image-4050aa4a-3988-4c35-804a-a0239a045be6backend

Əliabbas Salahzadə: Mina xəritələrinin əldə olunması Azərbaycan diplomatiyasının növbəti uğurudur

image-reklam_sirab_01

Milli Məclisin deputatı Əliabbas Salahzadə dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətinin,  diplomatik fəaliyyətinin, Azərbaycan diplomatiyasının növbəti uğuru kimi dəyərləndirilən  Ermənistanın Füzuli və Zəngilan rayonlarında basdırılan minalara dair xəritələri Azərbaycana təqdim etməsinə münasibət bildirərkən qeyd edib ki,  beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşan, bütün münaqişəli məsələlərin bu prinsiplər əsasında həllində maraqlı olan Azərbaycan dövləti uğurları  ilə dünya birliyində  yerinin və rolunun  aydın mənzərəsini yaradır: “Bu gün Azərbaycan qalib ölkə kimi  regionda söz sahibi olmaqla yanaşı, dünyanın xarici siyasətində də dəyişikliklərin edilməsinə müvəffəq  oldu. BMT Təhlükəsizlik Şurasının qətnamələrini 44 gündə icra edən rəşadətli Azərbaycan Ordusu dünyaya bir-birindən önəmli mesajları ünvanladı. Artıq Dağlıq Qarabağ münaqişəsi anlayışının olmadığını, ən əsası quruculuq, torpaqlarımızın bərpası dövrünün başlandığını  bəyan edən dövlətimizin başçısı İlham Əliyev  müharibə bitdiyi gündən minalı sahələrin xəritəsinin  verilməsi  məsələsini gündəmə gətirdi və  bu istiqamətdə mühüm addımlar atır.  Tarixi Qələbəmizdən 7 ay sonra Ermənistan Ağdam rayonu üzrə minalanmış ərazilərin xəritəsini təqdim etdi. Bu addımın davamlı olacağı, bütün işğaldan azad edilmiş ərazilərimizin mina xəritələrinin veriləcəyi  heç kəsdə şübhə doğurmur. Bu əminliyə əsas verən ölkə Prezidentinin  qətiyyəti,  Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyidir.”

“Halbuki Ermənistan onda mina xəritələrinin olmadığını iddia edirdi.  Azərbaycanın haqlı mövqeyi və uğurlu diplomatik, hərbi-siyasi fəaliyyəti çox qısa zamanda ermənilərin bu yalanını da ifşa etdi” söyləyən millət vəkili vurğulayıb ki, Azərbaycan  müzəffər, Ermənistan  məğlub edilmiş ölkə kimi yaşayacaq: “Azərbaycan addım-addım bütün hədəflərinə nail olur.  Haqqın-ədalətin qalib gəldiyi 44 günlük Vətən müharibəsi işğalçı Ermənistana və ona havadarlıq edən  dövlətlərə həqiqət dərsi oldu. Azərbaycan bu həqiqətlər fonunda diktə etdiyi reallıqlarla hər kəsin barışmasına nail olur. Ermənistanın mina xəritələrini ardıcıl olaraq Azərbaycan tərəfinə təqdim etməsi də bunun bariz nümunəsidir.”

Millət vəkili onu da əlavə edib ki, Ermənistan  işğaldan azad edilmiş bütün ərazilərimizin mina xəritələrini  verdiyi halda bu,  Azərbaycanın gələcəyi üçün  önəmli hadisə olacaq: “Bu, bir tərəfdən işğalçı dövlətin yeni reallıqlarla barışmasının təsdiqi olmaqla yanaşı, digər tərəfdən, on minlərlə vətəndaşımızın, o cümlədən minatəmizləyənlərin həyatını təhlükədən xilas edəcək və işğaldan azad edilmiş ərazilərimizdə Prezident İlham Əliyev tərəfindən əsası qoyulan tikinti və yenidənqurma layihələrini və məcburi köçkünlərin qayıdışı prosesini sürətləndirəcək.”

Ə.Salahzadə işğaldan azad edilmiş torpaqlarımızın hər birinin özünəməxsus potensial imkanları olduğunu, eyni zamanda, strateji əhəmiyyət kəsb etdiklərini önə çəkərək  bildirib  ki, dövlətimizin başçısı İlham Əliyevin təməlqoyma mərasimində iştirak etdiyi  Füzuli-Şuşa avtomobil yolunu və ya “Zəfər yolu”nu qeyd etmək kifayətdir. “Zəfər yolu”nun sentyabradək istifadəyə verilməsi nəzərdə tutulur: “Həmçinin  Füzuli Beynəlxalq Hava Limanının təməli qoyulub. Hava limanının uçuş zolağının inşasının ilin sonuna kimi tamamlanması planlaşdırılır. Bir məqamı da qeyd edək ki, Zəngilan rayonu “ağıllı kənd” layihəsinin  icrasına başlandığı ilk rayondur. Mina xəritələrinin əldə olunması bu işlərin sürətinə, əhatə dairələrinin genişlənməsinə  öz müsbət təsirini göstərəcək.”

“Xarici ekspertlərin  rəylərində də  bu məqam öz əksini tapır ki, Azərbaycan Prezidenti İlham Əliyev mümkün olmayanı edib, çünki heç kim bunun əldə olunacağını təsəvvür edə bilməzdi. Mina xəritələrinin əldə edilməsi dövlətimizin başçısının uğurlu siyasəti nəticəsində  Azərbaycanın qazandığı növbəti böyük qələbədir”,- deyə millət vəkili bildirib.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki