image-1backend

İtaliyanın Baş prokuroru Azərbaycana GƏLİB

image-reklam_sirab_01

Baş prokuror Kamran Əliyevin dəvəti ilə İtaliya Respublikasının Ali Kassasiya Məhkəməsinin Baş prokuroru Luici Salvatonun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə işgüzar səfərə gəlib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Vətəninfo.az-a verilən məlumata görə, öncə nümayəndə heyəti Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyub, eləcə də görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib. Qonaqlar, həmçinin Şəhidlər xiyabanına gedərək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş Vətən övladlarının xatirəsini anıblar.

Baş Prokurorluqda keçirilmiş görüşdə qonaqları səmimi salamlayan Baş prokuror Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İtaliya Respublikasının Prezidenti cənab Sercio Mattarellanın siyasi iradələri sayəsində ölkələrimiz arasında tarixən mövcud olan əlaqələrin uğurla inkişaf etdiyini qeyd edərək hüquqi əməkdaşlığın genişlənməsinin vacibliyini vurğulayıb.

Baş prokuror dövlət başçısının həyata keçirdiyi strateji kursun və dövlət siyasətinin prioritetlərinə uyğun olaraq ölkəmizdə hüquq qaydasının möhkəmləndirilməsi və qanunun aliliyinin təmin olunması istiqamətində aparılan islahatlar, həmçinin Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycanın ərazi bütövlüyünün tam şəkildə bərpa olunduğu, dövlət başçısının və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə Qarabağda sürətli bərpa və quruculuq işlərinin aparıldığı, bu prosesdə italyan şirkətlərinin də yaxından iştirak etdiyi barədə həmkarına məlumat verib.

Kamran Əliyev prokurorluq orqanlarının rəqəmsallaşması və bu sahədə aparılan islahatlara toxunaraq, müasir tələblərə cavab verən “Elektron prokurorluq” informasiya sisteminin fəaliyyəti barədə danışıb.

Səfərə dəvətə və səmimi qəbula görə təşəkkürünü bildirən Luici Salvato ölkəmizin dinamik inkişafının canlı şahidi olmaqdan məmnun olduğunu bildirib. Qonaq prokurorluq orqanlarımız arasında əlaqələrin qurulmasında maraqlı olduqlarını qeyd edib.

Luici Salvato ölkələrimizin tərəfdar çıxdığı beynəlxalq konvensiyalar çərçivəsində cinayətkarlığa qarşı mübarizədə hüquq mühafizə orqanlarımız arasında əməkdaşlığın müvəffəqiyyətlə həyata keçirildiyini vurğulayıb.

İtaliyanın Baş prokuroru Azərbaycan Respublikasının 12 noyabr 1995-ci ildə qəbul edilmiş Konstitusiyasının insan hüquq və azadlıqlarının qorunması, demokratiya və qanunun aliyininin təminatı olduğunu bildirib.

Baş prokuror Kamran Əliyev dünyanın ən mötəbər beynəlxalq tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un, cari ilin 29 sentyabr- 2 oktyabr tarixlərində Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu illik konfransı və ümumi yığıncağının ölkəmizdə keçiriləcəyini bildirib.

Görüşdə İtaliyanın ölkəmizdəki Səfirliyinin müşaviri Rikardo Kursi iştirak edib.

Daha sonra baş prokurorlar ölkələrimiz arasında hüquqi əməkdaşlığın gücləndirilməsi, mövcud əlaqələrin gələcəkdə daha da intensivləşdirilməsi məqsədilə Əməkdaşlığın inkişaf etdirilməsi haqqında Anlaşma Memorandumu imzalayıblar.

Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.

image-2


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki