image-4e947cbb-d3bf-4883-b65c-c2093d02ccccbackend

Azərbaycanla Aİ arasındakı münasibət Vətən savaşındakı qələbəmizdən sonra yeni strateji mərhələyə daxil olur

image-reklam_sirab_01

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iyulun 18-də Azərbaycana səfərini ölkəmizin bu qurumla tərəfdaşlığının yaxşı göstəricisi kimi dəyərləndirib. Avropa İttifaqının bizim üçün yaxın tərəfdaş olduğunu xatırladan dövlətimizin başçısı mövcud güclü siyasi təmasların tərəflər arasında əməkdaşlığın şaxələndirilməsi üçün çox yaxşı təməl yaratdığını vurğulayıb.

Həmçinin yada salmağa dəyər ki, bu günə kimi tərəflər arasında imzalanan Tərəfdaşlıq və Əməkdaşlıq, Viza Sadələşdirilməsi və Readmissiya sazişləri, Cənub Qaz Dəhlizi üzrə Birgə Bəyannamə, Avropa Qonşuluq Siyasəti çərçivəsində Fəaliyyət Planı, Enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu, eləcə də 2018-ci il iyulun 11-də “Tərəfdaşlıq prioritetləri” sənədinin paraflanması tərəflərin qarşılıqlı hörmətə, bərabər səviyyəli əməkdaşlığa əsaslanan əməkdaşlığın inkişafında maraqlı olduqlarını əyani şəkildə nümayiş etdirmiş oldu. Həmin sənədlərdə yer alan ən mühüm məqamlardan biri isə tərəflərin ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi ilə yanaşı, dövlətlərin beynəlxalq sərhədlərin toxunulmazlığının dəstəklənməsinə sadiqliyinin ifadə olunmasıdır.

Ölkəmizin Avropa İttifaqı ilə münasibətlərinin inkişafına təkan verən bir mühüm amil də Azərbaycanın bu quruma üzv ölkələrin bir çoxu ilə strateji tərəfdaşlıq münasibətlərinə, müxtəlif sahələrdə bərabər səviyyəli əlaqələrə malik olmasıdır. İstər Avropa İttifaqı ilə, istərsə də üzv dövlətlərlə münasibətlərdən söz açmışkən əlbəttə ki, ilk əvvəl iqtisadi sahədəki əlaqələr diqqəti çəkir. Şarl Mişelin Azərbaycana səfəri zamanı da iqtisadi sahədə əməkdaşlığa dair enerji təhlükəsizliyi, nəqliyyat, ticarət kimi məsələlər əsas müzakirə mövzusu oldu.

İttifaqa üzv dövlətlərin 1 700-dən çox şirkəti Azərbaycanda fəaliyyət göstərir. 2020-ci ilin sonunda böyük tarixi və qlobal əhəmiyyətə malik layihə hesab olunan, şirkətlər və beynəlxalq maliyyə institutları arasında əməkdaşlığın nadir təcrübəsi kimi dəyərləndirilən Cənub Qaz Dəhlizinin tam istifadəyə verilməsində də Azərbaycan ilə Avropa İttifaqı arasındakı tərəfdaşlıq münasibətləri mühüm rol oynadı.

Xüsusilə qeyd olunmalıdır ki, uzun illər qlobal əhəmiyyətli layihələri uğurla icra edən Azərbaycanın beynəlxalq arenada qazandığı etibarlı tərəfdaş imici ölkəmizin 44 günlük Vətən müharibəsində tarixi qələbəsi ilə daha da möhkəmlənib. Artıq hər kəs görür və qəbul edir ki, Azərbaycanın razılığı və iştirakı olmadan regionda hər hansısa bir layihəni reallaşdırmaq qeyri-mümkündür. Bu faktorlar müxtəlif dövlətləri, beynəlxalq və regional təşkilatları heç bir tərəddüd etmədən Azərbaycan ilə əməkdaşlığa sövq edir. Dost və tərəfdaş ölkələr başa düşürlər ki, ötən illər ərzində ölkəmizin yaratdığı beynəlxalq əməkdaşlıq platforması bu gün Azərbaycanın regionda yaratdığı yeni reallıqlara uyğun şəkildə daha da inkişaf etdirilə bilər.

10 noyabr və 11 yanvar üçtərəfli bəyanatlarında əksini tapan kommunikasiyaların açılması məsələsinin həllini tapması da genişmiqyaslı əməkdaşlıq üçün yaxşı perspektivlər vəd edir.

Bütün bu və üfüqləri görünən digər perspektivlərin Avropa İttifaqında nəzərə alınmasının göstəricisidir ki, Prezident Şarl Mişel ölkəmizə səfəri zamanı Avropa İttifaqının regional əməkdaşlıq səylərində iştirak etmək arzusunu ifadə edərkən həmçinin ittifaqın daha bir xoş niyyətini bəyan etdi: Avropa İttifaqı Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası məsələsində də yaxından iştirak etməyə hazırdır.

Artıq bütün dünya qəbul edir ki, Azərbaycan ədaləti bərpa edib, beynəlxalq hüququn ona verdiyi imkanlardan istifadə edərək işğal olunmuş torpaqlarını azad edib. Hər kəs bilir ki, dayanıqlı sülh və rifah naminə regionda olan ölkələr arasında əməkdaşlıq əlaqələri genişlənməlidir. Dövlətimizin başçısı İlham Əliyev Şarl Mişellə görüşdən sonra keçirilən mətbuat konfransında bir daha bəyan etdi ki, indi sülh barədə düşünmək və səhifəni çevirmək vaxtıdır və biz buna hazırıq.

Yeri gəlmişkən, Rusiya da Ermənistanla Azərbaycan arasında danışıqların başlamasına Avropa İttifaqının yardım etmək istəyini alqışlayıb. Elə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya səfəri və səfər çərçivəsində Prezident Vladimir Putinlə görüşləri ikitərəfli münasibətlərin daha da inkişafına töhfə oldu və təbii ki, orada Ermənistanla Azərbaycan arasında olan sərhədlərin müzakirəsi, delimitasiya məsələləri də müzakirə olundu. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək üçün bütün bu danışıqlara hazırdır və danışıqları beynəlxalq hüquq çərçivəsində aparır. Lakin çox təəssüf ki, Ermənistan tərəfindən səsləndirilən fikirlər bu ölkənin sülh tərəfdarı olmadığından xəbər verir. Yəni, Azərbaycan sülh istəyir, bütün bu məsələləri beynəlxalq hüquq çərçivəsində həyata keçirmək istəyir, Rusiya Prezidenti ilə müzakirələrdə də bu məsələlər diqqət mərkəzində oldu. Bir daha Azərbaycan öz sərhədlərini möhkəmləndirəcək, öz sərhədlərini beynəlxalq hüquq çərçivəsində bərpa edəcək və Azərbaycan sülhsevər ölkə kimi imicini dünyada daha da artıracaq.

Əliabbas Salahzadə,
millət vəkili


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki