image-6b4f2c34-b604-40b5-bd55-49654a528601backend

Əliabbas Salahzadə: 29 il Yeni Azərbaycan Partiyasının tutduğu yola, əqidəyə sadiqliyinə bələdçilik edib

image-reklam_sirab_01

Milli Məclisin deputatı Əliabbas Salahzadə  29 illiyini qeyd edən Yeni Azərbaycan Partiyasının yaradıldığı dövrün reallıqlarından geniş bəhs edərək  bu məqamı xüsusi qeyd edib ki, hər bir xalqın əsrlər boyu formalaşan dövlətçilik ənənələrinin reallığa çevrilməsi  üçün əlverişli siyasi mühit və  iradə ilə yanaşı, güclü liderin, eyni zamanda, onun  rəhbərliyi ilə yaradılan güclü siyasi təşkilatın olması  mühüm amillərdəndir. Azərbaycanın davamlı inkişafında, ənənələri olan ölkə kimi nüfuz qazanmasında bu gerçəklik özünün aydın ifadəsini tapıb: “Hazırda nəinki ölkəmizin, regionun aparıcı siyasi təşkilatı kimi nüfuz qazanan Yeni Azərbaycan Partiyası  dövrün tələbi, xalqın istəyi ilə yaradılaraq zəngin və şərəfli yol keçib.  Partiyanın yaradılmasından az müddət sonra ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı həm Azərbaycanın, həm də Yeni Azərbaycan Partiyasının həyatında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirildi. Məlumdur ki, Azərbaycan öz dövlət müstəqilliyini 1991-ci ilin 18 oktyabrında bərpa etsə də həmin illərdə ölkəmizə səriştəsiz, idarəçilik qabiliyyəti olmayan şəxslərin rəhbərliyi  müstəqilliyimizi itirmək, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qoymuşdur. Xalqın sabaha ümidi yox idi. Məhz belə bir cətin vəziyyətdə  Azərbaycanın  böyük idarəçilik təcrübəsi olan, insanları öz arxasınca apara bilən  Liderə ehtiyacı var idi.  O Lider  ulu öndər Heydər Əliyev idi. Ümummilli Lider hakimiyyətə qayıdışı ilə xilaskarlıq misiyasını  uğurla həyata keçirərək Azərbaycanı o illərin xaosundan, anarxiyasından, vətəndaş qarşıdurmasından xilas etdi, düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın dövlət müstəqilliyinin  dönməzliyini təmin etdi. Ulu öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində əhəmiyyətli rol oynadı. Ölkəmiz yeni dostlar və tərəfdaşlar qazandı. Ölkəmizin ətrafında yaradılan informasiya blokadası yarıldı. Artıq tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün  hüquqi baza formalaşdı, həmçinin ordumuz Qələbəyə hazırlandı.”

Əliabbas Salahzadə vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının yaradılmasında bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Azərbaycanın hər yerində ulu öndər Heydər Əliyevi sevənlərin təşkilatlanmasına şərait yarandı: “Naxçıvanda keçirilən təsis konfransından sonra Azərbaycanın digər rayonlarında da YAP-ın rayon təşkilatları yaradıldı. Yerli təşkilatlar ictimaiyyət arasında fəal ideoloji iş apararaq  ölkəmizin gələcəyi naminə qüvvələr birliyi yaratmağa çağırışlar etdi və bu istəklərinə yüksək səviyyədə nail oldular. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, Yeni Azərbaycan Partiyası Heydər Əliyev ideyalarının  parlaq daşıyıcısı missiyasını şərəflə yerinə yetirir. Partiyanın hər bir üzvü bu ideyaların təbliğatçısıdır.”

Millət vəkili son 18 ildə Heydər Əliyev siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən bəhs edərək bildirib ki, Azərbaycan iqtisadi möcüzələr ölkəsinə çevrildi: “Sabitlik diyarı kimi dünyanın diqqətindədir. Demokratiya təcrübəsi nümunə göstərilir. İqtisadi, siyasi və humanitar mərkəzə çevrilib. Yerləşdiyi coğrafi məkana görə müxtəlif mədəniyyətləri və dinləri bir araya gətirərək dövlətlər, xalqlar arasında körpü rolunu möhkəmləndirir. Müstəqilliyimizin, suverenliyimizin qarantı olan ordumuzun güclənməsi, beynəlxalq standartlara cavab verməsi  dövlət siyasətimizin prioritet məsələlərindən olub.  Azərbaycanın bütün sahələrdə uğurları, dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ordumuzun gücü sayəsində 44 gündə 30 ilin işğalına son qoyuldu, cənab İlham Əliyev qalib ölkənin qalib Sərkərdəsi kimi adını tarixə qızıl hərflərlə yazdı.”

“YAP-ın 29 illik fəaliyyətinə nəzər saldıqda qələbələr partiyası olduğunu əminliklə söyləmək olar. Ölkədə keçirilən bütün seçkilərdən qalib çıxan partiyamıza milyonların sevgisi və etimadı  tutduğu yola, əqidəyə sadiqliyindən irəli gəlir. Yeni Azərbaycan Partiyasının hər bir qurultayında dövrün tələblərinə uyğun  qəbul olunan qərarlar dövlətin, xalqın gələcəyində əhəmiyyətli rol oynayıb. Bu baxımdan  partiyanın bu ilin 5 mart tarixində keçirilən  VII qurultayı da tarixi hadisə kimi dəyərləndirilərək   qəbul olunan yeni qərarlarla diqqətdədir. Tarixin sınaqlarından şərəflə çıxan Yeni Azərbaycan Partiyası 29 ildə “dünənin, bu günün və gələcəyin partiyası” olduğunu təsdiqləyib”,- deyə Əliabbas Salahzadə qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki