Burada elmin və mədəniyyətin tərəqqisinə böyük töhfələr verən təhsil ocaqları hər zaman mövcud olub, ənənəvi elm və təhsil mərkəzləri fəaliyyət göstərib və bu mərkəzlərdə yüzlərlə tanınmış şəxsiyyət yetişib. Burada təhsil alan şəxslərin çoxu sonradan elm sahəsində mühüm simalar kimi tanınıblar. Ötən il sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra ölkəmiz suverenliyini tam bərpa edib.
Bu, həm də Qarabağda elm və təhsil sahəsinin yenidən öz azadlığına qovuşması demək idi. Bir vaxtlar keçmiş xuntanın istinadgahı olan Xankəndi şəhərində Pedaqoji İnstitut yerləşir. Ötən əsrdə ümummilli lider Heydər Əliyevin dəstəyi ilə fəaliyyət göstərən Azərbaycan Dövlət Pedaqoji İnstitutu artıq Qarabağ Universiteti adı ilə ikinci həyatına başlayır.
Prezident İlham Əliyev ötən ilin 28 noyabr tarixində Qarabağ Universitetinin yaradılması ilə bağlı Sərəncam imzalayıb. Qarabağda ali təhsil ənənəsi uzun illərdir mövcuddur. İlk ali təhsil ocağı 1969-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi yaradılmış, 1973-cü ildən 1988-ci ilədək ali təhsil müəssisəsi kimi fəaliyyət göstərmiş, lakin ərazilərimizin işğalı zamanı fəaliyyətini dayandırmışdır. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində bu bölgələrin yenidən qurulması, davamlı inkişafı və yüksək həyat standartlarının təmin edilməsi üçün genişmiqyaslı bərpa işləri aparılır. Bu çərçivədə Qarabağ Universitetinin yaradılması da zəruri addımlardan biridir. Universitetin qurulması həmin ərazilərin iqtisadi potensialına uyğun olaraq yüksəkixtisaslı kadrların hazırlanmasına mühüm töhfə verəcək. Qarabağ Universiteti təkcə ali təhsil müəssisəsi deyil, həm də bir elmi mərkəz olacaqdır. Universitet gənclərin Qarabağa qayıdışına marağını artıracaq, həm də Xankəndi və digər ərazilərdə məskunlaşma prosesinə müsbət təsir göstərəcək. Qarabağ Universitetinin açılması milli dövlətçilik və elm tariximizdə yeni bir mərhələdir. Bu təhsil ocağında Qarabağın tarixi olduğu kimi tədris ediləcək, ermənilər tərəfindən təhrif edilmiş tarix yenidən yazılacaq və dünya ictimaiyyətinə düzgün təqdim olunacaq. Azərbaycanın suveren ərazilərində belə bir universitetin yaradılması beynəlxalq aləmə mühüm mesajdır.
Sentyabr ayının 20-də Qarabağa səfəri zamanı Qarabağ Universitetinə baş çəkən və universitetin təmirdən sonra açılışını edən Azərbaycan Prezidenti İlham Əliyev bu tarixin təsadüfi olmadığını qeyd etdi: “Bu gün, eyni zamanda Qarabağ Universitetinin açılışıdır. Bu açılış istənilən gündə ola bilərdi. Amma hesab etdim ki, 20 sentyabrda olsa, daha düzgün olar. Çünki bu, artıq şanlı tariximizdir. Hesab edirəm ki, Qarabağ Universitetinin yaradılması tarixi hadisədir və keçən ilin noyabrında müvafiq Sərəncam imzalandı”. Ötən ilin bu günü keçirilən antiterror tədbirlərindən sonra Azərbaycanın tam olaraq öz suverenliyini bərpa etməsi, bu gün isə suverenliyini rəsmi dövlət günü kimi qeyd etdiyi bir vaxtda Qarabağ Universitetinin təhsil ilinə tam hazır olması düşmənə və onun havadarlarına mühüm mesajdır. Ölkəmiz 30 il boyunca işğalda olan torpaqlarını böyük siyasi elmlə, xüsusi ustalıqla ilk olaraq beynəlxalq aləmdə Azərbaycan əraziləri olduğunu təsdiq etdirdi. Daha sonra isə hərb elminin incəliklərinə bələd olan Azərbaycan Ordusu torpaqlarımızı düşmən caynağından azad etdi.
Centyabrın 20-də açılışı keçirilən Qarabağ Universiteti Azərbaycanın təhsil strategiyasında əhəmiyyətli həlqəyə çevriləcək. Təmayülləşmə və müasir təhsil modellərinin tətbiqi innovativ tədris metodlarının inkişafına zəmin yaradacaq. Bu da ölkədə ali təhsilin keyfiyyətini daha da yüksəldəcək.
Beləliklə, Qarabağ Universiteti təkcə təhsil sahəsində deyil, həm də Azərbaycanın regionlar üzrə bərpa strategiyasında da mühüm rol oynayacaq. İqtisadi, sosial və mədəni inkişafın təkanverici qüvvəsi kimi çıxış edəcək bu təhsil ocağı, eyni zamanda Azərbaycanın beynəlxalq səviyyədə təhsil sahəsindəki mövqeyini daha da gücləndirə bilər. Gələcəkdə bu universitetdən məzun olacaq tələbələrin Qarabağın inkişafına və ümumiyyətlə, Azərbaycanın iqtisadiyyatına böyük töhfə verəcəyi gözlənilir.
Xankəndidə yerləşən Qarabağ Universitetində ilk növbədə altı fakültə yaradılıb. Ölkə başçımız Universitetdəki görüş zamanı çıxışında qeyd etdi ki, “növbəti illərdə tibb fakültəsi də yaradılacaq. Xocalıda aqrar elmlər fakültəsi, Şuşada turizm fakültəsi fəaliyyət göstərəcək. Yəni bu, bir neçə şəhəri birləşdirən universitet olacaq. Əlbəttə ki, Qarabağa qayıdacaq keçmiş köçkünlər, onların uşaqları burada oxuyacaq və ölkəmizin hər bir yerindən gənclər buraya gələcəklər”.
Qarabağ Universiteti yeni dövrün tam başlanğıcındadır. Buna baxmayaraq, sözügedən elm ocağının yaxın gələcəkdə Azərbaycanın təhsil brendi olması hədəflənib, ölkənin top universitetlərindən biri olması əsas məqsəd olaraq qarşıya qoyulub. Qarabağ Universiteti ən yeni təhsil modelləri tətbiq olunmaqla Azərbaycanın elm sahəsinin yeni dövrünün bünövrəsini qoyur.