“Quru sərhədlərin açılması ilə bağlı qərar epidemioloji vəziyyətdən asılı olaraq verilir. Bütövlükdə regionda epidemioloji vəziyyətin dəyişməsindən asılı olaraq quru sərhədlərin açılması ilə bağlı qərarın verilməsi mümkündür”.
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov Azərbaycanın qonşu ölkələrlə quru sərhədinin açılmasından danışarkən deyib. Deputat bildirib ki, Azərbaycanla qonşu olan praktik olaraq bütün ölkələrdə yoluxma sayı yüksək olaraq qalmaqdadır:
“Son dövrlər Gürcüstan, Rusiya və Türkiyədə yoluxma sayının artması müşahidə olundu. Bu baxımdan quru sərhədlərin açılması yalnız Azərbaycanda deyil, həm də qonşu ölkələrdəki epidemioloji vəziyyətə uyğun olaraq həyata keçiriləcək. Bu istiqamətdə qərarlar verilən zaman qonşu ölkələrdəki yoluxma sayı, epidemioloji vəziyyət, o cümlədən vaksinasiya dərəcəsi nəzərə alınmaqla qərarın veriləcəyi gözlənilir”.