image-serkerdebackend

Sərkərdə Sərxanoğlu “Gəmi nə qədər böyük olursa olsun, ancaq kapitanının bacarıqları qədər yol gedə bilir”

image-reklam_sirab_01

Rəqabətin hər keçən gün daha da amansız xarakter aldığı günümüzdə rəhbər, lider və ya idarəçi olaraq təyin olunan şəxslərdən gözlənən, ilk növbədə onların uğurlu biri olmasıdır. Lakin bu gözləntilər hər zaman mümkün olmur. Çünki bir yerdə uğur varsa, uğursuzluğun da olması təbii bir nəticədir. Odur ki, günümüzdə uğurun simvolu hesab olunan çox yaxşı idarəçi və ya rəhbər qavramı olduqca aktualdır. İnsanlar tarix boyu yaxşı idarəçi və ona olan tələbləri araşdırıblar. Adı tarixə düşmüş liderlərin, məşhur və uğurlu iş adamlarının həyat hekayələri ilə tanışlıqdan sonra gəlinən qənaət bundan ibarətdir ki, yaxşı bir idarəçi üçün imkansız deyə bir şey yoxdur. Müasir psixologiya və araşdırmalar, uzun müddətdir idarəçilik keyfiyyətlərinin anadangəlmə olduğuna inanan çoxluğun bu inancını artıq dəyişdirməkdədir. Çünki psixoloqlara görə, yaxşı bir idarəçi olmaq üçün anadangəlmə istedadlarınıza gərək yoxdur. Müasir texnologiyanı və dünyanı təqib etmək, ünsiyyət səviyyəsini yüksəltmək, gördüyü işi nəzəri və praktiki olaraq çox yaxşı bilmək, daima özünü inkişaf etdirməklə yaxşı bir idarəçi olaraq ciddi uğurlar qazanmağınız heç də əlçatmaz bir hədəf deyildir. İstər bir nəfərlik, istərsə də böyük bir kollektivi idarə edin, vacib bir şeyi bilmək lazımdır ki, hər bir liderdə, yaxşı idarəçidə olması gərəkən bəzi ortaq xüsusiyyətlər var və bütün hallarda bunlar sizdə də olmalıdır.

Ona görə olmalıdır ki, həm şirkətinizin nailiyyəti, həm də işçilərinizin motivasiyası bu bacarıqlardan asılıdır. Sözsüz ki, yaxşı bir rəhbərdə olması vacib bacarıq və xüsusiyyətlərin siyahısı yetərincə genişdir. Bunları zamanla da öyrənmək olar. Lakin bəzi bacarıqlar var ki, onları “olmazsa olmaz” deyə tərif edə bilərik və bu yazımda sizlərə həmin bacarıqlardan bəhs edəcəyəm.

Dinc və xoşbəxt iş mühiti yaradın

Bir komandanın nailiyyətinin, uğurlu bir iş həyatının təməlində dinc və rahat iş mühiti durur. Ancaq bu mühiti təmin etmək təkcə işçilərin yox, xüsusilə idarəçilərin başlıca vəzifələrindən biridir. Xoşbəxt yaşamaq və xoşbəxt işləmək yönündə yüzlərlə fikir söylənib, “xoşbəxtlik pulla satın ala bilməyəcəyiniz tək şeydir” deyilib. Konfutsi deyir ki, “Sevdiyin işi görərsənsə, ömrün boyu işləməmisən deməkdir”. İstər idarəçi, istərsə də əməkdaş olsun, hər biri üçün ən dəyərli olan budur; xoşbəxt olmaq və xoşbəxt işləmək.

Bir işçi “ayın sonunda nə qədər qazandıq” deməməli, “nə qədər xoşbəxt işlədik və uğurlu olduq” deyə düşünməli, bir idarəçi isə bu düşüncənin kollektivdə hakim olması üçün səy göstərməlidir.  Xüsusilə, bilik və təcrübənin daha çox istifadə edildiyi sektorlarda işdə xoşbəxtlik qavramı daha çox əhəmiyyət daşımaqdadır. Bunun nəticəsidir ki,  “GOOGLE ofisləri” kimi anlayışlar meydana çıxmışdır. Əməkdaşların şirkət daxilində özlərinə vaxt ayıra, əyləncəli zaman keçirə bilmələri olduqca mühümdür. Bu mühiti təmin edəcək bir idarəçinin atmalı olduğu ilk addım isə eqolarını tamamilə bir kənara buraxmaq, özünü komandanın bir üzvü olaraq görmək, işçilərinə əmr, təlimat verən rəhbər yox, ideya, məsləhət və tövsiyə verən yoldaş olmaqdır.

Komanda oyunçusu olun

İdarəçilik həyatda hər kəsin sahib olmağı arzuladığı, lakin çox vaxt tələblərini yerinə yetirə bilmədiyi bir mövqedir. İdarəçi, mövqeyinin bir drijior mövqeyi olduğunu unutmamalı, hər hansı aləti ifa edən şəxsin ancaq onun istiqamətləndirməsi ilə ən gözəl şəkildə ifa edəcəyinin fərqində olmalıdır.

Bir çox iş adamı düzgün komanda qura bildiyi üçün illərlə uğurlarını davam etdirə bilib. İş həyatında uğurlu olmaq üçün ilk növbədə özünüzün əksik tərəflərinizi öyrənməlisiniz. Misal üçün, hər kəs Eynşteyn olmaq məcburiyyətində deyil. Ünsiyyət bacarığınız yüksək olmaya bilər. Marketinq anlayışınızın az olması normal haldır. Proqram və kod yazmanın sizə fantastik gəlməsi də mümkündür. Mühüm olan odur ki, siz bu zəif tərəflərinizi bilib, bu boşluqları doldura biləsiniz. Bu səbəbdən əməkdaşlarınızı işə götürərkən sizin əksiklərinizi tamamlyacaq şəxslər arasında seçim etməniz lazımdır. Bu isə o anlama gəlir ki, idarəçilikdə uğur qazanmaq istəyirsinizsə, ilk növbədə komanda ruhunun nə olduğunu yaxşı öyrənməli, özünüz bir komanda oyunçusu olmalısınız. Yəni, komanda qurarkən mütləq ehtiyaclar doğru müəyyənləşməli, o ehtiyaclara görə də doğru insanlar işə götürülərək, doğru yerlərə yerləşdirilməlidir.

Doğru vəzifələri doğru insanlara verin

Rəhbərlik etdiyiniz kollektivdə doğru insanlara doğru vəzifələr verməyi bacarmalı, onların effektiv və faydalı işləməsinə nail olmalısınız. Odur ki, düzgün iş bölgüsü, hansı işi kimə tapşıracağımız son dərəcə vacibdir. Məsələn, bir futbol komandasında sağ cinah müdafiəçisini hücumda oynadıb, mütəmadi şəkildə də ona “niyə qol vurmursan” deyə irad bildirmək, həmin adama böyük haqsızlıqdan başqa bir şey deyil. Çünki bu oyunçunun xüsusiyyəti sağ cinahı müdafiə etmək və sağ tərəfdən sürətlə qaçıb hücuma dəstək verməkdir.

Demək ki, istər şirkət daxilində, istər komandada, hətta ailə daxilində belə doğru adama doğru vəzifəni vermək bacarığı bir idarəçi üçün son dərəcə önəmlidir. Təsəvvür edin ki, şirkət daxilində ünsiyyət və satmaq bacarığı üstün bir insana, tamamilə başqa işlər tapşırırsız, ya da tam tərsinə, kompyuter bilikləri, hesablama və s. bu kimi başqa tərəfləri güclü olan, amma satış tərəfi zəif olan birinə satış işini tapşırırsınız. Adam davamlı olaraq işləri tamamlaya bilmir və ya nəticələr ürəyinizcə olmur. Sonra isə mütəmadi şəkildə ona “bu işi yarıtmadın”, “niyə sata bilmədin”, “niyə hədəfə çatmadın” və s. kimi iradlar bildirirsiniz. Olduqca yanlış siyasətdir və bu halları yaşamaq istəməyən bir idarəçinin başlıca vəzifələrindən biri, qeyd etdiyim kimi, doğru insanları doğru yerə yerləşdirmək və ya başqa bir deyişlə, doğru insanlara doğru vəzifələr verməkdir.

