Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Davam” Gənclər Hərəkatının təşkilatçılığı ilə Naftalan şəhərində baş tutan “Gənc Liderlər üçün Qış Universiteti”nin növbəti mövsümü davam edir. Layihənin məqsədi gənc liderlər və ictimai fəalların üzə çıxarılması, onların intellektual inkişafına nail olunması, dünyagörüşünün artırılması və asudə vaxtlarının səmərəli təşkil edilməsidir.
Gənc Liderlər günə səhər idmanı ilə başlayıb. Daha sonra layihənin proqramına əsasən panel müzakirələr baş tutub.
“Qış Universiteti”nin üçüncü günündə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun təqdimatında “Azərbaycanda din: ideoloji və ictimai təhlükəsizlik müstəvisində”, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Cəmaləddin Quliyevin təqdimatında “Dövlət məşğulluq siyasəti və əmək bazarında yeni trendlər”, millət vəkili Könül Nurullayevanın təqdimatında “Gənclər siyasəti, gender bərabərliyi və ictimai fəaliyyət” mövzusunda layihə iştirakçıları ilə fikir mübadiləsi aparılıb.
Günün sonunda DJ-in müşayiəti ilə gənclərin zövqünü oxşayan mahnıların sədası altında əyləncəli anlar yaşanıb.