image-1backend

Sailə Salahova:Möhkəm dostluq, strateji əməkdaşlıq

image-reklam_sirab_01

Son illərdə Azərbaycanın qarşılıqlı münasibətləri daha da dərinləşdirdiyi dövlətlərdən biri Özbəkistandır. Respublikamızın bu ölkə ilə əlaqələri həm ikitərəfli, həm də çoxtərəfli platformalarda, o cümlədən də Türk Dövlətləri Təşkilatında intensiv şəkildə inkişaf edir. İki ölkəni tarixdən gələn bir sıra bağlılıqlar, dövlətlərin siyasi iradəsi və cəmiyyətlərin istəyi birləşdirir. Deyə bilərik ki, Azərbaycanın və Özbəkistanın siyasi dialoqu, iqtisadi və humanitar sahələrdə əməkdaşlığı daha yüksək səviyyəyə qaldırmalarının qarşısında hansısa bir maneə yoxdur. Təmasların möhkəmlənməsində liderlərin və digər yüksəksəviyyəli rəsmilərin mütəmadi hal alan qarşılıqlı səfərləri mühüm rol oynayır. Avqustun 22-də baş tutan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Özbəkistan Respublikasına növbəti dövlət səfəri Azərbaycan və Özbəkistan arasındakı strateji tərəfdaşlıq münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəldilərək daha da gücləndirilməsi və bütün sahələr üzrə hərtərəfli əməkdaşlığın genişləndirilməsi baxımından tarixi önəm kəsb edəcək. Səfər zamanı Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə məhdud və geniş tərkibdə görüşləri olub. Dövlət başçıları Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın birinci iclasında və hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşdə iştirak ediblər. Daşkənddə iki döst və qardaş ölkə rəhbərlərinin iştirakı ilə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması mərasimi keçirilib. Mərasim zamanı dövlət başçıları “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”ni imzalayıb və “Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının birinci iclasının Qərarı”nı qəbul ediblər. Bu zaman həm də iki dövlət arasında münasibətlərin daha da genişləndirilməsinə xidmət edəcək 11 sənəd imzalanıb.Daşkənddə sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev mətbuata bəyanatlarla çıxış ediblər. Bəyanat zamanı Prezident İlham Əliyev qeyd edib ki, “Bu gün Özbəkistan təkcə regionda deyil, həm də dünya miqyasında sanballı siyasi nüfuza malik ölkəyə çevrilib. Biz buna səmimi-qəlbdən sevinirik”.

Azərbaycanla Özbəkistan arasında müxtəlif istiqamətləri əhatə edən qarşılıqlı münasibətlər yüksək dinamikası ilə səciyyələnir. Ölkələrimiz arasında diplomatik münasibətlər 1995-ci il oktyabrın 2-də qurulub. Siyasi dialoqun yüksək səviyyəsinə adekvat olaraq iqtisadi sahədə əməkdaşlıq genişlənir. Həm Azərbaycan, həm də Özbəkistan iqtisadi baxımdan bütün Türk dünyasının qüdrətli dövlətlərindəndirlər. Nəqliyyat sektoru iki dost dövlət, bütövlükdə Türkdilli ölkələr arasında əlaqələrin möhkəmlənməsinə mühüm töhfələr vermək perspektivlərinə malik istiqamətlərdən biridir. Özbəkistan Azərbaycanın ərazi bütövlüyünə daim dəstək verən ölkələr sırasında yer alır. Qarabağda aparılan bərpa-quruculuq işlərinə qardaş özbək xalqı və Özbəkistan dövləti daha böyük töhfələr verəcək, iki ölkə arasındakı qarşılıqlı etimada söykənən və əsrlərdir davam edən dostluq və qardaşlıq əlaqələri bundan sonra da inkişaf edəcək. İki qədim türk dövlətinin möhkəm dostluğu, birliyi və strateji əməkdaşlığı sayəsində xalqlarımız daha da gözəl günlər yaşayacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image