image-17b07f4d-9248-4e97-ba32-ac17b2d989a9backend

Hərbçilər, qazilər və şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar

image-reklam_sirab_01

Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük müharibədə qazandığımız Zəfər xalqımızın minlərlə qəhrəman övladının canı-qanı bahasına, əsgər və zabitlərimizin, cəbhəyə könüllü yollanmış vətənpərvər gənclərimizin igidliyi və rəşadəti sayəsində tariximizə yazılmış şanlı salnamədir. Ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şücaət göstərən qazilərə, bu yolda canını fəda edən qəhrəmanlarımızın ailələrinə diqqət və qayğı ilə yanaşmaq bütün cəmiyyətimizin borcudur.
Qalib Sərkərdə cənab İlham Əliyev və dövlət başçısının ən yaxın, ən sadiq silahdaşı, birinci xanım, birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən Şəhidlərə, Şəhid ailələrinə, Qazilərə, Qazi ailələrinə, bütövlükdə Vətən Müharibəsi iştirakçılarına diqqət, qayğı, ehtiram, həssas münasibət göstərilib, bu gün də göstərilməkdədir.
Şəhid ailələrinin, Qazilərin, Vətən Müharibəsi iştirakçılarının müavinətlərlə, güzəştlərlə, imtiyazlarla təmin olunması, onların mənzil, yaşayış şəraitlərinin yaxşılaşdırılması istiqamətində mütəmadi və ardıcıl addımların atılması deyilənlərin əyani təsdiqi və sübutudur. Son illərdə hər ay, hər həftə neçə-neçə Şəhid ailəsi, Qazi ailəsi evlərlə, mənzillərlə, minik avtomobilləri, o cümlədən, iş yerləri ilə təmin edilirlər.
26 avqust tarixində Abşeron rayonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəhid ailələri, müharibə əlilləri və Vətən müharibəsi qəhrəmanlarına mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak ediblər. Mərasimdə şəhid ailələrinə, müharibə əlillərinə və Vətən Müharibəsi Qəhrəmanlarına 300 mənzil, həmçinin müharibə əlillərinə 50 avtomobil təqdim olunub. İndiyədək 7200 müharibə əlili avtomobillə təmin olunub. Cari ildə isə ümumilikdə, 160-dan çox avtomobilin verilməsi nəzərdə tutulub.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəhid ailələrinin üzvləri, müharibə əlilləri və Vətən müharibəsi qəhrəmanları ilə görüşmüş və ölkə başçısı çıxışında qazanılmış qələbənin önəminə bir daha toxunmuşdur. “Bu gün müharibədən keçən aylar ərzində şəhid ailələri, Qarabağ qaziləri ilə görüşlər əsnasında tam başqa ab-hava hökm sürür. Əgər əvvəlki illərdə biz hər zaman şəhidlərimizin xatirəsini yad edərək özümüzə söz verirdik ki, onların qisasını alacağıq, bu gün qürur hissi ilə deyə bilərik ki, şəhidlərimizin qanını yerdə qoymadıq, ədaləti bərpa etdik, düşməni torpağımızdan qovduq və müzəffər xalq kimi dünya tarixinə öz adımızı yazdırdıq.”
Ölkə başçısı mərasimdə çıxışı zamanı Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülmüş şəxslərin və şəhidlərin evlərlə təmin olunacağını, həmçinin, şəhid ailələri, qazilər, müharibə veteranlar ilə yanaşı müharibə dövründə öz əmlakını itirmiş mülki şəxslər üçün də yeni evlərin tikildiyini qeyd etdi.
Bəli, bütün bunlar bir daha onu göstərir və bir daha onun əyani təsdiqidir ki, dövlət hər zaman vətəndaşının yanındadır və bir daha vurğulamaq gərəkir ki, tarixi Qələbə unudulmaz şəhidlərimizin, qazilərimizin qanı, canı, mərdliyi ilə savaş meydanında qazanılıb. Qəhrəman oğullarımızın müharibədə göstərdikləri qəhrəmanlıq salnamələrinə yüksək dəyər verilir. Cənab Prezidentin imzaladığı müvafiq sərəncam da bu qayğının və diqqətin əyani təzahürüdür.

Aysel Mənsimova – YAP üzvü


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki