image-img-20241109-wa0022backend

Azərbaycanın gözü -Şuşa

image-reklam_sirab_01

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023-cüil tarixli Sərəncamına əsasən ölkədə hər il 8 noyabr Şuşa şəhəri günü olaraq qeyd olunur. Rəşadətli Azərbaycan Ordusunun Şuşa şəhərinin işğaldan azad etməsindən 4 il ötür.

Şuşa şəhəri 1992-ci il 8 may tarixində ermənilər tərəfindən işğal olunmuşdur. Şuşanın işğalı nəticəsində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə vandallar 600-ə yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Xurşidbanu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmişlər. Şuşa Tarix Muzeyi, Azərbaycan Xalça Muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi, Qarabağ Dövlət Tarix muzeyi, Qafqazda yeganəŞərq musiqi alətləri fabrikini, Yuxarı Gövhər ağa və Aşağı Gövhər ağa məscidini dağıtmış, buradakı nadir sənət incilərini talamış və məhv etmiş, Azərbaycan musiqisinin banisi, bəstəkar Üzeyir Hacıbəyovun, müğənni Bülbülün, musiqiçi və rəssam Mir Möhsün Nəvvabın xatirə muzeylərinin fondları qarət edilib.
Uzun illər davam etmiş işğal zamanı Ermənistanın təcavüzkar siyasəti
nəticəsində Azərbaycan xalqına məxsus daşınmaz tarix və mədəniyyət abidələri dağıdılıb, mənimsənilib, tarixi-mədəni təyinatına uyğun olmayan şəkildə istifadə olunaraq vandalizmə məruz qalıb. Erməni silahlı qüvvələri tərəfindən ən çox dağıdılan daşınmaz mədəni irs nümunələri İslam dini abidələri – məscidlər, türbələr və digər inanc yerləri olub. Ermənilər məscidlərin içərisində ev heyvanları (donuz) saxlamaqla azərbaycanlılara qarşı öz nifrətlərini ortaya qoyublar. İşğal olunmuş ərazilərdə yerləşən mədəni irsə, o cümlədən xüsusi əhəmiyyətə malik unikal abidələrə bu cür barbarcasına münasibət dünya irsinə qarşı yönəlmiş təhdid kimi dəyərləndirilməlidir.
2012-ci ildə Şuşanın işğalının 20-ci ildönümündə cənab Prezident çıxışında: “Şuşasız ötən illərə mütləq son qoyulacaq. Şuşa haqqında keçmiş zamandadanışmaq olmur. O şəhər bizim dünənimiz, bu günümüz, sabahımızdır”– sözlərini demişdir.
Şuşa şəhəri işğaldan azad edildikdən sonra, 15 iyun 2021-ci il tarixində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan arasında Şuşa Bəyənnaməsi imzalanmışdır. İki ölkə arasında imzalanan Bəyannamədə qeyd olunur: “Tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır”.
Azərbaycan və Türkiyə bölgənin geosiyasi mənzərəsini dəyişəcək
Bəyannaməyə imza atdı. Həmin Bəyannamə hər iki müttəfiq dövlətin arasında bütün sahələrdə inteqrasiyanın nümunəsi, o cümlədən region üçün yeni tarixi gerçəklik deməkdir. 44 günlük müharibənin bizim qalibiyyətimizlə nəticələnməsi və Zəngəzur vasitəsilə yeni nəqliyyat dəhlizinin açılması Ermənistan Respublikasının bu vaxta qədər davam edən geosiyasi çəkisinə mühüm zərbədir.
Şuşa şəhəri işğaldan sonra Prezident İlham Əliyev tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. Bunu əminliklə deyə bilərəm ki, Şuşanı və digər rayonları işğaldan azad etməklə biz təkcə torpağı işğalçılardan təmizləmədik, biz həm mədəniyyətimizi, incəsənətimizi, tariximizi, etnoqrafiyamızı, folklorumuzu da xilas etdik. Onlara yeni nəfəs verdik. Əminəm ki, hər bir azərbaycanlının artıq başı dikdir. İllər sonra Ali Baş Komandanımızla birlikdə işğaldan azad olunmuş rayonlarımıza qayıtdıq!

Altay Əliyev – Şəhid ailələri, əlillər və müharibə veteranlarının müdafiəsi İctimai Birliyinin fəxri üzvü


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image