image-img-20210716-wa0002backend

Şəhid ailələri və müharibə əlilləri daim dövlətin qayğısı altındadır

image-reklam_sirab_01

Hərbi əməliyyatlarda iştirak edən şəxslərin müharibədən sonrakı mövcud durumu, şəhid və qazi ailələrinin sosial-psixoloji vəziyyəti hər bir dövlət və cəmiyyət üçün vacib sayılır. Lakin, Azərbaycanın timsalında, bütün parametrlərinə görə sosial dövlət kriteriyalarına cavab verən və siyasətində vətəndaş amili əsas götürülən dövlətlər yalnız bu kimi çağırışların öhdəsindən gəlirlər. Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin, eləcə də qazilərimizin ailələrinə son 30 ildə olduğu kimi, Vətən müharibəsindən sonra da göstərilən qayğı bunu deməyə əsas verir.
Azərbaycanda şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına göstərilən hərtərəfli qayğı bütün ölkələr üçün nümunəvi sayıla bilər. Bu nümunəvi yanaşma ölkə ictimaiyyəti tərəfindən də bəyənilir, alqışlanır. Xüsusən, Vətən uğrunda öz canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin, qazilərin ailələrinin sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin, onların ailələrinin mənzil və avtomobillərlə təmin olunmasını ictimaiyyətimiz çox müsbət qarşılayır.
Məsələ burasındadır ki, şəhidlərin və qazilərin ailələrinə ölkə başçısı, cənab Prezident İlham Əliyevin göstərdiyi qayğı ardıcıl və sistemli xarakter daşıyır. Artıq ölkə rəhbərinin bu kimi qayğılarının dövlət siyasətinin mühüm prioritetinə çevrildiyi günün reallığıdır. Məsələn, müasir tələblərə cavab verən fərdi və çoxmənzilli yaşayış binalarının vaxtaşırı tikilib istifadəyə verilməsi bunun əyani sübutudur və Vətən müharibəsində iştirak etmiş, şəhid, yaxud qazi olmuş şəxslərin ailələrinin mənzil-məişət şəraitinin daha da yaşlışadırılmasının tez-tez şahidi oluruq.
2021-2025-ci illərdə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 11 min mənzil və fərdi evin verilməsi nəzərdə tutulub ki, bu məhz Azərbaycan dövlətinin, ölkə başçısının diqqət və qayğısının bariz nümunəsidir. Təkcə bu il ərzində 3 minədək mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlara təqdim ediləcək. Onu da nəzərə çatdıraq ki, onlardan artıq 470-i öz sahiblərinə verilib. Ümumilikdə isə, şəhid ailələri, müharibə əlilləri və onlara bərabər tutulan şəxslər bu zamanadək, indiyə qədər 9670 mənzil və fərdi evlə təmin edilib, 7200 avtomobil verilib.
Prezident İlham Əliyev iyulun 14-də Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak etdi. Ali Baş Komandan bu görüşdə bir sıra vacib məsələlərə toxundu, müharibə və post-müharibə dövrünə dair təhlillər apardı, yaranmış yeni şəraitdə Azərbaycanın mövqeyini bir daha açıq şəkildə təqdim etdi. 44 günlük müharibənin nəticəsi olaraq Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, münaqişəni öz gücünə nizama saldı. Prezident bir daha açıq şəkildə münaqişəyə yekun vurulmasına dair fikir söylədi və xəbərdarlıq etdi. Düşünürəm ki, ölkə başçısının bu xəbərdarlığı həm hələ də münaqişə anlayışını ortaya atmağa çalışan bəzi xarici qüvvələrə, həm məğlubiyyətin nəticəsindən dərs çıxarmaq istəməyən Ermənistana, həm də daxildə hər zaman pozuculuq fəaliyyəti ilə məşğul olan qüvvələrə idi.
Azərbaycan güclü dövlətdir. Baxmayaraq ki, biz müharibədən yeni çıxmışıq, ölkədə normal iqtisadi, siyasi proseslər gedir, daxili birlik yüksək səviyyədədir, işğaldan azad olunmuş ərazilərdə böyük quruculuq işlərinə başlanılıb və regional layihələr yüksək səviyyədə icra olunur. Bütün bunların fonunda bəzən biz müxtəlif dövlətlər və təşkilatların Azərbaycana hər hansı bir formada təzyiq cəhdini görürük. Həmin qüvvələr yaxşı anlamalıdırlar ki, Azərbaycanla təzyiq dilində danışmaq olmaz, yalnız əməkdaşlıq formasında ünsiyyət qurmaq olar. Azərbaycana təzyiq göstərməyə cəhd edənlər yox, Azərbaycanla əməkdaşlığa üstünlük verənlər qazanclı çıxırlar.
Prezident İlham Əliyevin bütün dövrlərdə söylədiyi fikirləri reallaşdıran ölkə başçısıdır. Buna görə də qarşı tərəf ötən gün Ali Baş Komandanın söylədiyi fikirləri yenidən ciddi şəkildə təhlil etməli və əməkdaşlıq masasına oturmalıdır. Ermənsitanla münasibətlərin gələcək perspektivlərinə də toxunan Prezident İlham Əliyev Azərbaycanın şərtlərinin aydın olduğunu, lakin qarşı tərəfdən hələ də rəsmi bir münasibət bildirilmədiyini söylədi. Əslində, Azərbaycan və Ermənistan arasında münasibətlərin bərpası ən çox Ermənistana lazımdır. Bizim itirəcəyimiz heç nə yoxdur. Zaman bizim xeyrimizə işləyir. Azərbaycan hər gün gücünə güc qatır. Ona görə də Ermənistan bütün spekulyasiyaları kənara qoymalı və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir.

Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki