eyni zamanda ölkədə Reabilitasiya mərkəzlərinin şəbəkəsinin genişlənməsi nəzərdə tutulub. Artıq bir neçə reabilitasiya mərkəzi yaradılıb və yaralanmış hərbçilərimiz orada öz sağlamlıqlarını bərpa edirlər. Dövlətimiz bunu edir və bundan sonra da edəcəkdir. Bütün şəhid ailələri, Qarabağ qaziləri bilməlidirlər ki, Azərbaycan hökuməti daim onların yanındadır.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki