image-download-1backend

Qalib xalqın hər bir hərbiçisi qəhrəmandır.

image-reklam_sirab_01

Bir diyar var tarix boyu ürəyinə dağ basılıb,Qalıb yağı əllərində sanki ruhundan asılıb…

Tarixi qədimdən qədim, kökü dərindən dərin Azərbaycan. Adı tarixin hər səhifəsinə izsalan bu diyar hər zaman mənfur düşmənin işğalına məruz qalıb. Qeyrətli vətən oğullarının qəlbindəki vətən sevgisi vətənə doğan Günəş olub.

Tarixi səhifələdikcə görürük ki, xalq olaraq itirdiklərimizin kökündə ordumuzun olmaması mühüm yer tutur. Ordumuzun olmamasının kökündə isə əsarətində olduğumuz imperiyaların siyasəti dururdu. Məsələn, çarizm əsarətində yaşadığımız yüz ildən çox müddətdə Azərbaycan xalqına vurduğu ən böyük zərbə şübhəsiz ki, azərbaycanlıların orduya cəlb edilməməsi idi. Məhz ona görə də Azərbaycan Xalq Cümhuriyyəti yarandıqda onu müdafiə edə biləcək öz ordusu yox idi. Belə bir ordunu yaratmaq üçün isə hərbi işi bilən milli kadrlar çatışmırdı, buna görə də ordu təşkili çox çətin bir iş idi, lakin ordusuz da öz müstəqilliyini qoruyub saxlaya bilməzdi. Yeni yaradılmış dövlətin qarşısında duran ən əsas vəzifə müstəqil ordusunun yaradılması idi.
Bu çətin işin təşkilini görkəmli azərbaycanlı generalar Səmədbəy Mehmandarov və Əliağa Şıxlinski öz üzərlərinə götürdülər. Beləliklə 1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasına başlandı.
Sonra Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra, 1971-ci il iyunun 20-də C. Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəb təşkil etdi. Dövlət başçımız azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmasına nail olmuşdu. Bununla da milli hərbi kadrların yetişməsi prosesi gücləndi. Ümummiilli liderimiz Heydər Əliyevin ikinci hakimiyyəti dövründə, 1999-cu ildə isə Azərbaycanda Hərbi Akademiyanın yaradılması haqqında fərman imzaladı, bu addımların milli zabit kadrlarımızın yetişdirilməsində böyük rola malik olduğunu qeyd etdi. Ulu Öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. Hərbi Akademiyanın yaradılması təsis olunması hərb sahəsində milli kadr ehtiyatının formalaşdırılması prosesinin keyfiyyət etibarı ilə yeni inkişaf mərhələsi sayıla bilər.
Azərbaycanın ərazi bütövlüyünün pozulması və Ermənistanın işğalçı siyasətinin dünyada tanıdılması istiqamətində uğurlu diplomatik iş aparan Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il 27 sentyabrda başlayan və 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində qələbə qazanaraq tarixi nailiyyətə imza atdı. Qarabağ kimi çox çətin problemi həll edərək Ermənistanı, dünyadakı erməni diasporunu, erməni kilsəsini və onların havadarlarını diz üstə çökdürərək reallığı qəbul etməyə məcbur etdi – işğala son qoyuldu. Müzəffər Ali Baş Komandan bununla tarixi ədaləti bərpa etdi. Ermənistan üzərində parlaq qələbə əldə etməsi, həm də onun hakimiyyətə gəlişindən sonra apardığı praqmatik, sistemli siyasi kursun və uzaqgörən xarici diplomatiyanın bəhrəsi idi.
Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Azərbaycan Ordusunun Qələbə salnaməsi daim xalqın yaddaşında yaşayacaqdır. Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı, Şuşa və Şuşadan bir gün sonra 70-dən çox kənd, həmçinin Kəlbəcər, Ağdam və Laçın azad edildi. Bütövlükdə 300-dən çox yaşayış məntəqəsi düşməndən təmizləndi. Düşmən Ordumuzun gücü qarşısında geri çəkilərək kapitulyasiya aktını imzalamağa məcbur oldu. 44 gün ərzində müntəzəm surətdə müxtəlif mənbələrdən, müxtəlif ünvanlardan böyük təzyiqlərin, təhdidlərin olmasına rəğmən, Azərbaycan zəfər çaldı. Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları möhtəşəm Qələbəni böyük qürur hissi ilə qeyd etdi.
Qalib xalqın hər bir hərbçisi qəhrəmandır. Vətən müharibəsində Azərbaycan Ordusunda bir nəfər də olsun fərari olmayıb. Yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın, biz qayıdaq döyüş meydanına, biz öz missiyamızı başa vurmalıyıq. Bu haqq savaşında Azərbaycan xalqı öz böyüklüyünü göstərdi, yüksək mənəvi ruhunu göstərdi. Bu Qələbənin səbəbkarı da Azərbaycan xalqıdır. Biz birlik, iradə, əzmkarlıq, milli ruh göstərərək tarixi missiyamızı yerinə yetirdik.
Dövlətimiz qələbənin əbədiləşdirilməsi və Qalib Ordunun hərbçilərinin qəhrəmanlıqlarını yüksək dəyərləndirdi. Vətən müharibəsində qələbə münasibətilə “Zəfər” və “Qarabağ” ordenləri, eyni zamanda, “Vətən Müharibəsi Qəhrəmanı”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” medalları təsis edildi. Həmin medal və ordenlərin təsis olunması Qələbənin əbədiləşdirilməsinin və müharibə iştirakçılarına göstərilən ali diqqətin təzahürüdür. Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrin hərbi qulluqçuları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunublar.
Bildiyimiz kimi “Dəmir yumruq” birliyimizin rəmzidir. Azərbaycan xalqı yumruq kimi birləşib. Bu birlik əbədi olacaq. Bu birlik gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq. Dövlətin gücü Azərbaycan xalqının dəstəyindədir. Qazanılan bu tarixi qələbə bizə yeni imkanlar yaradır. Son 30 ilin əsas yekunu torpaqlarımızın işğaldan azad olunmasıdır. Azərbaycan 44 gün ərzində tarixi Qələbə qazanaraq öz torpaqlarını azad etdi, düşmənə sarsıdıcı zərbələr endirdi, Ermənistanı məğlub etdi. Bu məğlubiyyət nəticəsində Ermənistan məcbur olub kapitulyasiya aktına imza atıb, təslim oldu. Ordumuzun şücaəti və xalqımızın birliyi sayəsində qazanılmış Zəfərlə müstəqil Azərbaycan dövləti özünün itirilmiş qədim torpaqlarını işğalçılardan təmizləmiş, ərazi bütövlüyünü təmin etmiş, qəhrəman Ordumuz hərbi bacarıqlarını və imkanlarını dünyaya göstərmişdir, ölkədə möhtəşəm milli birliyə nail olunmuş və Azərbaycan BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı qətnamələrinin icrasını təkbaşına təmin etmişdir. Azərbaycan dünyanı yalançı erməni uydurmalarından və erməni faşizmindən xilas etmişdir.

Azərbaycan Dillər Universiteti
Fatimə Orucova

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki