image-1backend

Kəmaləddin Heydərov Belarusun fövqəladə hallar naziri ilə görüşüb – VİDEO

image-reklam_sirab_01

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov ölkəmizdə rəsmi səfərdə olan Belarus Respublikasının fövqəladə hallar naziri daxili xidmət general-mayoru Vadim Sinyavskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Vətəninfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Əvvəlcə, qonaqlar Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinə ehtiram ifadə edib, məzarları üzərinə güllər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Daha sonra Fövqəladə Hallar Nazirliyində keçirilən görüşdə qonaqları səmimi salamlayan nazir Kəmaləddin Heydərov xalqlarımız və ölkələrimiz arasında dərin və möhkəm köklərə malik dostluq münasibətlərinin iki dövlət başçılarının siyasi uzaqgörənliyi və qarşılıqlı etimadı sayəsində strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini xatırladıb. Bu çərçivədə Azərbaycan Fövqəladə Hallar Nazirliyi ilə Belarus Fövqəladə Hallar Nazirliyi arasında sıx əməkdaşlıq münasibətlərinin formalaşdığını, qarşılıqlı səfərlərin, keçirilən görüşlərin iki ölkənin fövqəladə hallarla mübarizə üzrə uyğun qurumları arasında əlaqələrin daha da genişləndirilməsinə mühüm töhfə verdiyini vurğulayıb.

K.Heydərov 17 oktyabr 2006-cı il tarixində Minsk şəhərində imzalanmış “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Belarus Respublikasının Fövqəladə Hallar Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”in mülki müdafiə məsələlərində, o cümlədən fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində təcrübə mübadiləsinin aparılmasında sıx əməkdaşlığın formalaşması üçün vacib rol oynadığını diqqətə çatdırıb. Cari ilin iyun ayında Minskə rəsmi səfərinin məhsuldar keçdiyini vurğulayan nazir Kəmaləddin Heydərov səfər çərçivəsində imzalanmış 2025-2027-ci illər üzrə tədbirlərin Kompleks Planının yaxın illər üçün əməkdaşlığın konkret istiqamətlərini müəyyən etdiyini xatırladıb.

Kadr hazırlığı və təhsil sahəsindəki sıx əlaqələri, o cümlədən hər iki nazirliyin ali təhsil müəssisələri arasında təşəkkül tapmış qarşılıqlı faydalı münasibətləri yüksək qiymətləndirən K.Heydərov qeyd edilənlərin qurumlar arasında əməkdaşlığın inkişafında xüsus rol oynadığını vurğulayıb.

Səmimi görüşə görə təşəkkür edən Belarus Respublikasının fövqəladə hallar naziri Vadim Sinyavski iki dost ölkə arasında dövlət başçılarının səyləri nəticəsində formalaşmış strateji tərəfdaşlıq əlaqələri çərçivəsində fövqəladə hallarla mübarizə üzrə məsul qurumlar arasında əməkdaşlığın inkişaf səviyyəsindən məmnunluq ifadə edib.

İki nazirlik arasında əlaqələrin dərinləşdirilməsinin qarşılıqlı faydasından danışan nümayəndə heyətinin rəhbəri səfərlərin, aparılan müzakirələrin münasibətlərin genişləndirilməsinə xüsusi təkan verdiyini bildirib. Müxtəlif istiqamətlərdə, o cümlədən təhsil və kadr hazırlığı sahəsində əlaqələrin daim dərinləşdiyini vurğulayan V.Sinyavski Minsk şəhərində imzalanmış tədbirlərin Kompleks Planı üzrə yaxın illərdə atılacaq birgə addımların əhəmiyyətini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Daha sonra qonaqlar FHN-in İctimaiyyətlə əlaqə idarəsinin Multi-media mərkəzinin fəaliyyəti ilə yerində tanış olublar.

Səfər çərçivəsində Belarus nümayəndə heyəti Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Akademiyasında olub.

Qonaqlara ali təhsil müəssisəsi haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Akademiya FHN üçün xüsusi ixtisaslı ali təhsilli kadrların hazırlanmasını həyata keçirən, fövqəladə hallar sahəsində fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatlar aparan xüsusi təyinatlı ali təhsil müəssisəsidir. Akademiyada beynəlxalq əlaqələrə xüsusi diqqət yetirildiyi vurğulanıb, ali təhsil ocağının bir sıra ölkələrin, o cümlədən Belarusun müvafiq təhsil müəssisələri ilə uğurlu əməkdaşlıq etdiyi qeyd olunub.

Qonaqlar Akademiyada fəaliyyət göstərən Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə tanış olub, konfrans zalı, fənn kabinetləri və kitabxanaya baş çəkiblər. Nazir Vadim Sinyavski Heydər Əliyev Mərkəzində Akademiyanın xatirə kitabına ürək sözlərini yazıb.

Belarusun fövqəladə hallar naziri Vadim Sinyavski Akademiyanın fəaliyyətini yüksək qiymətləndirib, iki qurumun uyğun təhsil müəssisələri arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini qeyd edib.

Sonra belaruslu nazirə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (UN OCHA) Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupunun (INSARAG) sinifləndirilməsi ilə əlaqədar təşkil olunmuş taktiki-xüsusi təlim barədə məlumat verilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki