image-img-20210629-wa0004backend

Qalib ölkənin müdrik Prezidenti

image-reklam_sirab_01

Azərbaycan Silahlı Qüvvələrinin 103-cü ildönümü bu il daha yüksək əhval-ruhiyyə şəraitində, daha yüksək coşğunluq şəraitində keçdi. Biz məhz işğal altında olan torpaqlarımızı möhtəşəm, məğrur Silahlı Qüvvələrimizin gücü hesabına, Ali Baş Komandanın böyük siyasəti, xalqın birliyi sayəsində geri qaytarmışıq. Əlbəttə, bu hər bir azərbaycanlını qürurlandırır, sevindirir və bizdə fəxr doğurur.
Azərbaycan Ordusu öz tarixinə çox mühüm qələbəni yazarkən, Azərbaycan xalqının qəhrəmanlıq tarixinə yeni uğurlar gətirərkən daimi olaraq bu gün və bundan sonra da Ulu Öndərimiz Heydər Əliyevin siyasi gedişlərinə minnətdar olmalıdır, onun qurub, qoyub, möhkəmləndirməyə çalışdığı Silahlı Qüvvələrin tarixinə nəzər salmalıdır və həmin günləri unutmamalıdır. Ulu Öndər hakimiyyətə gəldikdən sonra ilk çağırışı, ilk təşəbbüsü Azərbaycan Ordusunun yaradılması oldu, Azərbaycan Ordusunun möhkəmləndirilməsi üçün əlindən gələni əsirgəmədi və bu məsələnin ən vacib məsələ olduğunu qarşıya məqsəd kimi qoydu. Çünki, güclü ordu olmadan, güclü iqtisadiyyat olmadan Azərbaycanın qələbə qazanması, Azərbaycanın beynəlxalq aləmdə tanınması, Azərbaycanın öz gücünü, qüdrətini göstərməsi mümkün deyildi. Uzaqgörən rəhbər Ümummilli Lider bunları çox düzgün qiymətləndirirdi və ona görə də ilk gündən ordu quruculuğuna böyük diqqət yetirdi, iqtisadiyyatın möhkəmləndirilməsi üçün əməli tədbirlər həyata keçirdi və bu gün biz sevinirik ki, Ulu Öndərin qoyduğu, yaratdığı, möhkənləndirməyə çalışdığı bu ordu bu gün dünyada ən müasir, ən güclü ordu kimi tanınır və Azərbaycanın torpaqlarının işğaldan azad olunması sayəsində özünün qüdrətini bir daha göstərdi.
Əlbəttə ki, bütün bu nailiyyətlər, bu qələbələr Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin, onun böyük şücaətinin, sərkərdəlik mahiyyətinin, məsələlərə düzgün qiymət verməsinin nəticəsi kimi qiymətləndirilməlidir. Prezident İlham Əliyev dəfələrlə bəyan edirdi ki, biz mütləq işğal altında olan torpaqlarımızı azad edəcəyik və bunun üçün biz iqtisadi cəhətdən möhkəmlənməliyik, biz Silahlı Qüvvələrimizi gücləndirməliyik, biz hərbi quruculuğa daha böyük önəm verməliyik və bu sahədə dünya təcrübəsini işlərimizə tətbiq etməliyik. Sözsüz ki, əldə olunmuş qələbə bu gün bizi deməyə və tələb etməyə vadar edir ki, biz qalib bir ölkə kimi özümüzün tələblərimizi diqtə edək, bir qalib ölkə kimi dünyadan haqqımızı, ədalətimizi tələb edək.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin iyunun 26-da Silahlı Qüvvələr Günü münasibətilə “Gülüstan” sarayında Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşündə bu məsələləri bir daha xatırlatdı. O, bildirdi ki, biz qalib ölkə olmaqla bərabər, həm də əmin-amanlığı, sülhü, tərəqqini başlıca vəzifəmiz hesab edirik və dünyada bu istiqamətdə aparılan işlərə dəstək verməliyik. Ölkə başçısı xatırlatdı ki, Ermənistan dövləti, Ermənistan Ordusu döyüşlərdə ağır məğlubiyyətə uğramasına baxmayaraq, bu ölkənin dirçəldilməsi, bu ölkənin sülh yoluna gəlməsi çox vacibdir. Biz qonşu dövlətik, bizim münasibətlərimiz yaxşılaşdırılmalıdır. Ermənistan revanş təşəbbüslərindən, ərazi iddialarından birdəfəlik əl çəkməlidir. Artıq Azərbaycan Ordusu, Silahlı Qüvvələrimiz döyüşlərdə öz sözünü dedi, öz gücünü, öz şücaətini göstərdi. Buna görə də bizim güclü ordumuz hər bir an yenidən döyüşə başlamağa, düşmənə öz dəmir yumruğunu göstərməyə qadirdir.
