Prezident İlham Əliyevin 16 iyun tarixində keçirilmiş
“Qlobal dünya nizamına təhdidlər” mövzusunda
IX Qlobal Bakı Forumunda çıxışı ilə əlaqədar
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə iyunun 16-da “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu işə başlayıb.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak edib Forumda Prezident İlham Əliyevin çıxışı, həmin çıxış əsnasında səsləndirdiyi bəyanatlar da mühüm əhəmiyyətə malikdir. Dövlətimizin başçısı Forumda həm Azərbaycan-Ermənistan münasibətlərinin bu günü və gələcəyi, həm Zəngəzur dəhlizi və onun açılmasının önəmi ilə bağlı konkret fikirlər səsləndirib. Ölkə başçısı bir daha qeyd edib ki, regionda sülhün, sabitliyin bərqərar olması üçün Ermənistan tərəfi Azərbaycanın sülh səylərini dəstəkləməli, təxribat xarakterli addımlardan imtina etməlidir.Dövlət başçısı Zəngəzur dəhlizinin açılmasının önəmini də qeyd edib, bununla bağlı dövlətimizin prinsipial mövqeyini ortaya qoyub. Prezident bildirib ki, əgər Zəngəzur dəhlizi açılmasa, o zaman sülhdən danışmaq çətin olacaq.Azərbaycanın dövlət başçısı Forumdakı çıxışında dünyadakı münaqişələrin sülh yolu ilə həlli, ərzaq təhlükəsizliyinin təmin edilməsi, ədalətli dünya nizamının formalaşdırılmasının vacibliyini qeyd edib. Dövlətimizin başçısının dünyadakı hadisə və proseslərə yanaşma tərzi, qlobal böhran və problemlərə yanaşma forması bir daha Azərbaycanın nə qədər sülhpərvər siyasət yürütdüyünü ortaya qoydu. Prezident bildirib ki:” Əlbəttə, Azərbaycanın Prezidenti olaraq mən ölkəmizin təhlükəsizliyi ilə bağlı məsələlər üzərində çalışıram və Qarabağ münaqişəsinin həlli, zənnimcə, regionda təhlükəsizlik üçün, regionda sülh üçün bir fürsətdir. Keçən dəfə görüşəndə mən işğal, dağıntı və xalqımızın demək olar ki, otuz il əziyyət çəkdiyi humanitar böhranla bağlı məsələyə geniş şəkildə toxundum. Bunları təkrarlamaq istəmirəm, bunlar artıq məlumdur. Çünki işğaldan azad edilmiş ərazilərdə o qədər ziyarətçilər – siyasətçilər, ictimai xadimlər, jurnalistlər, vətəndaş cəmiyyətinin nümayəndələri olublar, onlar hər şeyi, erməni işğalından sonra hansı dağıntıların qaldığını öz gözləri ilə görüblər.Keçən il Nizami Gəncəvi Beynəlxalq Mərkəzi sessiyalardan birini Şuşada təşkil etmişdir. Mən buna görə Mərkəzə minnətdaram və bizim orada görüşmək imkanımız oldu. Mən qonaqlarımız üçün sanki bir bələdçi olaraq onlara vəziyyəti göstərirdim. Buna görə mən bizim müharibədən sonrakı vəziyyət, Qafqazda regional təhlükəsizliklə bağlı yanaşmalarımızı ifadə etmək istəyirəm. Azərbaycan müharibədə qalib gəldi, müharibə ədalətli idi, müharibə labüd idi və ədalətin, beynəlxalq hüququn və Azərbaycan xalqının milli ləyaqətinin bərqərar olunması ilə nəticələndi. İndi biz sülh haqqında danışırıq. Hesab edirəm ki, belə uzunmüddətli qarşıdurmadan sonra ədaləti bərqərar edən və təcavüzkarı məğlub edən ölkənin qısa müddət ərzində sülh təklif etməsi dünyada nadir hallardan biridir. Müharibələr tarixinə baxsanız, bir çox hallarda bu mənzərə müşahidə edilmir. Nə üçün biz sülhü seçdik? Çünki biz Cənubi Qafqazda sabit, dayanıqlı inkişafı görmək istəyirik. Bu, nadir fürsətdir. Cənubi Qafqaz üç Cənubi Qafqaz ölkəsinin müstəqillik illəri ərzində parçalanmışdır. Ermənistanın işğalı səbəbindən o, 30 il ərzində parçalanmışdır. İndi sülh, əməkdaşlıq yaratmaq vaxtıdır və Azərbaycan bunun üzərində çalışır.Ermənistanla münasibətlərin normallaşması prosesinə gəlincə, biz sülh razılaşması üzərində çalışmağa başlamağı təklif etdik. Ermənistan cavab vermədi. Sonra biz daha bir addım atdıq. Biz hər iki ölkənin sərhədlərinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət etmək və tanımaq, indi və gələcəkdə hər hansı bir ərazı iddialarından qarşılıqlı şəkildə çəkinmək prinsipi də daxil olmaqla, beynəlxalq hüququn beş əsas prinsipini və bizim təklifin əsasını təşkil edən başqa prinsipləri də irəli sürdük. Bu beş prinsipin Ermənistan hökuməti tərəfindən qəbul edilməsi bizi məmnun etdi. Beləliklə, bu, müsbət dinamikadır. Lakin indi biz praktiki icraya keçməliyik. Çünki işğal vaxtının tarixindən bildiyimizə əsaslanaraq danışıqlar apararkən bəzən Ermənistan rəsmiləri tərəfindən hətta yüksək səviyyədə ifadə edilmiş sözlərin o qədər də böyük məna daşımadığını bilirik. Çünki bizə addımların atılması lazımdır. Azərbaycan artıq öz tərəfindən sülh razılaşması üzrə komissiyasını yaradıb və biz eyni addımın Ermənistan tərəfindən atılmasını da gözləyirik. Bu addım atılan kimi və ya atılan təqdirdə danışıqlar başlayacaqdır”
Qeyd edim ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq mərkəzə çevrilib. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır.Bu dəfə “Qlobal dünya nizamına təhdidlər” mövzusuna həsr olunan Qlobal Bakı Forumunda 50-dən çox ölkənin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər. İyunun 18-dək davam edəcək Forumda qlobal dünya nizamını təhdid edən mühüm problemlər, o cümlədən dünyada təhlükəsizliyin və sülhün təmin olunması üçün perspektivlər, enerji təhlükəsizliyinə yaranan təhdidlərin həlli yolları, həssas bölgələrdə sülh, əməkdaşlıq və inteqrasiya, qloballaşan dünyada artan ədalətsizliklər, yoxsulluğun qarşısının alınması üçün qida və kənd təsərrüfatı sektorunun transformasiyası kimi mühüm mövzularda səmərəli müzakirələr aparılacaq.
Mədinə Xubaliyeva-YAP üzvü