image-elabbasbackend

Əliabbas Salahzadə: Ölkə Prezidenti Soçi görüşündən sonra İƏT tribunasından da Zəngəzur dəhlizinin artıq reallığa çevrildiyini bəyan etdi

image-reklam_sirab_01

Milli Məclisin deputatı Əliabbas Salahzadə noyabrın 26-da  Soçidə Rusiya, Azərbaycan Prezidentlərinin və Ermənistan baş nazirinin  üçtərəfli görüşündən bəhs edərək bildirib ki, görüşdə imzalanan Bəyanatda “Dağlıq Qarabağ münaqişəsi” ifadəsinin, həmçinin ATƏT-in Minsk qrupunun adının çəkilməməsi artıq onların tarixdə qaldığının təsdiqidir: “Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev hərbi-siyasi Qələbəmizin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatın imzalandığı gündən  Dağlıq Qarabağ münaqişəsinin artıq  tarixə qovuşduğunu, ölkəmizin həyatında yeni mərhələ başlandığını  bəyan edir. Lakin işğalçı Ermənistan və ona havadarlıq edən dövlətlər  guya münaqişənin həll olunmadığını  bildirərək gərginlik yaratmaqda maraqlı olduqlarını hər addımlarında büruzə verirlər. Soçi görüşündə imzalanan  sənəd bir daha belə əsassız fikirlərə  son qoydu. Artıq bir daha sübut olundu ki, gündəmdə postmünaqişə dövrünün reallıqları, 10 noyabr Bəyanatında əksini tapan müddəaların icrasıdır. Soçi görüşü  bu sənədin  imzlanmasından ötən bir ilin hesabatı kimi də dəyərləndirilə bilər. Ölkə Prezidenti İlham Əliyev üçtərəfli görüşdəki nitqində bir daha bu məqamları diqqətə çatdırdı ki, Azərbaycan Ermənistanla münasibətlərin tənzimlənməsində Rusiyanın səylərini yüksək qiymətləndirir. Ölkəmiz müharibədən ötən bir il ərzində onun fəsadlarının aradan qaldırılması və kommunikasiyaların açılması məsələlərində maksimal konstruktivlik nümayiş etdirib, dəfələrlə rəsmi şəkildə Azərbaycan və Ermənistan arasında sərhədlərin təxirəsalınmaz delimitasiyasının vacibliyini bəyan edib. Azərbaycan qarşıdurmaya son qoymaq, bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımaq üçün Ermənistana sülh razılaşması üzərində işə başlamağı təklif edib.”

Əliabbas Salahzadə qeyd edib ki, dövlət başçısı İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri, rusiyalı həmkarı ilə keçirdiyi görüş, müzakirə olunan məsələlər iki ölkə arasında münasibətlərin aydın ifadəsini yaradır: “Bakı və Moskva ümumi regional yanaşmaya malikdir, liderlər arasında isə etibar, dostluq və qarşılıqlı anlaşma mövcuddur. Ümumilikdə, iki ölkə arasında strateji tərəfdaşlıq yeni inkişaf mərhələsinə qədəm qoyur. Azərbaycan və Rusiya Prezidentləri arasında etibar və dostluğun olması, eyni zamanda, hər iki dövlət başçısının açıq siyasət yürütməsi ilə bağlıdır. Vladimir Putinin İlham Əliyevə hörmət və ehtiramla yanaşması və Azərbaycan Prezidentinin regionun gələcəyi ilə bağlı bu vaxta kimi səsləndirdiyi fikirlərin Soçi Bəyanatında öz əksini tapması proseslərin rəsmi Bakının iradəsindən kənarda inkişaf etmədiyinin göstəricisidir.”

“Ermənistan dalana dirənib. Reallıqlarla barışmaqdan, sülh müqaviləsini imzalamaqdan başqa yolu yoxdur” söyləyən  Əliabbas Salahzadə vurğulayıb ki,  hər bir görüş, imzalanan Bəyanatlar özlüyündə hədəflərə çatmaq üçün stimuldur:  “26 noyabr Soçi Bəyanatında qeyd edilir ki, Rusiya  Azərbaycan  ilə Ermənistan  arasında münasibətlərin normallaşması, Azərbaycan və erməni xalqları arasında etimad mühitinin formalaşması, habelə regionda mehriban qonşuluq münasibətlərinin bərqərar olması məqsədilə bundan sonra da zəruri olan hər cür köməyi göstərəcək. Soçi Bəyanatı Ermənistan tərəfini bir daha kapitulyasiya aktının şərtlərinə əməl etməyə vadar edir və bu ölkədə revanşist meyllərin baş qaldırma ehtimalının heç bir perspektivi olmadığını, yalnız Ermənistana fəlakət gətirəcəyini təsdiqləyir.”

Millət vəkili diqqəti  noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçrilən  İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısında dövlət başçısı İlham Əliyevin nitqində səsləndirilən fikirlərə yönəldərək onu da əlavə edib ki, Soçi görüşündən sonra ölkə  Prezidentinin  İƏT tribunasından da  Zəngəzur dəhlizinin artıq reallığa çevrilməsini bəyan etməsi özündə bütün məqamları ehtiva edir: “Suverenlik və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında qalib ölkə olan Azərbaycanın məğlubiyyətin fəlakətli nəticələrə gətirib çıxardığı Ermənistanı sülh sazişi üzərində işə başlamağa dəvət etməsi, kommunikasiyaların bərpası, Zəngəzur dəhlizinin açılması kimi məsələlərin gündəmdə olması,  xüsusilə Soçi görüşündən sonra Ermənistanın bu  çağırışlara artıq müsbət reaksiyası Azərbaycanın qətiyyətli, ədalətə və beynəlxalq hüquqa əsaslanan  mövqeyinin nəticəsi olmaqla yanaşı,  növbəti diplomatik uğurudur. Azərbaycan, eyni zamanda, regional inkişafın aparıcı qüvvəsi kimi rolunu daha da möhkəmləndirir. Zəngəzur dəhlizinin reallaşması regionun nəqliyyat sektorunda yeni imkanlar yaradacaq”

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki