image-1212121212121212121212121backend

Qarabağda bərpa işləri durmadan davam edir.

image-reklam_sirab_01

Ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbə sayəsində Azərbaycan son üç onillik ərzində qarşısında duran əsas məsələnin həllinə nail oldu – Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranan Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşdu və ölkəmizin ərazi bütövlüyü tam təmin edildi. Qarşıda isə bizi yeni mühüm vəzifə gözləyir ki, bu da işğaldan azad olunan ərazilərin bərpa edilməsi ilə bağlıdır.
Güclü dövlət olan Azərbaycan işğaldan azad edilən torpaqlarımıza həyatı qaytarmaq, bu əraziləri dirçəltmək əzmindədir. Dövlətimizin başçısı hər zaman vurğulayır ki, bizim əsas diqqətimiz azad edilmiş torpaqlara olmalıdır və bu sahədə ilkin infrastruktur layihələrinin icrası artıq başlamışdır.
Azərbaycanın işğaldan azad edilən ərazilərdə bərpa planları kifayət qədər genişdir. Vətən müharibəsində qazanılan şanlı qələbə sayəsində geri qaytarılan ərazilərin tezliklə bərpa edilməsi üzrə işlərin həyata keçirilməsi, müvafiq infrastrukturların yaradılması, həmin regionun Azərbaycan iqtisadiyyatına inteqrasiyasının təmin edilməsi üçün 2,2 milyard manat vəsait nəzərdə tutulub.Ordunun təchizatı, respublikamızın sərhədlərinin bərpa edilməsi üzrə işlərin maliyyələşdirilməsi də nəzərə alınmaqla, ümumilikdə bu tədbirlərə 4,6 milyard manat maliyyə təminatı ayrılıb.
İşğaldan azad edilən ərazilərin bərpası işləri müəyyən ardıcıllıqla həyata keçiriləcək. Yayılan foto və videomateriallardan da göründüyü kimi, düşmən 30 il ərzində nəzarəti altında saxladığı ərazilərimizdə ağlasığmaz vandalizm əməlləri törədib, bütün tikililəri dağıdıb, bu yerlərdən xalqımıza məxsus izləri bütünlüklə silməyə çalışıb. Ötən əsrin doxsanıncı illərinin əvvəllərində işğal altına düşən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa, Kəlbəcər, Laçın şəhərləri bir vaxtlar ahəngdar inkişaf dövrünü yaşayırdı. Bu yerlərdə infrastruktur obyektləri, muzeylər, kitabxanalar, məktəblər, xəstəxanalar fəaliyyət göstərirdi, insanlar yaraşıqlı, hər cür rahatlıqlara malik evlərdə yaşayırdılar. Lakin mənfur düşmən işğal altına aldığı ərazilərdə, demək olar ki, bütün həyatı məhv edib. Dağıntılara baxdıqda elə təsəvvür yaranır ki, sanki bu yerlərdən sivilizasiyadan kənarda qalan vəhşi tayfalar gəlib keçiblər. Təsəvvür etmək çətindir ki, işğaldan təmizlənən yaşayış məntəqələrində üçrəngli bayrağımızı ucaltmağa salamat bir tikili tapmaq belə mümkün deyil.
Məlumdur ki, işğal dövründə 54 min hektar meşə fondu məhv edilib. Zor gücünə zəbt edilən torpaqlarda dövlət təbiət qoruqları və yasaqlıqlar olub. Meşələr qırılıb və satılıb, torpaqlarımız qanunsuz yollarla istismar edilib.
İşğaldan təmizlənən bütün şəhərlərin, kəndlərin bərpasının müasir tələbləri nəzərə alınmaqla həyata keçirilməsi nəzərdə tutulur. İlk növbədə, böyük yaşayış məntəqələri bərpa olunmalıdır. İşlər elə aparılmalıdır ki, bərpa olunacaq şəhərlərin və kəndlərin dəqiq say tərkibi müəyyən edilsin. Ərazilərdə infrastruktur, məşğulluq və s. bu kimi məsələlər nəzərə alınmalıdır.
İndiyədək işğaldan azad edilmiş torpaqların bərpası və inkişafı konsepsiyası hazırlanıb. Geri qaytarılan ərazilərin bərpası və inkişafı istiqamətində dövlət tərəfindən həyata keçiriləcək tədbirlər və həmin rayonların iqtisadi potensialı ölkəyə, xüsusilə də qeyri-neft sektoruna yeni yerli və xarici investisiyaların cəlb olunmasına zəmin yaradacaq. İşğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı ilə bağlı kompleks yanaşmanı təmin etmək üçün dörd mərhələdə fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulur. İlkin mərhələ idarəetmə və təhlükəsizlik, infrastruktur məsələlərinin həllini, növbəti mərhələlər isə sosial xidmətlərin fəaliyyətini, iqtisadiyyatın yenidən qurulması və inkişafı məsələsini özündə ehtiva edir. Hər bir bölgəmizin təbii ehtiyatları, ənənəvi iqtisadiyyat sahələri, nəqliyyat qovşaqlarına, o cümlədən yenidən bərpa olunan nəqliyyat dəhlizlərinə və artıq tikintisinə başlanılmış avtomobil və dəmir yollarına yaxınlığı nəzərə alınaraq onların profili, ixtisaslaşması nəzərdə tutulub.
Bu ilin sonuna qədər həm Qarabağda, həm də Şərqi Zəngəzurda bütün elektrik təsərrüfatı qurulacaq. Yeni xətlər, ötürücü xətlər, transformatorlar, yarımstansiyalar və elektrik stansiyaları qurulacaqdır. Ermənilərin Kəlbəcər və Laçın rayonlarında onlara iki həftə möhlət veriləndən sonra yandırıb dağıtdıqları 12 su elektrik stansiyası bərpa olunacaq. Bundan sonra yaşıl enerji layihəsi icra ediləcək. 200 meqavatlıq günəş elektrik stansiyasının xarici şirkətin vəsaiti hesabına tikintisi ilə bağlı razılıq əldə olunub.
Yollarla bağlı 8 ay ərzində böyük işlər görülüb. Bərdə-Ağdam avtomobil yolu tikilir.Paralel olaraq Füzuli-Şuşa magistral yolu, Horadiz-Ağbənd yolu çəkilir, 4-6 zolaqlı yoldur. Zəngilan-Qubadlı-Laçın yolu çəkilir. Bu da çox önəmli yoldur. Füzulu-Hadrut, Füzuli-Cəbrayıl yolları – bütün yollar üzrə qızğın iş gedir. Kəlbəcərə rahat çatmaq üçün Göygöldən Ömər aşırımı üzrə yol çəkilir. Bu yol heç vaxt olmayıb, cığır olub. Qış aylarında heç vaxt ondan istifadə olunmayıb. Biz indi yol çəkirik, tunellər çəkirik ki, ilin bütün mövsümlərində o yoldan istifadə edə bilək.Digər yollar, Kəlbəcər, Laçın rayonlarında hərbi əhəmiyyətli yollar çəkilir. Bu yolların ümumi uzunluğu 700 kilometrə qədərdir.
Göründüyü kimi, Azərbaycan zəbt olunmuş əraziləri azad edər-etməz bərpa işlərinə başladı. Çünki o torpaqlar bizim doğma torpaqlarımızdır. 30 ilə yaxındır ki, xalqımız o torpaqlardan didərgin düşmüşdür.İndi isə dövlət başçımız, cənab İlham Əliyev bizi tezliklə o torpaqlarda məskunlaşdırmaq üçün əlindən gələni edir. Azərbaycan xalqı nə yaxşı ki, İlham Əliyev kimi bir dövlət başçısına sahibdir.
Nəsimi rayon gənci
İbadova Günay.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki