image-gullu-yologlubackend

O GÜN UZAQDA DEYİL…

image-reklam_sirab_01

“Azərbaycan-Ermənistan sərhədində biz söz sahibiyik”.
İlham Əliyev

Azərbaycanın işğal edilmiş torpaqlarının azad olunması ölkə başçısı, müzəffər Ali Baş Komandan üçün nə qədər vacib idisə, 30 ildə erməni vandallarının xarabazarlığa çevirdikləri yurd yerlərimizin bərpa və yenidənqurma işləri də bir o qədər önəmlidir. Bunu prezidentin işğaldan azad olunmuş torpaqlarımıza çoxsaylı səfərləri də göstərir. Elə bu günlərdə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın azad edilmiş Kəlbəcər və Laçın rayonlarına növbəti səfəri də bunu sübut edir. Ölkə prezidenti özü şəxsən yerlərdəki vəziyyətlə tanış olur, bölgənin perspektivi ilə bağlı planların real tətbiq imkanlarını öyrənir, yeni tapşırıqlar verir, görülən işlərin nəticələrini yoxlayır.
Artıq müharibənin bitib, üçtərəfli müqavilə bağlanılıb. Bölgədə abadlıq, bərpa, quruculuq işlərinin aparıldığı bir vaxtda ermənilərin havadarlarının dəstəyilə aktivləşmələri, sülhməramlıların açıq şəkildə öz vəzifələri ilə deyil, tamamilə sülhə zərbə vuran fəaliyyətləri, separatçı erməni dəstələrinin təxribatlar törədərək Azərbaycanı yeni müharibəyə cəlb etmək istəkləri bir daha onu göstərir ki, 44 günlük savaş dövründə kənardan seyrçi kimi görünən bəzi qüvvələr yaranmış reallıqla barışmaq istəmir, bölgədə yeganə dayaqları olan ermənilərin əldən çıxmasını istəmirlər. Əslində Rusiya yolunu azmış Paşinyana dərs vermək üçün müəyyən müddət kənarda durduqdan sonra “xilaskar” rolunu oynamağa başlayaraq “yenə də biz” mesajını vermək istəyirdi. Və buna da nail oldu. Lakin bu o demək deyil ki, özün imzaladığın müqavilənin şərtlərini özün də pozasan. Ermənilərin “ürəklənməsinin” əsas səbəbi Rusiyanın verdiyi açıq və gizli dəstəkdir. Iranın da son günlər aktivləşməsi bölgədə daha bir üçlü gizli müqavilənin həyata keçirilməsi istəyindən xəbər verir. Bunun üçün Türkiyənin başqa bölgələrdə başının qarışması və ya daxili problemlərinin qabardılması hər üç tərəfin öz mənfur siyasətlərini həyata keçirmələrinə sərf edir. Azərbaycan prezidenti dəfələrlə qeyd etmişdir ki, bölgədə gedən bütün oyunlardan xəbəri var və sülhə mane ola biləcək hər bir addımın qarşısı yerindəcə alınacaq. Bütün bunlar Ali Baş Komandanın çıxışlarının günü-gündən sərtləşməsinə gətirib çıxarır. Yəni prezidentin hər bir sözünün hədəfi var və ümid edirik ki, hər kəs öz payını götürəcək…
Kəlbəcər rayonunun elektrik enerjisi ilə təchizatı, Prezident İlham Əliyevin sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolu, yol üzərindəki 3 tunelin tikintisi, hava limanının tikintisi, bir sözlə Kəlbəcərin, Laçının bərpası, yenidən qurulması prosesinə start verilib və qısa zamanda qarşıya qoyulan vəzifələr öz həllini tapacaq, Zəngəzur dəhlizi də açılacaq, “ermənilər bunu istəsələr də, istəməsələr də”… Vaxtilə ermənilər Azərbaycan tərəfin etirazına baxmayaraq qanunsuz olaraq Basarkeçərdən Kəlbəcərə getmək üçün Laçın dəhlizinə asfalt yol çəkmişdilər. İndi prezidentin “hərbi qənimət” adlandırdığı həmin yoldan da Azərbaycan tərəfi istifadə edir.
Təbii ki, torpaqlarımızın mənfur qonşularımız tərəfindən işğalı səbəbsiz deyildi. Atalar yaxşı deyiblər: “arxalı köpək qurdu basar”. Birinci növbədə o dövrdə Azərbaycanda hakimiyyətdə olanların həm siyasi, həm hərbi savadsızlığı, qətiyyətsizliyi və qeyri-peşəkar, səriştəsiz hərəkətləri ermənilərə müəyyən üstünlük vermişdi. Məhz onların bu hərəkətlərinin acı nəticəsi kimi işğal olunan torpaqlarımızın sərvətinin talanması, qaçqınlar, onların problemləri, dünyaya haqq səsimizi çatdırmaq, hərbi gücümüzü artırmaq məqsədilə aparılan işlər və s. və i. Sovetlər Birliyi dağıldıqdan sonra iqtisadi gücünü artırmaq üçün səy göstərən ölkəmizə ağır zərbə idi. Məncə də onlar məsuliyyətdən kənarda qalmamalıdırlar. Şuşa kimi alınmaz qalanın ermənilərə verilməsi daha böyük cinayətdir. Şuşanı azad edərkən şəhid olan qardaşlarımızın, yaralı qazilərimizin də qanı onların üstündədir. Azərbaycanın o vaxtkı rəhbərliyinin səriştəsizliyi, havadarlarının köməyi otuz il əvvəl erməniləri öz gözlərində “qalib və məğlubedilməz” xalq kimi görmələrinə səbəb olsa da, artıq 44 günlük savaşdakı qələbəmiz bütün bu mifləri darmadağın etdi və indi “qazandıqları”nın əllərindən çıxması ilə nə ermənilər, nə də torpaqlarımızın zəngin yerüstü və yeraltı sərvətindən faydalanan digər ölkələr barışmaq istəmirlər.
Qeyd etmək lazımdır ki, ölkə başçımız hər səfərində özünün tarixi bilgiləri ilə qarşı tərəfə ciddi mesajlar verməklə yanaşı ölkəmizin alim və ziyalılarını da siyasi yöndən diqqətli olmağa çağırır. Tarixi sənədlər, toponimlər düzgün istifadə olunmalı, hər bir bölgənin, dağın, dərənin, rayonun və ya kəndin adlarında gizlənən tariximizin üzə çıxarılmasına öznəm verməyin lazım olduğunu söyləyir.
Prezident İlham Əliyev perspektivlərdən danışarkən keçmiş məcburi köçkünləri azad edilmiş torpaqlara tədricən qaytarmağın da gündəlikdə duran məsələlərdən olduğunu və bir neçə aydan sonra Zəngilan rayonunda birinci qrup keçmiş köçkünlərin yerləşəcəyini vurğulamışdır. Əlbəttə, işğaldan azad olunan yurd yerləri yenidən dirçəldilməli, təsərrüfat işləri bərpa olunmalı, açılan məktəblərə şagirdlər, müəllimlər getməlidir. Bunun üçün isə uzun illər Azərbaycanın müxtəlif şəhərlərində, bölgələrində müvəqqəti məskunlaşan insanlar geri dönməli, o yurd yerlərini şenləndirməlidirlər. İnanırıq ki, o gün uzaqda deyil… Dövlətimiz isə bu yolda hər cür imkan yaradır, dəstək verir…

GÜLLÜ YOLOĞLU
tarix elmləri doktoru, türkoloq


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki