Nizami Rayon İcra Hakimiyyəti Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı ilə birgə “Heydər Əliyev İli” çərçivəsində 12 aprel 2023-cü il tarixində “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda geniş ictimaiyyət nümayəndələrinin iştirakı ilə konfrans keçirib.
Konfrans iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin büstünü ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə ulu öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” adlı videoçarx nümayiş olunub.
Konfransda Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Milli Məclisin deputatları Musa Qasımlı, Aydın Hüseynov, Könül Nurullayeva, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, Azərbaycanın çağdaş tarixinin milli intibah dövrü müdrik dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndər Azərbaycan dövlətçiliyini xaos və böhran məngənəsindən çıxarmış, xalqımızın taleyində misilsiz xilaskar missiyasını şərəflə yerinə yetirmişdir. Dahi rəhbər dövlətçiliyə hədsiz sədaqəti ilə indiki və gələcək nəsillərə örnək ola biləcək bir fəaliyyət nümunəsi, ölkəmizin davamlı inkişafının uzunömürlüyünü təmin edən təkmil irs, siyasi məktəb miras qoymuşdur. O, ölkə həyatının bütün sahələrində quruculuğun, davamlı inkişafın və islahatların banisi olmuşdur.
Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətinə rəhbərliyinin 34 ili milli intibah dövrü kimi tarixi yaddaşımıza əbədi həkk olunub. Bu dövr bir-birindən zaman və ictimai-siyasi formasiya baxımından fərqlənən iki mərhələ ilə (1969-1982-ci və 1993-2003-cü illər) xarakterizə olunsa da, əslində hər iki mərhələdə həyatımızın bütün sahələrində sürətli yüksəliş, milli ruhun inkişafı və mənəviyyatın tərəqqisi dövrü yaşanmışdı.
Tarixin ən görkəmli şəxsiyyətlərdən olan Heydər Əliyevin parlaq siyasi zəkası sayəsində iki əsrin və iki minilliyin qovuşuğundakı Azərbaycan öz milli-mənəvi dəyərlərini qoruyaraq, üçüncü minilliyə inamla qədəm qoymuşdur. Heydər Əliyev zəkası bütün sədləri yararaq və qarşıya çıxan heç bir çətinliyə baxmayaraq, Azərbaycanı olduqca mürəkkəb zamanın dalğaları arasından salamat çıxarıb ona həm bölgədə, həm də dünyada layiqli yer qazandırmışdır.
Xüsusi olaraq vurğulanıb ki, Ulu Öndər Azərbaycanı davamlı və sabit inkişaf yoluna çıxarmaqla yanaşı, bu siyasəti özündən sonra da layiqincə davam etdirə biləcək lider yetişdirmişdir. 2003-cü ildən Azərbaycana inamla rəhbərlik edən Prezident İlham Əliyev keyfiyyətcə yeni mərhələdə milli inkişaf prioritetlərini düzgün müəyyənləşdirmiş, ölkənin bütün potensialını intellektual resursların, insan kapitalının gücləndirilməsi yönümündə səfərbər etmişdir.
Möhtərəm Prezidentimiz İlham Əliyev uzaqgörən siyasəti, düşünülmüş islahatları və müdrik qərarları ilə müstəqil Azərbaycanı dinamik inkişaf yoluna çıxarmış, dünya miqyasında sabit iqtisadiyyata və mühüm geostrateji mövqeyə malik olan, qlobal enerji təhlükəsizliyinin təminatında vacib rol oynayan, siyasi, iqtisadi, humanitar və digər sahələrdə qlobal məsələlərin müzakirə olunduğu məkana çevirmişdir. Bu gün Azərbaycan beynəlxalq və regional əməkdaşlığa böyük töhfələr verən, mövcud olduğu regionda hadisələrin inkişaf istiqamətini müəyyən edən nüfuzlu bir dövlət kimi dünya birliyi tərəfindən qəbul olunur. Ölkəmiz gündən-günə güclənərək və inkişaf edərək yeni çağırışlara cavab verməklə mətin addımlarla irəliləyir.
Konfransın sonunda Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilmiş “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda referat yazı müsabiqəsinin qalibləri mükafatlandırılıblar.