image-30backend

Laçın – Zəngin rayon!

image-reklam_sirab_01

 

Laçın! Füsunkar gözəlliyinə, mərd insanlarına və qonaqpərvərliyinə görə sənə deyilən xoş sözləri və adları saymaqla qurtarmaq olmaz.

 

Laçın rayonu Azərbaycan Respublikasının cənub-qərbində, dağlıq ərazidə yerləşir. Şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonları, qərbdən isə Ermənistan Respublikası ilə həmsərhəddir.

 

Dünyada ən nadir ağac sayılan qırmızı dəmirağac meşələri, çoxlu mineral suları, kobalt, uran, civə, qızıl, dəmir, müxtəlif rəngli mərmər yataqları, həddindən çox dərman bitkiləri və s. vardır.

 

Laçın rayonu ilə Bakı arasında olan məsafə 414 kilometrdir.

 

Laçın rayonunun 200-ə yaxın tarix mədəniyyət və memarlıq abidələri, onlarla kurqan, qala tipli arxeologiya baxımından faydalı olan abidələr, çoxlu sayda qəbirüstü abidələr, stellalar, at, qoç fiqurları, süjetli daşlar, eləcədə bu ərazi çoxlu təbii sərvətləri, qiymətli mineral suları ilə zəngin bir ərazi olmuşdur ki, 1992-ci ilin may ayının 18-dən Ermənistan Respublikasının işğalı altındadır.

 

İşğaldan əvvəl: 217 mədəniyyət müəssisəsi, 142 səhiyyə obyekti, 133 idarə və müəssisə, 100 ümumtəhsil məktəbi, 5 məktəbəqədər müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 1 rabitə evi və s. vardı.

 

Laçın dedikdə, onu bir dəfə görən insanın gözünün qabağında insanı heyran edən gözəl bir mənzərə canlanır. Mahalın aşağı hissəsində Zəngəzur dağının ətəyində bir-birindən xeyli aralı Artız, Salaq və Mərkiz dağları, onlardan uzaqlarda Xustun, Kəpəz, Keçəldağ silsiləsi uzanır, onlardan o tərəfdə Pirdavan, Qacaran, Kiqin dağları görünür. Zəngəzur dağlarının zirvəsi bəzi yerlərdə dəniz səviyyəsindən 3906 metr yüksəkdir və həmişə qarla örtülüdür.

 

Laçın bölgəsi ölkələrlə, dövlətlərlə, Azərbaycanın Səfəvilər dövləti ilə, Rusiyanın hətta bir vilayəti ilə müqayisədə çox kiçik sahəyə malik bir bölgədir. Amma, Ulu Yaradan bu bölgəni elə bil özü üçün, özünün mələkləri üçün yaradıb, “eşqinin, məhəbbətinin” coşub-çağlayan vaxtı yaradıb. Gözəl meşələri, təmiz havası, saf suları, ceyranları-cüyürləri, dağ keçiləri, şəlalələri, sərt qayaları, başı ağ çalmalı dağları, dağ başında düzənləri, ucsuz-bucaqsız yaylaqları, qayalarından sallanan cürbəcür gülləri, şaxtada qaynayan isti bulaqları, dünyanın heç yerində tapılmayan təbii gül-çiçəkləri, 300-400 il yaşında qırmızı palıd ağacları, qartalları, qurd ürəkli oğulları, oğullara arxa olan –dayaq olan, kişilərin arxasını yerə qoyan qadınları, qızları var Laçının. Bir sözlə təbiət bu torpaqdan öz əsrarəngiz gözəlliyini, təbii sərvətlərini və bol-bol nemətlərini əsirgəməmişdir. Tarixən təbii şəraitinə görə burada əsasən heyvandarlıqla məşğul olsalar da – əkinçilik, arıçılıq, bağ-bostançılıq da inkişaf etmişdir. Yun, xəz materiallarından burada nə istəsən yaradırdılar. Laçının çox keyfiyyətli su mənbələri vardı. Bunlardan 20-dən artıq müalicə əhəmiyyətli bulaqlar idi. Buranın insanları çox-çox qədimlərdən bu mineral bulaqlardan müalicə məqsədi ilə istifadə etmişlər. El arasında möcüzəsinə görə bu sulara – baş suyu, göz suyu, diş suyu, yel suyu, mədə suyu və s. adlar verilmişdi. Bu su mənbələri əsasən bölgənin Minkənd, Molla-Əhmədli, Mirik və s. yaşayış məntəqələrinə yaxın idi və bu bulaqlar üzərində həmişə yeyib-içmək məqsədi ilə abadlıq yaradırdılar. Yay aylarında Qarabağın, Zəngəzurun isti yerlərindən, xüsusən Bakı və Sumqayıtda yaşayan əhali bu yerlərdə istirahət edər, müalicə alardılar.

 

Mənfur qonşular isə sənə 1988-ci ildə “Qarabağın qara” qapısı, 1992-ci ildə “Laçın koridoru”, 1993-cü ildə isə “Berdzor”, dağlar gözəli Laçının tacı Qaragölə “Sevlic”, bəyliyin mərkəzi babamızın yadigarı Həmzə Soltan sarayına Melikatun adlarını vermişdilər. Lakin bunların heç biri sənə yaraşmırdı. Bunu nə dağların, çayların, bulaqların, nə də qoynuna sığınan 60 min əhalin qəbul etmirdi. Onlar səni 1988-ci ildən 1992-ci ilə qədər qorudular. Arxalı düşmənin hücumlarına sinə gərərək, bir qarış torpaq da vermədilər. Dörd il Laçın və laçınlılar həm öz yurdlarını, həm də Qarabağı qorudular.

 

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı özü beynəlxalq qanunlarının aliliyini və tarixi ədaləti bərpa etdi. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. Bundan əvvəl, noyabrın 9-u Laçın rayonunun Güləbürd, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. 2020-ci il noyabrın 26-da “Laçının azad olunmasına görə” medalı təsis edilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərəncamları ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8395 hərbi qulluqçusu “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.

 

14 fevral 2021-ci il və 16 avqust tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın rayonunda səfərdə olmuşdur. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş komandanı İlham Əliyev fevralın 14-də Güləbird kəndində Azərbaycan bayrağını qaldırdı.

 

Laçın istiqamətində dövlət sərhədləri möhkəmləndirilir. Eyni zamanda, Laçın rayonunda fərqli təyinatlı infrastruktur layihələri reallaşdırılır.

 

Laçın rayonunda generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyasını işə salınıb. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək. Prezident İlham Əliyev vurğulayıb: “Bu, azad edilmiş torpaqlarda istismara verilən birinci elektrik stansiyasıdır və bunun çox böyük əhəmiyyəti, böyük rəmzi mənası var. Biz qayıdırıq bu torpaqlara. Biz Kəlbəcər və Laçın rayonlarında ermənilər tərəfindən uzun illər ərzində qanunsuz istismar edilmiş, onlar tərəfindən dağıdılmış bütün su elektrik stansiyalarını bərpa edəcəyik. Düşmən təkcə Laçın rayonu ərazisində 5 su elektrik stansiyasını dağıdıb. Onların hamısı bərpa ediləcək.”

 

Prezident İlham Əliyevin Sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 72,8 kilometrdir. Birinci və ikinci texniki dərəcəyə uyğun tikiləcək yolun hərəkət hissəsinin eni 9-16 metr olacaq. İki və dörd hərəkət zolaqlı olacaq yol üzərində altkeçidlər və körpü inşa olunacaq. Yol üzərində 3 tunelin tikintisi aparılacaq. Tunellərin ümumi uzunluğu 9450 metr olacaqdır.

 

Laçın bizimdir!

Qarabağ Azərbaycandır!

 

Fizuli Həsənov,

Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin Binəqədi rayon nümayəndəliyin sədri,

1-ci qrup Qarabağ qazisi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki