image-a1bd1621-4698-4153-be3d-b29623ab72f9backend

Qalib xalqın Müzəffər Ordusu

image-reklam_sirab_01

İkinci Qarabağ müharibəsi tarixə Azərbaycanın şanlı Qələbəsi kimi yazıldı. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Silahlı Qüvvələrimizin müəllifi olduğu bu Zəfərimizin qazanılmasında xüsusi rolu olan xalq-ordu birliyi daha bir imtahandan uğurla çıxdı. İllərdən bəri göstərilən siyasi qətiyyətin, möhkəm iradənin məntiqi nəticəsi olan bu Zəfər yolunda atılan addımlar bəhrəsini verdi. Prezident İlham Əliyevin müdafiə qüdrətimizin möhkəmlənməsi istiqamətində davam etdirdiyi siyasət özünü doğrultdu. Xalqla ordunun birliyi Qələbə əzmini artırdı, ordunu daha güclü etdi. Ulu öndər Heydər Əliyevin «Sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır» sözlərinin hikmətini sülh danışıqlarına sadiq qalmaqla, müdafiə qüdrətimizi möhkəmləndirməklə, ordumuzu ən müasir silah, sursat, hərbi avadanlıqlarla təminatını Qələbə üçün başlıca amil kimi diqqətdə saxlayan Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, siyasi müstəvidə qazanılan qələbə döyüş meydanındakı Zəfərimizi təmin etdi. Danışıqlar yolu ilə əldə olunmayan nəticə hərbçilərimizin peşəkarlığı, rəşadəti, şəhidlərimizin canı-qanı bahasına, dövlətimizin siyasəti hesabına qazanıldı. Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masasında qarşıya qoyulan məqsədinə nail oldu. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Ağdam, Laçın, Şuşa hərbi güclə işğaldan azad olundu.
Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 9-da Üçtərəfli Bəyanatı imzaladı. Bu təslimçilik aktı Azərbaycanın gücünü, xalqımızın birliyini göstərdi. Bakıda keçirilən «Dəmir yumruq» adlı Zəfər paradı, nümayiş etdirilən ən müasir hərbi texnika, nizami ordu göstərdi ki, müharibədə beşinci nəsil hərbi texnikanın tətbiqi ilə düşmənə ölümcül zərbə vuran Azərbaycanın qarşısında dura biləcək qüvvə yoxdur. «Bu tarixi missiyanı siz icra etmisiniz – Azərbaycan əsgəri, Azərbaycan giziri, Azərbaycan zabiti icra edib. Xalqımızın vətənpərvərlik ruhunun Qələbənin qazanılmasında böyük rolu olduğunu dəfələrlə vurğulayan Prezident İlham Əliyevin söylədiyi kimi, Azərbaycan xalqı bu tarixi anı yaşadığı üçün xoşbəxtdir.
Prezident İlham Əliyevlə Türkiyəli həmkarı Prezident Rəcəb Tayyib Ərdoğanın hərbi paradı qoşa izləməsi onu göstərdi ki, hər iki dövlət, xalq arasındakı qardaşlıq əbədi, sarsılmazdır. Azərbaycanın Qələbəsi həm də Türkiyənin qələbəsidir. Prezident İlham Əliyevin «Türkiyənin siyasi və mənəvi dəstəyi bu Qələbənin qazanılmasında çox böyük rol oynamışdır. Çünki Prezidentin, Qardaşımın ilk saatlardan dediyi «Azərbaycan tək deyil, Türkiyə onun yanındadır»” sözləri bir çoxlarının bu münaqişəyə müdaxilə cəhdlərini alt-üst etdi. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. Bu gün biz birlikdə Zəfər paradında iştirak edərkən, bir daha bizim birliyimizi həm xalqlarımıza, eyni zamanda, bütün dünyaya göstəririk» ifadəsini Şuşada keçirilən «Xarıbülbül» festivalı, şənliklərdə hiss olunan eyni qürur da göstərdi.
XXI əsrin müharibəsini aparan Azərbaycan Silahlı Qüvvələrinin döyüş təcrübəsinin, peşəkarlığının, ən çətin istehkamları keçmək məharətinin dünyanın aparıcı hərbi məktəblərində öyrənilməsi Azərbaycan əsgərinin qüruru, məhvə məhkum Ermənistanın «yenilməz ordu mifi»nin dağıdılması idi. Paytaxtımızda təşkil olunmuş Hərbi Qənimətlər Parkında düşmənin nümayiş etdirilən dağıdılmış və qənimət kimi götürülmüş texnikası bir daha bizim gücümüzü, düşmənin məğlubiyyətini göstərir. Parka gələnlər Silahlı Qüvvələrimizin döyüş məharətinin, iradəsinin şahidi olurlar. 30 il ərzində Ermənistanı dəstəkləyənlərin təxribatlarına baxmayaraq Qalib gələn Azərbaycan hərbçilərinin döyüş ruhu, Qələbə əzmi oldu.
Münaqişənin danışıqlar yolu ilə həllinə tərəfdar olan Prezident İlham Əliyev dəfələrlə bildirmişdi ki, əgər məsələ sülh yolu ilə həll olunmasa, biz bunu hərbi yolla həll edəcəyik. Nəticədə də belə oldu.
Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində 30 illik işğala tarixdə görünməmiş döyüş təcrübəsi ilə son qoydu. Qəhrəmanlıq dastanı olan Şuşa əməliyyatından sonra Ermənistan diz çökdü. Bu müharibədə xalqımız kimi bütün dünya ictimaiyyəti Milli Ordumuzun gücünü, qüdrətini gördü, heyrətləndi. Azərbaycanın uğurlarına qısqanclıqla yanaşanlar da təəccüblərini gizlədə bilmədilər. İşğal altına düşmüş birinci şəhərimiz olan Şuşanın sonuncu olaraq azad olunması Qələbə sevincimizin tarixi Zəfər dastanı oldu.
Qələbənin səbəbkarı isə 44 gündə birlik, iradə, əzmkarlıq, milli ruh göstərərək tarixi missiyamızı yerinə yetirən Azərbaycan xalqı, Milli Ordumuzun hər bir əsgəri, zabitidir. Azərbaycanın hərbi, diplomatiya sahəsində əldə etdiyi bu uğurda ən böyük sevinc payı sülh və sabitlik əsasında gələcəyi qurmaq uğrunda cəsarətli addımlar atan xalqımıza məxsusdur. Qələbəmiz üçün torpaqlarımızın bütövlüyü naminə qurban gedən Şəhidlərimizin fədakarlığı sayəsində Azərbaycanın ərazi bütövlüyü təmin olundu . Müharibə başa çatandan sonra və bu günlərdə Prezident İlham Əliyevin sərəncamları ilə Milli Qəhrəman adına layiq görülənlər, orden medallarla təltif olunanlar bu mükafatlara layiqdirlər. Müharibədə yaralananlara yüksək səviyyədə dövlət qayğısı göstərilir. Müharibə zamanı daim yanımızda olan Türkiyə qazilərimizin müalicəsində də qardaş yardımını əsirgəmir.
Silahlı Qüvvələrin yaranması günü münasibətilə hərbi mundir daşıyan bütün hərbçilərimizi təbrik edir, onlara uğurlara aparan yollarda Qələbələr arzulayırıq. «Vətən gözdür, biz kiprik, gözümüzü qoruyaq» deyirik.

Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki