image-photo-2022-05-21-16-57-46backend

Azərbaycan və Litva prezidentinin mətbuata bəyanatı

image-reklam_sirab_01

Müasir dövrdə Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Bu gün Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş daxili və xarici siyasəti ilə həm inkişaf edir, iqtisadi sistemini təkmilləşdirir, həm də regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Hazırda Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktik fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir.
Litva ilə Azərbaycan uzun illərdir ki, strateji tərəfdaşdırlar.  Strateji Tərəfdaşlıq üzrə Bəyannamə həqiqətən Azərbaycan və Litva arasında əməkdaşlığın mahiyyətini əks etdirir.Litva Prezidenti Gitanas Nausedanın may ayının 18-də Azərbaycana səfəri bir daha ölkələr arasında əməkdaşlığın strateji mahiyyətini təsdiq etdi.
İki il öncə Litva  ilə videokonfrans vasitəsilə görüş baş tutmuşdur. Bu görüşdə konstruktiv və məhsuldar müzakirələr aparılmışdır. Bu il isə  canlı olaraq ikitərəfli gündəliyə dair çoxlu vacib məsələlər haqqında danışıqlar aparıldı.
May ayının 18-də olan görüşdə Azərbaycan və Litva ikitərəfli gündəliyə aid , həmçinin iqtisadi, ticarət, nəqliyyat, kənd təsərrüfatı, təhsil, enerji, idman və başqa sahələrdə əməkdaşlığın müxtəlif aspektlərini geniş müzakirə ediblər.Görüş zamanı Cənubi Qafqazda münaqişədən sonrakı vəziyyətlə bağlı da müzakirələr aparılıb. Cənab Prezident İlham Əliyev  çıxışında bildirib:” Mən bir daha Azərbaycanın mövqeyini ifadə etdim ki, biz Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyirik. Düşünürəm ki, İkinci Qarabağ müharibəsindən sonra bu əməkdaşlıq formatını yaratmaq üçün imkan var. Biz, həmçinin gürcüstanlı həmkarlarımız ilə bu barədə fikir mübadiləsi apardıq və onlar da bu seçimi çox müsbət qiymətləndirdilər. Lakin təəssüf ki, Ermənistan indiyə qədər Cənubi Qafqazda üçtərəfli qarşılıqlı fəaliyyət formatının ilkin olaraq başlanmasına həvəs göstərmir. Düşünürəm ki, imkanlar əldən verilməli deyil. Çünki indi Cənubi Qafqaz üçün sülhə, təhlükəsizliyə və sabitliyə sadiqlik nümayiş etdirməyin vaxtıdır. Postmünaqişə vəziyyətinə gəldikdə, bizdə müəyyən nikbinlik var. O fakta əsaslanaraq ki, Ermənistan rəsmi olaraq sülh müqaviləsi ilə bağlı Azərbaycan tərəfindən irəli sürülən beş əsas prinsipi qəbul etmişdir. Yeri gəlmişkən, İkinci Qarabağ müharibəsi qurtaran kimi Azərbaycan açıq şəkildə sülh müqaviləsinin bağlanmasını və sərhədlərin delimitasiyasına dair birgə komissiyanın yaradılmasını dəstəkləməyə başlamışdır. Bu, Ermənistan tərəfindən müsbət qarşılanmamışdır. Sonra biz mövqeyimizi, bu yaxşı məlum olan beş prinsipi dəqiqləşdirdik, hansı ki, bunlar beynəlxalq hüququn əsas prinsipləridir, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və yaxşı beynəlxalq təcrübə və davranışlara uyğundur. Ümid edirik ki, Ermənistan həmin prinsipləri qəbul etdiyini ehtiva edən ilkin mövqeyinə sadiq qalacaq və bu, sülh sazişi üçün əsas olacaq.
Eyni zamanda, biz Ermənistanı sərhədlərin delimitasiyasına başlamağa dəvət etdik. Çünki təxminən 30 il ərzində Ermənistanla dövlət sərhədimiz, o cümlədən Azərbaycanın 20 faiz ərazisini təşkil edən digər rayonları işğal altında olub. Buna görə sərhədlərin delimitasiyası zərurəti aydındır. Avropa İttifaqı Şurasının prezidenti cənab Şarl Mişelin təşəbbüsü ilə aprelin 6-da Brüsseldə keçirilmiş görüş zamanı razılaşdırılmışdır ki, aprelin sonuna qədər hər iki tərəf işçi qrup yaradacaq və onlar artıq öz fəaliyyətinə başlayacaqlar.
Azərbaycan işçi qrupunu vaxtında yaratmışdır və nümayəndə heyətini ezam etməyə hazır idi. Bu, erməni tərəfi ilə razılaşdırılmışdır. Yeri gəlmişkən, sərhədlə bağlı ilk görüşün keçirilməsini təklif edən Ermənistanın Xarici İşlər Nazirliyi olmuşdur. Azərbaycan həmin təklifi qəbul etmişdir və biz nümayəndə heyətini göndərməyə hazır idik. Lakin, sonuncu gün – aprelin 29-da Ermənistan artıq razılaşdırılmış görüşü ləğv etdi. Bu, çox məyusedici məsələdir. Daha məyusedici isə, yenə də Ermənistanın ilkin təklifindən irəli gələrək, 7-11 may tarixlərində sərhəddə yeni görüşün keçirilməsi təklifimizdən də Ermənistanın imtina etməsi oldu. Beləliklə, indiyədək, biz Ermənistandan hər hansı yeni tarixləri gözləyirik ki, işə başlayaq. Çünki bu cür məsuliyyətsiz mövqe, əlbəttə ki, narahatlıq doğurur”.
Daha sonra  Prezident Gitanas Nausedan öz bəyanatı ilə çıxış edib. Çıxışında Bakının necə gözəl bir şəhər olduğunu heyranlıqla bildirib. Qeyd etmək lazımdır ki, Azərbaycan Qafqaz regionunda Litvanın çox önəmli tərəfdaşıdır. Daha sonra prezident çıxışında bildirib:İkitərəfli münasibətlərin, cənab Prezident, Sizin qeyd etdiyiniz 2007-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq üzrə Birgə Bəyanatın ruhuna uyğun şəkildə daha da inkişaf etdirilməsi bizim marağımızdadır. Mən tam inanıram ki, bizim iqtisadi əməkdaşlığımızın genişləndirilməsi üçün böyük potensial var. Bu səbəbdən mən özümlə Azərbaycana bir çox biznes nümayəndələrini gətirmişəm. Biz bazar imkanlarını araşdırmaqda və ikitərəfli ticarət həcmlərini artırmaqda maraqlıyıq. Mən, həmçinin Azərbaycan biznes missiyasını bu ilin sonlarında Litvaya səfərə dəvət edirəm.
Biz Avropa və onun təhlükəsizlik arxitekturası üçün önəmli dönəmdəyik. Biz indi danışdığımız zaman Ukrayna öz suverenliyini və ərazi bütövlüyünü müdafiə edir. O, həmçinin qaydalara əsaslanan beynəlxalq nizamı müdafiə edir. İndi bütün mövcud praktiki vasitələrlə Ukraynanı dəstəkləmək vacibdir.
Litva Avropa İttifaqı ilə Azərbaycan arasında daha fəal əməkdaşlığın tərəfdarıdır. Azərbaycan Avropa İttifaqının Şərq Tərəfdaşlığı platforması kontekstində çox önəmli ölkədir və strateji enerji tərəfdaşıdır. Biz Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə irəliləyişi dəstəkləməkdə davam edirik. Ukraynadakı müharibə öz enerji resursları mənbələrini şaxələndirmək üçün Avropaya bir xəbərdarlıq idi. Avropa İttifaqı öz enerji resursları mənbələrinin şaxələndirilməsini və özünün yanacaq məhsullarında Rusiyadan asılılığına son qoymaq istəyir. Avropa İttifaqında enerji ixrac edən alternativ ölkələrlə, o cümlədən təbii qaz sahəsində Azərbaycanla əməkdaşlığın gücləndirilməsinə böyük maraq var. Azərbaycan enerji sektorunda Avropa İttifaqının etibarlı tərəfdaşıdır.
Biz ölkələrimiz arasında Avropa və digər beynəlxalq inkişaf alətləri vasitəsilə əməkdaşlıq potensialını görürük. Biz öz uğurlarımızla və islahatlar sahəsindəki təcrübəmizlə bölüşməkdə maraqlıyıq. Ən yaxşı misallardan biri Avropa İttifaqının Tvinninq proqramıdır. Azərbaycan və Litva bu proqramda etibarlı tərəfdaşlardır və mən bilirəm ki, biz artıq bir çox Tvinninq layihələrini sona çatdırmışıq, bəziləri isə davam etməkdədir.
Mən bilirəm ki, Azərbaycan öz qarşısına ümumi enerji sahəsində bərpaolunan enerji mənbələrinin həcminin artırılması məqsədini qoyub. Litva bərpaolunan enerji sektorunda, xüsusilə günəş enerjisi sahəsində güclü mövqeyə malikdir. Litva şirkətləri yüksək keyfiyyətə və davamlılığa malik günəş enerjisi modulları təqdim edə bilər. Litva Azərbaycana çox sayda fərqli qida məhsulları təqdim edə bilər, hansının ki, əsas ixrac bazarı Avropa İttifaqıdır. O bazar, hansı ki, yüksək səviyyəli qida keyfiyyəti tələb edir.”
Forumun əsas məqsəd Azərbaycan və Litva arasında ticarət sahəsində tərəfdaşlığın gücləndirilməsi, potensial tərəfdaşların axtarışı, Azərbaycan şirkətləri ilə yeni işgüzar əlaqələrin qurulmasıdır.
Bütün bunlar onu deməyə əsas verir ki, bu gün Azərbaycanın dünya miqyasında nüfuzu xeyli artıb. Bu da ölkəmizin Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsini şərtləndirib. Bu baxımdan, Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin təməlində Azərbaycanın milli maraqlarının hər zaman üstün tutulduğunu əminliklə söyləmək olar.

Musayeva Aydan
YAP-ın üzvü


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image