image-img-20210716-wa0003backend

Şəhid ailələri və müharibə əlilləri dövlətin qayğısını daim hiss edirlər

image-reklam_sirab_01

Respublikamızda dayanıqlı iqtisadi inkişafın təmin edilməsi ilə paralel olaraq daim güclənən sosial siyasət kursu Qarabağ müharibəsi əlilləri və şəhid ailələrini də əhatə edir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu təbəqələrdən olan insanların sosial rifah halının yaxşılaşdırılması məqsədilə ardıcıl olaraq imzaladığı fərman və sərəncamlar, dövlət başçısının tapşırığı əsasında ildən-ilə gücləndirilən mühüm sosial proqramlar onların etibarlı sosial müdafiə sistemi, hərtərəfli dövlət qayğısı ilə əhatə olunmalarına şərait yaradıb.
Bu tədbirlər sırasında Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin yeni mənzillərlə, avtomobillərlə təminatı, güzəşt və müxtəlif kompensasiyalarla təmin edilirlər. Hələ 1990-cı illərdə Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan bu sosial proqram Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına daimi diqqət və qayğısı nəticəsində uğurla davam etdirilir.
Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu istiqamətdə imzalanan Fərman və Sərəncamlar, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və müharibə əlillərinə mərhəmətli qayğısı çoxsaylı ailələrə böyük sevinc bəxş etməklə yanaşı, hamılıqla təqdirəlayiq hal kimi qiymətləndirilir. Elə bunların nəticəsidir ki, şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına göstərilən hərtərəfli qayğı nümunəvi xarakter daşıyır. Şəhid ailələrinin, müharibə əlillərinin, veteranlarının sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin Vətən uğrunda öz canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi, eyni zamanda, bu insanların mənzil və avtomobillərlə təmin olunması da ölkə ictimaiyyəti tərəfindən yüksək minnətdarlıqla qarşılanır.
On min şəhid ailəsi və müharibə əlili dövlət tərəfindən mənzillərlə, fərdi evlərlə təmin olunub və bu proses davam edir. 2020-ci ildə Azərbaycan bu istiqamətdə ən böyük göstəricilərə nail olub – 1572 şəhid ailəsi və Qarabağ qazisi evlərlə, mənzillərlə təmin olunub. Bu il 3 minədək şəhid ailəsi, müharibə əlili evlərlə, mənzillərlə təmin ediləcək və bu yaşayış kompleksini də nəzərə almaq şərti ilə artıq bu kateqoriyadan olan 1300-dən çox ailə mənzillərlə təmin olunub. Bununla bərabər, uzun illərdir ki, Qarabağ qaziləri fərdi avtomobillərlə də təmin olunur, ümumilikdə 7200 avtomobil verilib
Bu sosial siyasətin davamı olaraq Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlilləri üçün mənzillər tikilmiş və 2021-ci il 14 iyul tarixində cənab Prezident İlham Əliyev kompleksdə yaradılmış şəraitlə tanış olmuşdur. Həmçinin şəhid ailələri və qazilərin bir qismi ilə görüşmüşdür.
Kompleks 15 ədəd doqquzmərtəbəli bina və 810 mənzildən ibarətdir. Kompleksdə 620 nəfərlik məktəb və 140 nəfərlik uşaq bağçası artıq fəaliyyətə hazırdır. Şəhid ailələri və Qarabağ qaziləri üçün inşa olunmuş kompleksdə rahat yaşamaq üçün bütün imkanlar var.
Bu gün real faktdır ki, Azərbaycan dövləti öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir. Dövlət başçımız İlham Əliyev cənablarının 18 il prezidentlik fəaliyyəti dövründə digər vədlər kimi bu vədinə də ən yüksək səviyyədə əməl edir. Xalqımız tam əmindir ki, müstəqil ölkəmiz digər prioritetlər kimi şəhid ailələrinin, müharibə əlillərinin ehtiyaclarının təmin olunması istiqamətində bundan sonra da uğurlu addımlar atacaqdır.

Aysel Mənsimova – YAP üzvü


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki