“Davam” Gənclər Hərəkatı tərəfindən 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Davam”la Gənclik Həftəsi keçirilib.
Həftəyə şahmat turniri ilə start verilib. Turnirdə 70-dən çox həvəskar şahmatçı qalibiyyət uğrunda mübarizə aparıb.
Həftə ərzində sağlam rəqabət mühitində keçirilən növbəti tədbir “Nə? Harada? Nə zaman?” intellektual yarışı olub. Yarışda 50-dən çox gənc 7 komanda olmaqla iştirak edib.
Həftənin növbəti tədbiri olaraq gənclərin asudə vaxtının səmərəli keçirilməsi məqsədilə həvəskar futbolçulardan ibarət Binəqədi Gənclər Evi və Davam FK arasında “Dostluq” görüşü baş tutub.
Həftə çərçivəsində Səbail Bələdiyyəsi və “Davam” Gənclər Hərəkatının birgə təşkilatçılığı ilə gənclərlə görüş keçirilib. Görüş zamanı ötən il ərzində Səbail rayonunun ictimai-siyasi həyatında fəallığı ilə seçilən gənc davamçılar fəxri diplomla təltif olunublar.
“Davam” Gənclər Hərəkatının fəal üzvləri Səbail Rayon İcra Hakimiyyəti, Səbail rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda görüşdə iştirak edib və 2022-ci il ərzində göstərdikləri ictimai fəallığa görə fəxri fərmana layiq görülüblər.
“Davam”la Gənclik Həftəsi çərçivəsində “Davam” Gənclər Hərəkatının nümayəndələri ənənəvi və internet televiziya kanallarında yayımlanan müxtəlif verilişlərdə iştirak edərək Gənclər Gününün əhəmiyyəti və müasir dövrdə dövlət tərəfindən gənclər üçün yaradılan mövcud imkanlar ilə bağlı fikirlərini televiziya izləyiciləri ilə bölüşüblər.
Həftənin yekunu olaraq 2 Fevral — Azərbaycan Gəncləri Günü münasibətilə Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, “Davam” Gənclər Hərəkatının təşkilatçılığı ilə Naftalan şəhərində 150 gəncin iştirak etdiyi, 5 gecə 6 gün davam edəcək “Gənc Liderlər üçün Qış Universiteti” öz işinə başlayıb.
Qeyd edək ki, həftə boyunca həyata keçirilən tədbirlər zamanı gənclərə 100 illik yubileyini qeyd etdiyimiz Ümummilli Lider Heydər Əliyevin ölkə gənclər siyasətinin banisi kimi bu sahədə atdığı addımlar, Gənclər və İdman Nazirliyinin yaradılması, Azərbaycan Gəncləri Gününün təsis edilməsi, o cümlədən Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən Gənclər Fondunun yaradılması, Gənclər üçün Prezident Mükafatının təsis edilməsi, gənclərin inkişafına töhfə verən strateji dövlət proqramlarının qəbul olunması və gənclər üçün ölkəmizdə yaradılan digər imkanlar haqqında geniş məlumat verilib.