Bu gün sülh nəinki Azərbaycan üçün, Ermənistan üçün daha vacibdir. Sərhədlərin müəyyən olunması, sülh müqaviləsinin bağlanması Ermənistanı düşdüyü ağır vəziyyətdən çıxara bilər. Ona görə də Azərbaycan Prezidenti bir daha üzünü Ermənistanın hərbi-siyasi dairəsinə tutaraq bildirdi ki, artıq təcavüzkarlıq meylləridən uzaqlaşmağın vaxtıdır. İndi dünyanı, regionu yalnız sülh, qarşılıqlı əməkdaşlıq, dostluq ağır bəlalardan qurtara bilər və regionda geniş iqtisadi tədbirlər keçirilməsi gələcək inkişaf üçün çox vacibdir.
Əlbəttə ki, Azərbaycan Silahlı Qüvvələrinin bu ilki bayramı Azərbaycan Prezidentinin sərkərdəlik və liderlik məharətini bir daha ortaya qoyur. Çünki, qalib ölkənin Prezidenti ən böyük hörmətə, ən böyük etimada layiqdir. Bunu Azərbaycan xalqı deyir, bunu bütün Azərbaycan vətəndaşları dəstəkləyir.
30 il Azərbaycan xalqı bu qələbəni gözləməli oldu və 30 ildə də Azərbaycanın hər bir vətəndaşı inanırdı ki, bu torpaqlar bizim Prezidentimizin, cəsarətli Ali Baş Komandanın böyük siyasəti nəticəsində işğaldan azad olunacaq. Xalq öz Prezidentinə inanırdı, onun siyasətinə yaxından bələd idi, onun gördüyü işləri yaxından izləyirdi və hər bir Azərbaycan vətəndaşı dərk edirdi ki, müharibənin vaxtı yetişəndə, qələbəyə inam, qələbəyə hazırlıq möhkəm olanda mütləq Azərbaycan Prezidenti döyüş əmrini verəcək və bu torpaqlar azğın düşməndən təmizlənəcəkdir.
Bu gün Azərbaycan xalqı xoşbəxtdir. Biz qalibik, uzun illər çəkdiyimiz həsrətə son qoymuşuq və bizim Silahlı Qüvvələrin bayramı da məhz belə bir gündə qeyd olunur. Azərbaycan Prezidentinin sevinməyə, fəxr etməyə haqqı var. Silahlı Qüvvələr, xalq Azərbaycan Prezidenti ilə birlikdədir, daim onu dəstəkləyir. Biz həm də əminik ki, ölkə rəhbəri dediyi, verdiyi vədlərə bundan sonra da əməl edəcək, Zəngəzur dəhlizi açılacaq, sülh müqaviləsi bağlanacaq və regionda Azərbaycan tanınmış, inkişaf edən bir dövlət kimi daimi olaraq öz sözünü deyəcək və qələbələrini qazanacaqdır. Bizim buna inamımız böyükdür.
Bu gün işğal altında olan torpaqlar azaddır və azad olunmuş ərazilərdə çox böyük tədbirlər həyata keçirilir, yollar çəkilir, artıq yeni ağıllı kənd, ağıllı şəhər layihələrinin həyata keçirilməsinə başlanılıb, yeni təyyarə meydanları, yeni infrastruktur layihələri müvəffəqiyyətlə, uğurla öz həllini tapmaqdadır. Belə bir gündə hər birimiz sevinirik. Ali Baş Komandanımıza, mətanətli sərkərdəmizə, Silahlı Qüvvələrimizə, əsgər və zabitlərimizə uğurlar arzulayırıq. Torpaq uğrunda canını fəda vermiş şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə sağlamlıq diləyirik. Qoy Silahlı Qüvvələrimiz daim qalib kimi tanınsın, qoy Azərbaycan Prezidenti bu ölkənin, bu xalqın taleyinə yeni uğurlar bəxş etsin və o öz qələbələri ilə Azərbaycan xalqını daha da sevindirsin.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki