Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq nüfuzu bir daha sübut edir ki, onun həyata keçirdiyi diplomatiya siyasətinin uğurları əsasında xarizmatik liderlik keyfiyyətləri dayanmaqdadır. Belə ki, cənab İlham Əliyevin Əlcəzairdə Ərəb Dövlətləri Liqasının 31-ci Sammitindəki iştirakı, habelə orada səsləndirdiyi bəyanatları da isbat edir ki, Azərbaycan nəinki bu Zirvə görüşündə, ümumiyyətlə, bütün mühüm beynəlxalq platformalarda müsəlman dövlətlərinə qardaşlıq nümunəsi göstərib, öz yardım və dəstəklərini əsirgəməyib. Əbəs deyil ki, Prezident İlham Əliyevin Sammit zamanı səsləndirdiyi bəyanatları Əlcəzairin əsas aparıcı qəzetlərində və portallarında çox geniş şəkildə işıqlandırılıb.
Qeyd olunub ki, Prezident İlham Əliyev Əlcəzair Prezidentinə və Ərəb Dövlətləri Liqasının Baş katibinə dəvətə görə dərin təşəkkürünü bildirib, bunu dostluq və qardaşlıq əlaməti hesab etdiyini deyib. O əlavə edib: “Bu mötəbər Sammitdə iştirak etmək və ölkələrimiz arasında birliyi nümayiş etdirmək mənim üçün böyük şərəfdir. Əlcəzairi belə bir xüsusi gündə, Milli Azadlıq Günündə, Milli Ləyaqət Günündə ziyarət etmək məndə xüsusi məmnunluq doğurur”.
Prezident İlham Əliyev Sammitdə Qoşulmama Hərəkatının Sədri kimi iştirak etdiyini, eyni zamanda, Azərbaycanın Ərəb Dövlətləri Liqasına üzv olan dövlətlərlə çox yaxşı münasibətləri olduğunu qeyd edib. O, əmin olduğunu bildirib ki, yaxın gələcəkdə bu əməkdaşlıq genişlənəcək, yeni xarakter və yeni dinamika alacaq. Həmçinin, Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə hər zaman müsəlman qardaşlarının yanında olub, öz davamlı yardımlarını, dəstəyini əməli şəkildə sübuta yetirib.
Məhz cənab İlham Əliyevin dostluq və qardaşlıq prinsipləri əsasında müsəlman dövlətləri ilə səmimi, etimadlı və etibarlı siyasəti Ərəb Dövlətləri Liqasında təmsil olunan ölkələrlə paralel olaraq qarşılıqlı maraqlara öz müsbət təsirlərini göstərib. Əbəs deyil ki, Prezident İlham Əliyev Azərbaycanın da Əlcəzair kimi işğaldan əziyyət çəkdiyini, torpaqlarımızın 30 il Ermənistanın işğalı altında qaldığını diqqətə çatdırıb və bütün bu işğal illəri ərzində həmişə ərəb qardaşlarının, İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin dəstəyini hiss etdiyini əlavə edib. Məhz bu baxımdan, Azərbaycanın dövlət başçısı xüsusilə bildirib və xatırladıb ki, Azərbaycan da öz növbəsində bütün beynəlxalq forumlarda müsəlman qardaşlarına dəstəyini əsirgəməyib.
Artıq bu kimi uğur reallıqları da belə qənaətə gəlməyə əsas yaradır ki, Azərbaycan yaxın gələcəkdə ərəb dövlətləri ilə əməkdaşlığının genişlənəcəyinə, yeni xarakter və sürətli dinamika alacağına doğru ardıcıl addımlarını davamlı olaraq atacaq və bu gerçəklik bütövlükdə dünyanın İslam ölkələri arasında olan birliyin möhkəmlənməsinə növbəti münbit şəraitlər yaradacaq.
Xəbərlərdə o da diqqətə çatdırılıb ki, Zirvə görüşündə Qoşulmama Hərəkatının Sədri qismində Fəxri qonaq kimi iştirak edən Prezident İlham Əliyev aktual qlobal məsələlərə də öz dərin və əsaslı münasibətini bildirib. İşğalı və beynəlxalq siyasətdə ikili standartları pisləyən Azərbaycan Prezidenti qeyd edib ki, Fransa 130 ilə yaxın Əlcəzairi işğal altında saxlayıb və onun ölkəsi də Ermənistanın işğalına məruz qalıb. Bu illər ərzində ərəb və İslam dövlətlərinin Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyini qeyd edən İlham Əliyev bildirib ki, Azərbaycan BMT-nin Nizamnaməsi əsasında özünümüdafiə hüququndan istifadə edərək öz ərazilərini azad edib və hazırda həmin torpaqlarda bərpa və tikinti işləri aparılır.
Məhz Ərəb Dövlətləri Liqasının aparıcı təmsilçiləri də Azərbaycan Prezidentinin bəyanatlarını alqışlamaqla yanaşı, həm də əmin olublar ki, ölkəmiz öz gücü və qüdrəti, sürətli inkişaf tendensiyaları ilə qarşıdakı illərdə müsəlman aləminə, İslam dünyasına öz böyük töhfələrini verəcək, qardaşlıq münasibətlərini daha da möhkəmləndirəcək.
Metin Hüseynov – siyasi şərhçi