image-img_20210816_213901_012backend

Qalib sərkərdənin xəritəsi!

image-reklam_sirab_01

Vətən müharibəsi bitdikdən sonra möhtərəm Prezidentimiz cənab İlham Əliyev “Zəngəzur dəhlizi”, Paşinyan isə “Naxçıvan dəhlizi” hədəfini irəli sürmüşdür. Əlbəttə Paşinyanın hədəfi sadəcə xülyadır, Naxçıvan əzəli və əbədi Azərbaycan ərazisidir. Lakin bizim hədəfimiz ümdə məqsədimiz, bir əsrdir gözlədiyimiz amalımızdır. Zəngəzur ta qədimdən Azərbaycanın bir parçası idi və yenidən Azərbaycan ərazisinə birləşdirilməlidir. Zəngəzur dəhlizi qalib sərkərdə, Qarabağ fateh möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yol xəritəsidir.
Bu gün əsaslı layihələr hazırlanır, Zəngəzur dəhlizindən dəmiryolu və avtomobil yolunun çəkilməsinə hazırlıq işləri görülür. Bu yol həm Azərbaycanının böyük hissəsini Naxçıvanla əlaqələndirəcək, həm də Naxçıvan üzərindən Azərbaycan Türkiyə ilə birbaşa dəmiryolu və avtomobil yolu ilə əlaqə quracaq. Qeyd edək ki, Qarabağ münaqişəsindən əvvəl bu dəhliz istifadə olunub, lakin münaqişədən sonra Naxçıvanla quru əlaqəsi, ancaq İran ərazisindən keçməklə olub.
Bu il yanvarın 11-də Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında üçtərəfli görüş də keçirilib. Görüşün əsas mövzusu yenə də nəqliyyat kommunikasiyalarının bərpası olub. Bu işlərin görülməsi üçün artıq Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri səviyyəsində üçtərəfli İşçi qrup yaradılıb. Qrupun toplantılarında noyabr bəyanatının 9-cu maddəsinin reallaşdırılmasından irəli gələn işlərin əsas istiqamətlərinin siyahısı formalaşdırılıb, prioritet qismində dəmir və avtomobil yollarının bərpası müəyyənləşdirilib. Görüşlərdə üç liderin razılaşdırdıqları digər fəaliyyət istiqamətləri də müəyyən olunub.
Zəngəzur dəhlizi əməkdaşlıq və nəqliyyat əlaqələrinin yaradılması baxımından son dərəcə mühüm elementdir. Bu, Ermənistan daxil olmaqla, regiondakı bütün ölkələrin maraqlarına xidmət edir. Azərbaycan da öz növbəsində, bu dəhlizin yaradılması və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı öhdəliklərinə sadiqdir. Bakıda hesab edirlər ki, regionda davamlı sülhün bərqərar olmasında əsas vasitə ölkələrarası əməkdaşlıqdır.
Bu əməkdaşlıq Azərbaycan Prezidenti İlham Əliyevin bu il fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında da əsas mövzulardan olub. Erməni silahlı qüvvələri tərəfindən törədilmiş Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilmiş mətbuat konfransında Azərbaycanın dövlət başçısı deyib: “Bu gün biz onu müzakirə edirik ki, bölgədə davamlı, dayanıqlı sülh və təhlükəsizlik olsun. Bunun yeganə yolu isə əməkdaşlıqdır. Bizim məqsədimiz artıq üçtərəfli qaydada – Ermənistan və Rusiya ilə birlikdə kommunikasiyaların bərpası, Zəngəzur dəhlizinin yaradılması və nəqliyyat baxımından bütün maneələri aradan qaldırmaqdır”.
Bir sözlə, Zəngəzur dəhlizinin açılması ilə Avrasiyanın nəqliyyat şəbəkəsinə yeni “arteriya” əlavə olunacaq. Bu, region ölkələri arasında ticarət və iqtisadi əlaqələrə müsbət təsir göstərəcək. Məsələn, bu halda Türkiyə əsas iqtisadi tərəfdaşlarından olan Azərbaycana quru yolu ilə birbaşa çıxış əldə edəcək. Bu, onlar arasında turizm və iqtisadi sahədə ikitərəfli əlaqələrin inkişafına töhfə verəcək. Digər tərəfdən, Zəngəzur dəhlizi Türkiyə üçün Mərkəzi Asiyaya qapı rolunu da oynayacaq. Bu, Ankaranın türk dünyası ilə iqtisadi əlaqələri gücləndirməsinə imkan verəcək. Bundan başqa, bu gün Türkiyə Qars-Naxçıvan dəmir yolu layihəsi üzərində çalışır. Bu layihə Naxçıvanla Türkiyəni birləşdirəcək. Növbəti mərhələdə bu dəmir yolunun Zəngəzur dəhlizi vasitəsilə Azərbaycanın qərb bölgələri ilə birləşdirilməsi Bakı ilə Ankara arasında ikitərəfli ticarət əlaqələrinin inkişafına yeni təkan verəcək.
Zəngəzur dəhlizinin açılması, bölgədə bütün kommunikasiyaların bərpası regiona xarici investorları da cəlb edəcək. Cənubi Qafqazda enerji və nəqliyyat sahələrində çox sayda layihələr icra olunsa da, Ermənistan-Azərbaycan münaqişəsi biznes mühitinə öz mənfi təsirini göstərib. Üstəlik, məhz bu problem üzündən Yerevan bütün regional layihələrdən kənarda qalıb. Nəhayət, iki ölkə arasındakı münaqişə başa çatıb və bu, onlar üçün regionun iqtisadi potensialından tam istifadə etmək imkanı yaradıb. Nəticədə istər Ermənistan, istərsə də Azərbaycan müxtəlif layihələrə əlavə investisiyalar da cəlb edə biləcəklər. İndiyədək münaqişə buna imkan verməyib.
Bir sözlə, Zəngəzur dəhlizinin yaradılması ilə region ölkələri qarşısında yeni imkanlar açılacaq. Bu dəhlizin istifadəyə verilməsi regional nəqliyyat şəbəkəsinin genişlənməsinə səbəb olacaq, region dövlətləri arasında qarşılıqlı iqtisadi əlaqələri stimullaşdıracaq. Bundan başqa, bu, regionun beynəlxalq dəhlizlərdəki (“Şimal-Cənub”, “Mərkəzi dəhliz”) mövqeyini daha da gücləndirəcək. Zəngəzur dəhlizinin işə düşməsi ilə iqtisadi əlaqələrin genişlənməsi təkcə iqtisadi mənfəətin qazanılması ilə nəticələnməyəcək, həm də regionun təhlükəsizliyinə, bölgədə sülhə töhfə verəcək. Dayanıqlı iqtisadi inkişaf və sülh isə gələcəkdə təhlükəli millətçi düşüncələrin yayılmasının, regionda yeni münaqişələrin yaranmasının qarşısını alacaq.
Şəmilova Dünya Mərdan

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki