image-thumbbackend

Deputat: Dövlətimizin sosialyönümlü siyasəti məmnunluq doğurur

image-reklam_sirab_01

Ötən il Azərbaycan Ordusu tarixi Zəfərə imza atdı, Qarabağ torpağı işğalçılardan təmizləndi. Bununla da ədalət bərpa olundu. Ermənistana layiq olduğu yer göstərildi. Bu parlaq Qələbəni xalqımıza yaşadan isə Prezident, Ali Baş Komandan İlham Əliyevin müdrikliyi, qətiyyəti, siyasi iradəsi oldu.

Döyüşlər başa çatandan sonra dövlətimizin başçısının tapşırığına uyğun olaraq şəhid ailələri və Vətən müharibəsi qəhrəmanlarının sosial dəstəklə, yaralanmış hərbçilərin tibbi-sosial reabilitasiya xidmətləri, müasir protezlərlə təmin olunması qarşıya mühüm vəzifə kimi qoyuldu.

Həmin vaxtdan ötən müddətdə Prezident İlham Əliyevin tapşırığına əsasən qayğı və diqqət nəinki dövlət qurumlarının, həm də cəmiyyətin böyük bir hissəsinin vətəndaşlıq borcuna və vəzifəsinə çevrilib. Bu isə cəmiyyətdə birliyin və qarşılıqlı etimadın yeni təzahür forması kimi bütün təbəqələrdən olan insanlar tərəfindən xoş ovqatla qarşılanıb, onların dövlətimizə və qalib Prezidentimizə inam hisslərini, məhəbbətini gündən-günə artırıb.

Veteninfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib.

Rəşad Mahmudov deyib: “Prezident İlham Əliyevin avqustun 26-da Abşeron rayonunda şəhid ailələri, müharibə əlilləri və Vətən müharibəsi qəhrəmanlarına mənzillərin və avtomobillərin təqdim olunması mərasimində bu barədə ətraflı qeyd olunub. Qısa vaxt ərzində bu istiqamətdə çox mühüm tədbirlərin həyata keçirilməsi diqqətə çatdırılıb. Prezident, Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müvafiq göstərişlərinə əsasən dövlət qurumlarının bu kateqoriyadan olan insanların problemləri ilə daim yaxından maraqlanması, onların problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər gerçəkləşdirməsi xüsusi vurğulanıb”.

Rəşad Mahmudov açıqlamasında daha sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanların ailə üzvlərinə, bu haqq savaşımızda şanlı Zəfər qazanan qüdrətli Azərbaycan Ordusunun hərbçilərinə, qazilərinə daim xüsusi diqqət və qayğı göstərdiyini, bu qəbildən olan vətəndaşlarımızın sosial müdafiəsinin möhkəmləndirilməsi, o cümlədən mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlərin bunun bariz nümunəsi olduğunu bildirib.

Rəşad Mahmudov açıqlamasında, eyni zamanda, diqqəti hərbçilər, qazilər və şəhid ailələrinin daim dövlətin diqqət və qayğısı ilə əhatə olunmalarına yönəldərək, bu kateqoriyadan olan şəxslərə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində səsləndirilən konkret faktları da xatırladıb: “Müharibə əlillərinin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər ardıcıl və planlı şəkildə həyata keçirilir. Bu il avqustun 26-da şəhid ailələrinə, müharibə əlillərinə və Vətən Müharibəsi Qəhrəmanlarına 300 mənzil, həmçinin 50 avtomobil verilib. İndiyədək 7200 müharibə əlili avtomobillə təmin olunub. Cari ildə isə ümumilikdə, 160-dan çox avtomobilin verilməsi nəzərdə tutulub. Sadalanan həssas kateqoriyadan olan insanların mənzil və fərdi evlə təmin olunmaları da diqqət mərkəzindədir. 1997-2021-ci illərdə şəhid ailələrinin üzvlərinə 10 min 500 mənzil və fərdi ev verilməsi məhz bu qayğının bariz ifadəsidir.

Prezident İlham Əliyevin cari ilin yanvarında imzaladığı müvafiq Sərəncamla bu sahədə yeni proqramlar da təsdiq edilib. Həmin proqramlara əsasən 2021-2025-ci illərdə şəhid ailələrinə 11 min mənzil və fərdi ev veriləcəyi nəzərdə tutulur.

Şəhid ailələrinin üzvləri və müharibə veteranlarının fəal məşğulluqla əhatə olunmalarına da xüsusi əhəmiyyət verilir. Bu istiqamətdə reallaşdırılan tədbirlər çərçivəsində son 7 ayda 52 min nəfər işlə təmin olunub, 7200 nəfər özünüməşğulluq proqramına, 56 min nəfər isə ictimai işlərə cəlb edilib”.

Rəşad Mahmudov açıqlamasında Ermənistanın müharibə cinayətlərindən də bəhs edərək, 44 günlük Vətən savaşında işğalçı ordunun cəbhə bölgəsindən uzaqda yerləşən şəhər və kəndlərimizi atəşə tutması, terror aktları törətməsi nəticəsində çox sayda insanların həlak olduğunu, yaşayış evlərinin, sosial obyektlərin dağıdıldığını xatırladıb: “Lakin düşmən bu vəhşiliyi ilə xalqımızın mübarizə əzmini qıra bilmədi. Ordumuz isə sona qədər düşmən ölkənin mülki əhalisinə toxunmadı, yaşayış sahələrinə bir güllə belə atmadı, infrastrukturunu məhv etmədi. Əlbəttə, bu, xalqımızın humanizm prinsiplərinə sadiqliyindən irəli gəlirdi. Erməni faşistlərinin dağıntıları bu gün ölkəmizin iqtisadi gücü ilə aradan qaldırılır. Mərasimdə dövlətimizin başçısı bu barədə də ətraflı bəhs etdi. Bildirdi ki, mülki əhaliyə dövlət tərəfindən yardımlar göstərilir. Müharibə dövründə öz əmlakını itirmiş insanlar üçün minlərlə yeni ev tikilməkdədir”.

Vətən müharibəsinin başlandığı ilk gündən etibarən dövlətimizin başçısı erməni vandalizmindən zərər çəkən vətəndaşlarımıza xüsusi diqqət və qayğısını əsirgəməyib, düşmən tərəfindən yaşayış yerləri dağıdılan əhalinin müvəqqəti məskunlaşdırılması ilə əlaqədar uyğun addımların atılması, onların həyat şəraitinin təmin olunması üçün müvafiq qurumlara tapşırıqlar verib.

Prezident İlham Əliyev tərəfindən imzalanan “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” 2020-ci il 6 noyabr tarixli Sərəncam da dövlət başçımızın sosial siyasətində insan amilinin prioritet istiqamət təşkil etməsinin bariz ifadəsidir.

Deputat sonda diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin çevik və praqmatik iqtisadi siyasəti, vaxtında görülmüş qabaqlayıcı tədbirləri dünya iqtisadiyyatındakı mənfi proseslərin ölkəmizə təsirlərinin minimuma endirilməsinə imkan yaradır. Bu da bir daha təsdiq edir ki, Azərbaycanın uğurlu sosial siyasəti var, cəmiyyətin sosial sifarişinə uyğun çevik qərarlar qəbul edən dövlətimizin başçısının yürütdüyü siyasətdə vətəndaşların mənafeyi öndə gəlir./AZƏRTAC


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki