image-1696480736_469962backend

İnsan, Cəmiyyət və Müəllim

image-reklam_sirab_01

İnsanın yaranışını möcüzə hesab edirlərsə, bütün məziyyətiləri ilə birlikdə yaxşı bir insanın yetişdirilməsi ikiqat möcüzə hesab olunmalıdır. Əminəm ki, həyatda insan yetişdirməkdən çətin və şərəfli bir peşə yoxdur. Yaranan insana ruh qatan, şüurunu və düşüncələrini cilalayan, mənəviyyatını yetişdirənlər, bir sözlə bu ikiqat möcüzəni yaradanlar müəllimlərdir. Əməyi ölçüyə gəlməyən fədakar, təvazökar və təmənnasız insanlar. Bu gün bu şərəfli missiyanı yerinə yetirənlərin peşə bayramıdır – Müəllimlər günüdür!

Bir zamanlar Almaniya kansleri O.Bismark ölkəsinin əldə etdiyi qələbələrin möhtəşəmliyini və əzəmətini alman müəlliminin adı ilə bağlamışdı. Fransa-Prussiya müharibəsində Prussiyanın qələbəsini vəsf edən Bismark yazırdı: “Biz qələbə çaldıq, bu mübarizəmizdə alman müəllimi fransız müəlliminə üstün gəldi”.
Azərbaycanın görkəmli filosof şairi Hüseyn Cavid isə rus – yapon müharibəsində yaponların ruslar üzərində qələbəsinin səbəbini yapon müəllimlərinin güclü iradəyə və yenilməz vətən sevgisinə malik yapon vətənpərvərlərini yetişdirmə bacarığında görürdü.
Hüseyn Cavid, Mirzə Fətəli Axundzadə, Mirzə Cəlil kimi milli düşüncəli aydınlarımız, millətimizin işıqlı sabahı yolunda ömrünü şama çevirən Firudin bəy Köçərli, Abdulla Şaiq, Mircəlal Paşayev, Nəsir İmanquliyev, Fəridə Vəzirova, Xəlil Rza Ulutürk, Bəxtiyar Vahabzadə, Şirməmməd Hüseynov, Aydın Məmmədov, Yəhya Kərimov, Fərman İsmayılov, Rafiq Əliyev və onlar kimi yüzlərlə, minlərlə maarifçi ziyalılarımız böyük müəllimlər olublar. Köhnə dövrün arxaik bir cəmiyyətindən çıxmış toplumda ictimai şüuru yetişdirən, milli-mənəvi dəyərləri yorulmadan gənc nəsillərə aşılayan, milli mədəniyyətimizi davamlı şəkildə intibah etdirən, bir sözlə, millətin sabahını daha aydın və işıqlı etməyə çalışan müasir Azərbaycan ziyalılığının memarları da müəllimlərdir. Məhz bu ənənə əsasında milli qürura və milli heysiyyata, vətən təəssübkeşliyinə sədaqət ruhunda yetişmiş gənclərimiz Qarabağda yeni tariximizin zəfər salnaməəsini yazdılar. Bu möhtəşəm zəfəri qazananlar da öz fədakar müəllimlərinin yetişdirmələridir.
Bu gün müəllimlər günüdür. Bu hamı üçün xüsusi bir gündür, çünki hamımız əvəzsiz müəllim əməyinin məhsullarıyıq. Mən də bütün müəllimlərimi həmişə sonsuz minnətdarlıq hissilə xatırlayıram. Onlar da valideynlərimiz kimi, borclarını sona qədər qaytara bilmədiyimiz və bilməyəcəyimiz nadir insanlardır. Hər bir insan valideynlərinin və müəllimlərinin tərbiyəsindən, təlimindən keçərək cəmiyyətin bir üzvünə çevrilir. Bu mənada valideynlər də elə ilk müəllimlərimizdir. Beləcə, cəmiyytimizdə insan adına nə varsa, hamısı müəllim əməyinin nəticəsidir. Ona görə də bu gün təkcə müəllimlərin yox, onları sevən, onlarla fəxr edən, özünü onlara borclu sayan hamının – bütün cəmiyyətin bayram günüdür. Deməli, müəllim yeganə peşə sahidir ki, onun adına təsis olunmuş bayaram hamının, bütövlükdə cəmiyyətin bayramına çevrilir. Müəllim adının yüksəkliyi də bununla bağlıdır.
Bayramınız mübarək, əziz müəllimlər!
Bayramın mübarək, müəllimlərin yetişdirdiyi Azərbaycan cəmiyyəti!
Müəllimlərimə sonsuz minnətdarlıqla,

Cavanşir Feyziyev
Millət vəkili, fəlsəfə doktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki