image-img-20210718-wa0002backend

Qəhramanlığı dastan olan FƏRİD ƏLƏKBƏROV

image-reklam_sirab_01

Vətən müharibəsində qəhrəmancasına şəhid olan igid oğullarımızdan biri də Azərbaycan Silahlı Qüvvələrinin mayoru Ələkbərov Fərid Tahir oğludur. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra “Vətən uğrunda” , “İqidliyə görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş Fərid Ələkbərovun bu gün doğum günüdür.
18 iyul 2021-ci il tarixində Şəhidin ailə üzvləri, hərbçi yoldaşları, Müdafiə Nazirliyinin nümayəndələri, RİH rəhbərliyi və digər şəxslər İkinci Fəxri xiyabanda şəhidimizin məzarını ziyarət ediblər.
Həmçinin, 17 iyul 2021-ci il tarixində Bakida yerləşən H.Əliyev adına Ali Hərbi məktəbdə şəhid mayor Fərid Ələkbərovun xatirəsini yad etmək məqsədilə “Şəhidlər ölməz, vətən bölünməz” mövzusunda anım mərasimi keçirilib.
Tədbiri giriş nitqi ilə H.Əliyev adına Ai Hərbi Məktəbin rəis müavini polkovnik Emin Səfərov açıb. Natiq öz çıxışında, Fərid Ələkbərovun müəllim kimi hərbi məktəbdə fəaliyyətindən geniş söhbət açaraq, onun həm bir peşəkar hərbçi, həm də əsl pedaqoq olmaqla bütün tələbələrinin sevimlisi olduğunu bildirdi. Natiq çıxışında Fərid Ələkbərovun 2014-cü ildən Heydər Əliyev adına Hərbi Akademiyada artilleriya bölməsi üzrə baş müəllim vəzifəsində çalışaraq kapitan rütbəsindən mayor rütbəsinə qədər yüksəlib, 2018-ci ildən baş zabit vəzifəsinə təyin olunduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Türkiyədə şəhidimizin tələbə yoldaşı olmuş, ehtiyatda olan Polkovnik-leytenant Mikayil Məmmədov qardaş Türkiyə Cümhuriyyətində Fəridlə birlikdə keçirdiyi tələbəlik illərinin xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.
Mərasimdə çıxış edən şəhidin qardaşı Rüfət Ələkbərov və anası Şüküfa Hüseynova öz xatirələrini, ürək sözlərini və arzularını gənc zabitlərə çatdırdılar.
Həmçinin, tədbirdə iştirak edən şəhidin döyüş yoldaşları – Vətən müharibəsi qazisləri olan gənc zabitlər Mobil Əhmədzadə və Aydın Osmanov Fərid Ələkbərovun 44 günlük Vətən savaşında keçdiyi döyüş yolunu bir lent yazısı kimi tədbir iştirakçılarının diqqətinə çatdırıblar.
Qeyd edək ki, Ələkbərov Fərid Tahir oğlu 18 iyul 1980-cı ildə Bakı şəhərində anadan olub. 1996-cı ildə Türkiyə İstanbul Kuleli Askeri Lisesinə qəbul olunub və 2000-ci ildə təhsilini bitirib. Həmin ildə Ankara Kara Harp Okuluna daxil olub və 2004-cü ildə həmin məktəbdə təhsilini başa vurub. Bununla kifayətlənməyən Fərid Isparta şəhərində Dağ Komando Məktəbinə qəbul olunub və buranı da müvəffəqiyyətlə bitirib. 2005-ci ildə Polatlı Topçu Məktəbini fərqlənmə diplomu ilə başa vurub.
2020-ci ilin 27 sentyabrında Vətən müharibəsinə qatılıb. Murov dağının yüksəkliklərinin alınmasında iştirak edib, Cəbrayıl, Füzuli, Şuşa istiqamətində gedən döyüşlərdə şücaət göstərib. 8 noyabr 2020-ci ildə Xankəndi istiqamətində gedən döyüşlərdə düşmənlə üz-üzə savaşaraq ayağından qəlpə yarası almağına baxmayaraq, döyüşü davam etdirib və düşmənin canlı qüvvəsini məhv edib bununla da taborun muhasirədən xilas olunmağında müstəsna rol oynayıb . Bu, Fəridin son döyüşü olub. Fərid Ələkbərov 2020-ci il noyabrın 9-da Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub və İkinci Fəxri Xiyabanda dəfn olunub.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki