Zəfər Bayramı günlərində isə Cavanşir Feyziyev Şəkinin Turan qəsəbəsində seçicilərlə görüşüb. Görüşdən sonra qəsəbə sakini, 12 il MAXE-də xidmət keçmiş Vətən müharibəsi iştirakçısı, yataq xəstəsi Hikmət Əbdürrəhimovun evinə gedərək onun ailə vəziyyəti ilə maraqlanıb, sağlamlığının bərpa olunması və müvafiq əlillik dərəcəsinin alınması üçün əlindən gələn köməkliyi göstərəcəyini bildirib. Deputatın gəlişi qazi ailəsində yüksək əhval-ruhiyyə yaradıb.
Elə həmin gün deputat C. Feyziyev 115-ci seçki dairəsində yerləşən Cəyirli kəndində də seçicilərlə görüşüb və vətəndaşların müraciətlərini dinləyib. Görüş iştirakçıları deputatı hörmət və ehtiramla qarşılayıb, kəndin sosial problemlərinin həllinə, təhsil və sağlamlıq problemləri ilə bağlı ayrı-ayrı kənd sakinlərinin müraciətlərinə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Deputat kənd sakinləri qarşısında çıxış edərək dövlət tərəfindən azad olunmuş torpaqlarımızda aparılan quruculuq-abadlıq işlərindən danışıb, post-müharibə dövründə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması üçün prezident İlham Əliyevin apardığı davamlı siyasətin mahiyyətini izah edib, bütün bunlarla yanaşı 115 saylı seçki dairəsində də yol çəkilişi, su, işıq və qaz təminatı ilə bağlı sosial problemlərin aradan qaldırılması sahəsində əldə edilmiş uğurları sadalayıb. Görüşdə iştirak edən sakinlər dövlət başçısına və deputata öz minnətdarlıqlarını bildiriblər.
Cavanşir Feyziyev Cəyirli kəndində fəaliyyət göstərən “Oğuzeli” döyüş klubunun fəaliyyəti ilə də tanış olub. Klubun məşqçisi Aqşin Abbasov kənddə gənclərin asudə vaxtının təşkili ilə bağlı fikirlərini bildirib və klubun nailiyyətləri barədə deputata ətraflı məlumat verib.
Bu ilin yay aylarında Baş Zəyzid kəndində seçicilərlə görüşən deputat həm də şəhidlərin qəbirlərini ziyarət etmiş və şəhid qəbiristanlığının yenidən qurulması ilə bağlı təşəbbüs göstərmişdi. Kənddəki şəhid ailələri deputatın təşəbbüsünü məmnuniyyətlə qəbul etmiş və dəstəkləmişdilər. Bir neçə ay ərzində qəbirüstü abidələrin standart ölçüdə qara mərmərdən hazırlanması, qəbirüstü abidə üzərində şəhidlərin hərbi geyimdə surətlərinin əks olunması və 800 kv.metrlik ərazinin abadlaşdırılmasını əhatə edən yeni layihə hazırlamışdılar. Layihə bütövlükdə deputat C. Feyziyev tərəfindən maliyyələşdirilmişdir. Abidə Kompleksinin tikintisi və ərazinin abadlaşdırılması Zəfər Bayramı ərəfəsində başa çatdırılmışdır. Abidə Kompleksinin ətrafına daş örtük salınmış, ətrafına bəzək ağacları, gül kolları əkilmiş, ərazi geniş bir parka çevrilmişdir.
10 noyabr 2022 – ci il tarixdə deputat C. Feyziyev Baş Zəyzid kəndinə gələrək əvvəlcə şəhid ailələri ilə görüş keçirmiş, onların problemləri və qayğıları ilə maraqlanmış və dövlətimizin daim onların yanında olacağını bildirmişdir. Görüşdə şəhid ailələri ilə yanaşı kənd ağsaqqalları və ziyalıları, Vətən müharibəsi iştirakçıları, icra nümayəndəsi və bələdiyyə sədri də iştirak etmişlər. 2 saata yaxın davam edən görüşdən sonra deputat görüş iştirakçıları ilə birlikdə yeni tikilmiş abidə kompleksinə gələrək, orada toplaşan kənd ictimaiyəti qarşısında çıxış etmiş, kənd sakinlərini Zəfər Bayramı və Bayraq günü münasibətilə təbrik etmiş, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəhid ailələrinə və qazilərə göstərdiyi qayğı və diqqətdən danışmışdır. Böyük ruh yüksəkliyi ilə keçən tədbirdə şəhid anaları, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və kənd ictimayətinin nümayəndələri çıxış etmiş, göstərilən qayğı və diqqətə görə ölkə başçısına minnətdarlıqlarını bildirmişlər. Tədbirin sonunda hərbi marş sədaları altında şəhidlərin abidələri üzərinə gül dəstələri düzülmişdir.