image-img-20210715-wa0032backend

Azərbaycan Qoşulmama Hərəkatında öz humanitar missiyasını məsuliyyətlə icra edir

image-reklam_sirab_01

Bu il Qoşulmama Hərəkatının yaradılmasının 60 illiyi qeyd olunur. Bu hərəkatının təməlində sülh, multilateralizm və qlobal həmrəyliyin möhkəmləndirilməsi dayanır. Dünyada baş verən mürəkkəb qlobal çətinliklər Hərəkatın aktuallıq və əhəmiyyətini daha da artırıb.
Artıq 10 ildir ki, Azərbaycan Respublikası Qoşulmama Hərəkatına üzv qəbul edilib. Qısa müddət ərzində ölkəmiz Hərəkatda olduqca böyük nüfuz və etimad qazanıb və bunun nəticəsidir ki, 2016-cı ildə bütün üzv dövlətlərin yekdil qərarı ilə 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatına sədrlik Azərbaycana həvalə edilib.
2021-ci iliyulun 13-də İlham Əliyev Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin aralıq konfransı keçirilib və bu konfransda dövlətimizin başçısı İlham Əliyevin videoformatda çıxışı təqdim edilib. Öz çıxışında Prezidentimiz “Azərbaycanın şanlı Qələbəsinin beynəlxalq hüququn, ədalətin və Qoşulmama Hərəkatı dəyərlərinin təntənəsi olduğunu” bir daha bildirmişdir.
44 günlük İkinci Qarabağ müharibəsində 30 ilin işğalına tarixi Zəfərimizlə son qoyulması Azərbaycanın regionda, dünyada yeri və roluna yeni əlavələr etdi, qalib, yeni reallıqlar yaradan ölkə olaraq diktə edən tərəf kimi çıxış etməsini şərtləndirdi. Azərbaycan bir daha işğalçı Ermənistana və ona 30 il azmış kimi bu gün dəstək verməkdə davam edən dövlətlərə mesajlarını çatdırdı.
Münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan ATƏT-in Minsk qrupu istər 30 illik işğal, istərsə də postmüharibə dövründə funksiyasını dərk etmək istəmirsə, mandatına uyğun olaraq neytrallığı qorumursa, bunun artıq geniş şərhə ehtiyacı yoxdur. Son hadisə də bunun bir daha təsdiqi oldu. Bakıda akkreditə olunmuş diplomatik korpus və beynəlxalq təşkilatların nümayəndələri Şuşaya səfər edir, ABŞ, Fransa və Rusiya səfirləri bu səfərə qatılmırlar. Bəyanatlarda Azərbaycanın tarixi Qələbəsi dəstəklənir, sözdən əmələ keçmək lazım olanda isə seyrçi mövqedə dayanmaq çıxış yolu hesab edilir.
Azərbaycan Ordusu dövlət başçısının, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində 44 gündə işğala son qoydu, 28 ildən artıq icrasını gözləyən BMT qətnamələrini təkbaşına icra etdi, haqq, ədalət bərpa olundu. Bu gün yeganə məqsəd ermənilərin işğaldan azad edilmiş ərazilərimizdə törətdikləri vəhşilikləri dünya ictimaiyyətinə elə həmin dövlətlərin, təşkilatların təmsilçilərinin vasitəsilə çatdırmaqdır.
Azərbaycan hər zaman Ermənistana və ona havadarlıq edən dövlətlərə reallıqlarla barışmağa, sülhə, təhlükəsizliyə töhfələr verməyə çağırışlar edir. Dövlət başçısı İlham Əliyev daim bildirir ki, dünya xalqlarının üzləşdiyi problemlərin həlli üçün beynəlxalq hüquqa hörmət, siyasi müstəvidə yer alan aktual məsələlərə ədalət prinsipləri baxımından yanaşılması daha vacibdir.
Qoşulmama Hərəkatı dünyanın nizamını pozan terrorçuluğa, separatizmə, milli və ərazi münaqişələrinin alovlanmasına qarşı mübarizədə BMT-nin rolunun gücləndirilməsinə çox böyük əhəmiyyət verir və onun potensialından tam istifadə olunması üçün səylərin göstərilməsini vacib hesab edir. Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin aralıq konfransında videoformatda təqdim olunan çıxışında da dövlətimizin başçısı İlham Əliyev bu kimi məsələlərə xüsusi diqqət yönəldərək bildirmişdir ki, bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət, habelə ölkələrin daxili işlərinə qarışmamaq və digər prinsipləri təşviq edən tarixi “Bandunq prinsipləri” Azərbaycanın xarici siyasətinin prioritetləri ilə tam uyğundur.
Qoşulmama Hərəkatının COVID-19-la mübarizə sahəsində göstərdiyi səylərdən geniş bəhs edən cənab İlham Əliyev bu hədəfi də açıqlamışdır ki, qurum koronavirus pandemiyasından sonrakı dövr üçün də güclü, əlaqəli və məqsədyönlü addımlar atmalıdır. Bu mənada pandemiyadan sonra bərpa mərhələsinə dair fikir mübadiləsinin aparılması və Hərəkatın mövqeyinin müəyyən edilməsi baxımından Qoşulmama Hərəkatına üzv dövlətlərin yüksək səviyyəli iclasının keçirilməsi faydalı ola bilər.
2020-ci ilin Azərbaycan üçün əlamətdar il olduğunu xüsusi qeyd edən ölkə Prezidenti bunu Hərəkatın gündəliyində dayanan vacib mövzulardan birinin uğurla həll edilməsi ilə əsaslandırıb. 44 günlük İkinci Qarabağ müharibəsində Zəfərimiz, bunun təsdiqi olan 10 noyabr üçtərəfli Bəyanatı Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının dünyaya təqdimatı oldu.
Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi Zəfəri ilə münaqişənin hərbi yolla həllinin mümkün olduğunu, Azərbaycan Ordusunun dünyanın ən güclü orduları sırasında yer aldığını nümayiş etdirdi. Beləliklə, Azərbaycan 30 illik münaqişəyə son qoydu, hərbi-siyasi yollarla özünün ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşdu. Ölkə Prezidenti Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin aralıq konfransında «Azərbaycanın şanlı Qələbəsi beynəlxalq hüququn, ədalətin və Qoşulmama Hərəkatı dəyərlərinin təntənəsidir» söyləyərək bu inamı da ifadə etmişdir ki, Azərbaycan ədalət və beynəlxalq hüququn müdafiəsi sahəsində əlindən gələni əsirgəməyəcək.

 

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki