Belə tədbirlərdən birincisi 28 yanvar saat 15:00-da “Arion Otel Baku”nun konfrans zalında, görkəmli akademikin də yaradıcısı olduğu “Tusi” Ordubad Xeyriyyə Cəmiyyəti tərəfindən təşkil edilib. “Bir Bütöv İnsan portreti” adlanan “dəyirmi masa” formatlı tədbirdə görkəmli elm adamları, həkimlər, akademikin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak edirdi.
“Tusi” Xeyriyyə Cəmiyyətinin sədri Yəhya Babanlı Rəhim Rəhimovun həyatı və elmi fəaliyyəti haqqında çıxış edib. Natiq, mərhum akademikin Azərbaycan səhiyyəsi üçün tibb üzrə elmi tədqiqat, təşkilati-metodik, eləcə də elmi kadrların və yüksək ixtisaslaşmış praktik həkimlərin hazırlanmasındakı rolundan, professorun dəst-xətti və imzasından danışıb. Daha sonra tədbir iştirakçılarına görkəmli Akademikin həyat yolundan bəhs edən “Bir Bütöv İnsan Portreti” adlı qısa film təqdim edilib.
Daha sonra tədbir iştirakçıları Rəhim Rəhimovun adının doğulduğu Ordubad rayonunda əbədiləşdirilməsi üçün təkliflər irəli sürüblər. Aşağıdakı 3 təklif dəyirmi masa iştirakçıları tərəfindən bəyənilərək, müvafiq işlərin aparılması və Tusi Xeyriyyə Cəmiyyəti tərəfindən lazımi orqanlara müraciətlər edilməsi qərara alınıb:
1. Ordubad şəhərində Akademik Rəhim Rəhimovun ev muzeyinin yaradılması.
2. Ordubad şəhərində Akademik Rəhim Rəhimov adına küçənin verilməsi
3. Ordubad Şəhər Xəstəxanasına Akademik Rəhim Rəhimovun adının verilməsi.
Tədbirin sonunda Rəhim Rəhimovun övladları, tanınmış həkimlər Nurməmməd və Çingiz Rəhimovlar da çıxış edərək öz xatirələrini bölüşüb, tədbirin təşkilatçılarına və iştirak edən hər bir kəsə təşəkkürlərini çatdırıblar.
Sonda bir daha qeyd edilib ki, Rəhim Rəhimovun öz təmiz vicdanı, gözəl əməlləri, zəhməti və xeyirxahlığı ilə yaratdığı müfəssəl və mükəmməl “Bir Bütöv İnsan Portreti” əbədi yaşayacaq.