image-img-20210629-wa0000backend

Qələbəni təmin edən uğurlar

image-reklam_sirab_01

Ötən il 30 ilə yaxın müdətdə düşmən işğalı altında qalan torpaqlarımız azad edildi. Bu böyük qələbəni xalqımıza görkəmli dövlət xadimi, müdrik Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev, onun rəhbərlik etdiyi şanlı ordumuz bəxş etdi. 30 illik həsrətə 44 gün davam edən Vətən müharibəsində qazanılan şanlı zəfərlə son qoyuldu. İgid hərbçilərimizin, şəhidlərimizin qəhrəmanlığı sayəsində düşmən döyüş meydanında məhv edildi, məğlubiyyətini etiraf etdi. “Ermənilərin məğlubedilməzliyi” barədə yalanlar ifşa edildi. Bu müharibə əslində Azərbaycan əsgərinin yenilməzliyini sübut etdi.
Ordu quruculuğunu inamla reallaşdıran Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin həyata keçirdiyi hərtərəfli düşünülmüş müdrik dövlət siyasəti və səriştəli idarəçiliyi, zabitlərimizin, əsgərlərimizin qəhrəmanlığı sayəsində əzəli torpaqlarımızın işğaldan azad edilərək Silahlı Qüvvələrimizin 103-cü ildönümünün ölkəmizin hər bir diyarında üçrəngli bayrağımızın dalğalanması sevinci və təntənəsi ilə qeyd edilir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin Silahlı Qüvvələr Günü münasibətilə etdiyi çıxışında da qeyd etdiyi kimi “ Qürur hissi ilə deyə bilərik ki, biz Silahlı Qüvvələr Gününü müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik. Bu, tarixi nailiyyətdir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq zəfər olmamışdır. Biz bütün gücümüzü səfərbər edərək düşmənə sarsıdıcı zərbələr endirib düşməni məğlub etdik, tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etdik”
Bu qələbəni qazanmaq üçün Prezident İlham Əliyev uzun illər Azərbaycanın iqtisadi gücünü artırmış, ordunu hərtərəfli və uzun müddət təmin edə biləcək davamlı baza yaratmışdır. Məhz cənab Prezidentin apardığı uğurlu iqtisadi siyasət sayəsində respublikamız sürətlə inkişaf edən bir ölkəyə çevrilmişdir. Şuşanın işğaldan azad edilməsi münasibəti ilə Prezidentin xalqa tarixi müraciətində qeyd etdiyi kimi: “Əgər iqtisadi gücümüz olmasaydı, bu qələbəni əldə etmək mümkün olmazdı. İlk növbədə, iqtisadi müstəqillik təmin edilməli idi və təmin edildi”.
Dövlət başçısının düzgün, balanslaşdırılmış xarici siyasəti sayəsində beynəlxalq səviyyədə ölkəmizin nüfuzu yüksəlmiş, Azərbaycan regionda lider dövlətə çevrilmişdir. Azərbaycan və işğal edilmiş torpaqlarımız barədə əsil həqiqətlər dünya ictimaiyyətinə olduğu kimi çatdırılmışdır.
Respublikamıza rəhbərlik etdiyi 17 il ərzində Ali Baş Komandan qüdrətli ordu quruculuğu həyata keçirmiş, ordunu ən müasir silahlarla təmin etmişdir. Bu sahədə beynəlxalq təcrübə öyrənilmiş, NATO standartlarına malik olan Türkiyə ordusu ilə birgə uzunmüddətli təlimlər keçirilmişdir. Azərbaycan ordusu müasir silah təminatı, hərbçilərimizin yüksək peşəkarlığı ilə güclü ordular sırasına qalxmışdır. 44 gün davam edən Vətən müharibəsi bunu əyani şəkildə sübut etdi.
İkinci Qarabağ müharibəsində tətbiq edilən döyüş əməliyyatları, xüsusilə də ağır texnikanın istifadə edilmədiyi Şuşa əməliyyatı dünya hərb tarixinin nadir hadisələridir. Hərbçilərimizin bu müharibədə göstərdiyi şücaət misilsizdir. Ali Baş Komandan öz müraciətində Azərbaycan hərbçilərinin igidliyini yüksək qiymətləndirmişdir: “Torpaqlarımızı ancaq Azərbaycan əsgəri azad edir, Azərbaycan zabiti azad edir, sinəsini qabağa verərək, heç nədən qorxmayaraq, əlində bayraq, əlində silah düşməni qovan da əsgərdir, düşməni məhv edən də əsgərdir. Eşq olsun bizim əsgərlərimizə!”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır” inamı ilə ordu quruculuğunun bütün parametrlərinin genişləndirilməsini, bu parametrlərin vəhdətini təmin etdi.
Döyüş meydanında uğurların əldə edilməsində aparılmış islahatlarla yanaşı, hərbi qulluqçuların xidmət şəraitinin müasirləşdirilməsi, onların sosial və məişət məsələlərinin həlli, əmək haqlarının davamlı olaraq artırılması, imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsi, eləcə də Dövlət Başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələri, müharibə əlilləri və veteranları ilə mütəmadi olaraq görüşmələri, onların qayğıları ilə maraqlanmaları, problemlərini həll etmələri olmuşdur ki, bütün bunlar vətən uğrunda xidmətləri olan insanlara qarşı yüksək diqqətin təcəssümü olmaqla bərabər, hərbi qulluqçularımızda böyük ruh yüksəkliyi yaradaraq qələbə əzmini daha da artırıb.
Vətənin hər qarışını sevən, qanı və canı bahasına qoruyan Azərbaycan ordusunun bütün dünyaya nümayiş etdirdikləri qəhrəmanlıq səlnaməsi tarixlərə yazılacaq və gələcək nəsillərə örnək olacaqdır.

Aysel Mənsimova – YAP üzvü


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki