İranın gecə saatlarında İsrail ərazisinə raket hücumu Tehran tərəfindən özünümüdafiə aktı olub və BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, İran tərəfi yalnız hərbi bazaları və təhlükəsizliklə bağlı obyektləri hədəfə alıb.
Vətəninfo.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
İran Xarici İşlər Nazirliyinin rəsmi saytı nazirin sözlərindən sitat gətirib: “İran İslam Respublikası yalnız BMT Nizamnaməsinin 51-ci maddəsinə əsaslanan hüquqi müdafiə hüququndan istifadə edib və müstəsna olaraq hərbi bazaları hədəfə alıb”.
Xarici İşlər Nazirliyinin məlumatına görə, Əraqçi Böyük Britaniya, Fransa, Almaniya və bir sıra digər ölkələrdən olan həmkarları ilə telefon danışığı aparıb, onlarla İranın İsrailə qarşı raket hücumunu, həmçinin Qəzza zolağı və Livandakı gərginliyi müzakirə edib.
İranın xarici işlər naziri vurğulayıb ki, Fələstinin HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Həniyənin ölümünə səbəb olan İsrail terroru fonunda İslam Respublikası iki ay ərzində təmkin nümayiş etdirib.