“Bakalavr və magistr təhsili bu yaş həddi çərçivəsində uyğunlaşdırılmalıdır”
Məlum olduğu kimi, Azərbaycanda təhsilə görə hərbi xidmətdən möhlət hüququnun verilməsi ilə bağlı qanunvericilikdə bir sıra dəyişikliklər edilib. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna edilən dəyişikliklərə görə, təhsil alanın hərbi xidmətə çağırış üçün möhlət yaşı müxtəlif səbəblərə görə dəyişəcək.
Qanunda bildirilir ki, bakalavrda olduğu kimi, magistratura pilləsində əyani təhsil alan tələbələrə də hərbi xidmətdən möhlət hüququ veriləcək. Lakin bu möhlət hüququ müəyyən yaş həddi ilə məhdudlaşdırılacaq. Belə ki, qanunda magistratura səviyyəsində təhsil alanlara təhsillərini bitirənədək, lakin 26 yaşdan çox olmamaq şərti ilə möhlət hüququnun veriləcəyi qeyd olunub. Həmçinin bildirilir ki, dövlət proqramları və tələbə mübadiləsinə dair hökumətlərarası təqaüd proqramları çərçivəsində təhsil alan çağırışçılar isə istisna təşkil edəcəklər.
Yeni qanunda maraq doğuran məqamlardan biri də magistr pilləsi üzrə təhsil almaq istəyən, lakin 26 yaş məhdudiyyəti ilə üzləşə biləcək gənclərin təhsil həyatlarını necə davam etdirəcəkləri ilə bağlıdır. Bu zaman sual yaranır ki, məsələn, 25 yaşı tamam olan bir gəncin tədris müddəti adətən 2 il olan magistratura pilləsində təhsil almaq üçün müraciət etmək hüququ varmı? Bu halda şəxsin təhsilini yarımçıq qoyma təhlükəsi yarana bilərmi?
Təhsil eksperti Kamran Əsədov şərhində bildirib ki, qısa müddət əvvəl qanunvericiliyə edilən dəyişikliklər xüsusilə magistratura pilləsində təhsil alanlara 26 yaşdan çox olmamaq şərti ilə möhlət hüququnun tanınması ilə bağlı müddəa, təhsil və hərbi xidmət məsələsində müəyyən çevikliyi təmin edir: “Bu yanaşma həm təhsilin, həm də milli təhlükəsizlik maraqlarının balanslaşdırılması məqsədinə xidmət edir. Möhlət hüququ ilə bağlı bu dəyişikliklər həm təhsil almaq istəyən gənclər, həm də təhsil müəssisələri üçün mühüm əhəmiyyət kəsb edir. Yeni qanunvericiliyə əsasən, magistratura pilləsində təhsil alan şəxslərə verilən möhlət hüququ, yalnız 26 yaşını tamamlamayanlara şamil edilir. Bu o deməkdir ki, 25 yaşında magistratura təhsilinə müraciət edən bir şəxs, təhsil müddətində (adətən 2 il) hərbi xidmətdən azad olunur və bu müddət ərzində təhsilini başa çatdıra bilər. Bu hüquq, təhsil prosesinə mane olmamaq və yüksək ixtisaslı kadrların yetişdirilməsini təmin etmək məqsədilə tanınır. Bununla belə, 26 yaşdan yuxarı şəxslər artıq möhlət hüququndan istifadə edə bilmir”.
Ekspert qeyd edir ki, bu, bəzi suallar və narazılıqlar yarada bilər: “Azərbaycanda möhlət hüququ ilə bağlı statistika göstərir ki, hərbi xidmətdən azad edilmək və ya möhlət hüququndan yararlanmaq istəyənlərin əksəriyyəti təhsillə bağlı səbəblər göstərir. Məsələn, 2023-cü ildə verilən möhlət hüququnun təxminən 70%-i təhsil alan şəxslərə aid olub. Bu, təhsilin ölkədə yüksək prioritet olduğunu göstərsə də, bəzi hallarda bu hüquqdan sui-istifadə edildiyi də vurğulanır. Yeni qanun məhz bu cür sui-istifadələrin qarşısını almaq və möhlət hüququnu daha şəffaf şəkildə tətbiq etmək məqsədi güdür. Dünya təcrübəsi ilə müqayisə apardıqda, müxtəlif ölkələrin möhlət hüququ ilə bağlı fərqli yanaşmalar tətbiq etdiyini görmək mümkündür.
Məsələn, Türkiyədə universitetlərdə bakalavr və magistratura təhsili alan şəxslərə möhlət hüququ təmin edilir və bu hüquq yaş həddi ilə məhdudlaşdırılır. Adətən bu hədd 29 yaşdır, lakin yalnız təhsil müddətində istifadə edilə bilər. Almaniyada isə hərbi xidmət könüllü olduğu üçün təhsil və hərbi xidmət arasında seçim məsələsi gündəmdə deyil. ABŞ-də isə hərbi xidmət könüllü əsasda həyata keçirildiyi üçün təhsil prosesinə birbaşa təsir göstərmir. Azərbaycanla müqayisədə bu ölkələrdə təhsil və hərbi xidmət məsələləri daha çevik və adaptiv qaydalara əsaslanır”.
“Yeni qanunvericiliyin müsbət tərəfləri arasında təhsilin prioritet olaraq qəbul edilməsi və gənclərə daha çox seçim azadlığının verilməsi dayanır. Möhlət hüququnun 26 yaş ilə məhdudlaşdırılması həm təhsilin müddətinə nəzarəti gücləndirir, həm də bu hüquqdan sui-istifadə hallarını minimuma endirir. Bu yanaşma həmçinin ali təhsilin ikinci pilləsində ixtisaslaşmanın artmasına şərait yaradır. Belə ki, magistratura pilləsində oxuyan gənclər hərbi xidmətə çağırışdan qorxmadan təhsillərini başa çatdırmaq imkanına malik olur”,-deyə ekspert bildirib.
K. Əsədovun sözlərinə görə, yeni qaydaların müəyyən mənfi təsirləri də ola bilər: “26 yaşdan sonra təhsil almağa qərar verən şəxslər üçün möhlət hüququnun təmin edilməməsi onların təhsil planlarını təxirə salmasına və ya hərbi xidmətlə təhsil arasında seçim etməsinə səbəb ola bilər. Bu, xüsusilə karyerasını inkişaf etdirmək üçün gec təhsil almaq istəyənlərə çətinlik yaradır. Üstəlik, müəyyən yaş həddinin tətbiqi bəzi şəxslər üçün bərabərsiz vəziyyət yarada bilər. Qanunvericilikdəki bu dəyişikliklər hərbi xidmət və təhsil arasındakı tarazlığı qorumağa yönəlib. Azərbaycanın coğrafi və strateji mövqeyi nəzərə alınaraq hərbi xidmətə olan ehtiyac prioritet kimi saxlanılır. Lakin təhsil də eyni dərəcədə önəmli bir sahədir və ixtisaslı kadrların yetişdirilməsi milli maraqların təmin olunmasında mühüm rol oynayır. Təklif oluna biləcək alternativlər arasında yaş həddinin daha da artırılması, məsələn, 28 yaşa qədər uzadılması və ya təhsil pilləsinin yekunlaşmasına əsaslanan daha çevik möhlət hüququ modelinin tətbiqi yer ala bilər”.
Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə açıqlamasında bildirib ki, qurum tərəfindən sözügedən məsələ ilə bağlı hər hansı məhduddiyyət tətbiq olunmur: “Magistraturaya qəbul zamanı şəxsin hərbi möhlətinin olub-olmaması sistem vasitəsilə yoxlanılmır. Biz sadəcə cari ilin məzunlarının nəticələrini Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim edirik ki, bu uşaqlar müsabiqə şərtlərini ödəyirlər və onlara möhlət verilməlidir. Ali məktəbə qəbul olmadıqları zaman isə hərbi xidmətə çağrılırlar. Abituriyentlərdə belədir ki, qeydiyyat yaşı keçibsə, nəinki imtahana, qeydiyyat mərhələsinə belə buraxılmırlar. Amma magistratura pilləsi üzrə belə bir problemlər yoxdur”.
Hərbi ekspert Elxan Şıxəliyev isə şərhində bildirib ki, dəyişikliklərdən sonra bakalavr və magistratura pillələri üzrə təhsil alan tələbələr bu barədə planlı hərəkət etməlidirlər:”Onlar işlərini əvvəlcədən elə planlaşdırmalıdırlar ki, bakalar təhsilərini bitirmə müddəti 24, magistraturanı isə 26 yaşdan çox olmasın. Təbii ki, qanunun qəbul olunduğu keçid dövrünə düşən tələbələrin bu mərhələdə yaş hədlərini keçib-keçməməsini müvafiq komissiyalar araşdırıb, qərar verə biləcəkər. Bu yaxın perspektiv üçün belədir. Amma 1-2 ildən sonra hər kəs bilməlidir ki, bakalavr və magistr təhsili bu yaş həddi çərçivəsində uyğunlaşdırılmalıdır. Əks təqdirdə ya hərbi xidmət keçib, bakalvra başlamalı, ya da bakalavrdan sonra hərbi xidmət keçib, magistr təhsili almalıdırlar. Düşünürəm ki, bütün bunlar zamanla tənzimlənəcək”.”AzPolitika.info”