Ünsiyyətcil olun və xitabınıza diqqət edin

Bir rəhbərin öz işçisini motivasiya etdiyi anlar da olacaq, ona hirslənəcəyi, hesab tələb edəcəyi, kefini belə pozacağı zamanlar da. Lakin bunların şəxsi müstəviyə keçməsi yolverilməzdir, olduqca ayıb və pis bir davranış hesab olunur. Komandanızda bütün işçilərinizdən məmnun olmaya bilərsiniz.

Ancaq, kollektivdə hamı ilə bərabər məsafədə durmağa cəhd etməli, problem yaşadığınız işçilərinizlə olan əlaqələrinizdə aşağılama, təcrid etmə kimi davranışlardan çəkinməlisiniz. Problem yaşadığınız əməkdaşınızla hər kəsin gözü önündə mübahisənin komandanızdakı ahəngin pozulmasına səbəb ola biləcəyini qətiyyən unutmayın. Ünsiyyət yaxşı olduğu zaman onlara çox hirslənsəniz belə, iradlarınızı uyğun dillə və yüksək səviyyədə başa salsanız sizin qarşınızda utanmaqla qalmaz, bundan sonra daha yaxşı işçi olmaq üçün əllərindən gələni edərlər. Ancaq həqiqətən də çox haqlı olduğunuz bir mövzuda əsəbinizlə birlikdə xitabınız da olduqca pisdirsə, kəlmələri yanlış seçirsinizsə, haqlı olduğunuz bir durumda haqsız bir idarəçi olaraq görünə bilərsiniz. Əmin olun ki, pis formada tənbeh etdiyiniz həmin əməkdaş otaqdan çıxdıqdan sonra əsas məsələnin mahiyyətini bir kənara buraxıb, sizin işlətdiyiniz xoşagəlməz kəlmələrdən birini digər həmkarlarına söylədiyi zaman şirkət içində sizə qarşı olan hörmət azalacaqdır. Odur ki, çalışın qarşınızdakı insanı çox yaxşı anlayın, ünsiyyət zamanı xitabınızda çox diqqətli olun və bunu unutmayın, bir idarəçi danışığını qəti şəkildə şəxsiləşdirməməlidir. Özünüzü qarşınızdakının yerinə qoya bilməli, ona bir şey söyləməzdən əvvəl yaxşı-yaxşı düşünməli, söyləyəcəyiniz sözləri diqqətlə seçməlisiniz ki, onun yerinə siz olsaydınız və nə eşitsəniz utanar, daha çox çalışaraq özünüzü isbatlayardınız.  Bir idarəçinin ünsiyyətinin yaxşı olmaması deyə bir şey müzakirə mövzusu belə ola bilməz. Əgər idarəçisinizsə və ünsiyyətiniz yaxşı deyilsə, təcili olaraq bu yönünüzü inkişaf etdirməniz mütləqdir. Çünki ünsiyyət bir idarəçinin sahib olması gərəkən ən vacib xüsusiyyətlərin başında gəlir. Əlbəttə, ünsiyyət yalnız sözlə gerçəkləşmir. Xüsusilə günümüzdə elektron yazışma yoluyla ünsiyyətin əhəmiyyəti böyük olduğu üçün idarəçilərin yazılı ünsiyyətdə də özlərini doğru şəkildə ifadə edə bilmələri çox qiymətlidir. Təcrübəli bir idarəçinin istər elektron, istərsə də bir başqa formada olsun, dil bilgisi qaydalarına əməl etmələri mütləqdir. Bu amil həm müxtəlif yanlış anlaşılmaların qarşısını alır, həm idarəetməni qüsursuz şəkildə təmin etməyə kömək edir, həm də liderin təcrübəliliyini və kamilliyini ortaya qoyur.

Bir sözlə, ünsiyyət bacarığı təkcə empatiya, gözəl kəlmələrlə bəzədilmiş xitabla bitmir, dediyimiz kimi, yaxşı idarəçi yazı yolu ilə də əla bir ünsiyyət qurmağı öyrənməlidir.

Planlayan və hədəf yönümlü olun

Yaxşı bir idarəçi hər zaman təbii ki, bir addım öndə olmalıdır. Doğrudur,  günlük rutin işləriniz var, bunlara nəzarət etməli, öz sahənizdə çalışmalı, şirkəti və ya məsul olduğunuz kollektivi, strukturu idarə etməlisiniz. Lakin bilməlisiniz ki, sıravi əməkdaşların mütləq əksəriyyəti o an üçün düşünür, o günü və o anı yaşayır. Bir idarəçininsə vəzifəsi irəlini düşünməsi, plan qurması, şirkətini və kollektivini irəliyə sürükləməsidir. Əgər siz bir idarəçisinizsə və sadəcə o anı yaşayırsınızsa, bunda pis heç nə yoxdur. Fəqət,  unutmayın ki, siz irəlini görə bilməsəniz, irəlini görən, düşünən və plan quran idarəçilər sizi mütləq keçəcəkdir və o cür idarəçilərin başında olduğu şirkətlər də sizdən irəlidə olacaqlar. Plan qurmaq şəxsi həyatda olduğu qədər, şirkətdə, iş yerində də bir o qədər əhəmiyyətlidir. Bu gün işlər qaydasında və çox yaxşı gedə bilər. Lakin bir idarəçi hər zaman “bundan daha yaxşı necə ola bilər” sualı üzərində düşünməli və bu istiqamətdə planlar üzərində baş sındırmalıdır.

Özünüzü motivasiya edin 

Yaxşı bir rəhbər özünü motivasiya edə bilmirsə, başqalarını ümumiyyətlə, motivasiya edə bilməz. Özünü motivasiya etmə xüsusiyyəti bir idarəçi üçün mütləq olması gərəkən bacarıqlar sırasında yer almaqdadır. Hər şeyə rəğmən,  özünüzdə işə davam etmək gücü tapmalı və kollektivinizi də motivasiya etməlisiniz. Eynilə motivasiya etməkdə olduğu kimi, pozitiv olmaq da  həyatımızın bütün mərhələlərində əhəmiyyətlidir. Bir idarəçini lampaya bənzədirlər.

Lampa yandığı zaman otağın hər yerini işıqlandırır. Lakin lampanın bəzi yerləri çirklidirsə otağın müəyyən hissəsi tutqun işıqlanacaq. Eynilə, sizin də motivasiyanız və nikbinliyiniz yüksək olarsa, bu kollektivə və şirkətə də sirayət edəcəkdir. Motivasiyanızın düşməsini biruzə verdiyinizdə isə lampanın tutqun işıqlandırması kimi, istər komandanızın, istərsə də şirkətin motivasiyası düşər. İdarəçi əgər özünü yaxşı hiss etməzsə, pozitiv olmazsa, ətrafına neqativ enerji verərsə, o neqativ enerji bütün şirkət miqyasında böyüyər. Odur ki, bütün hallarda bir idarəçinin mümkün qədər pozitiv və motivasiyasının yüksək olması bütün şirkəti sadəcə irəli aparar.

Davamlı inkişafdan yorulmayın

Dünyamız bir yerdə dayanmır, iş həyatı, texnologiya şərtləri, insanların dəb anlayışı davamlı dəyişir. Bu səbəbdən də bir idarəçi qətiyyən üst-üstə eyni günü yaşamamalıdır. Mütəmadi olaraq yeni məqalələr və kitablar oxuyun. 15-20 il əvvəl onlayn ticarət anlayışını eşidən insanlar üçün bu sektor o dövrün internet və texnologiya şərtlərinə görə fantaziya kimi gəlirdi. Lakin dövrümüzdə elektron ticarət pərakəndəçilik və mağazaçılığı qabaqlamaqdadır. 20 il əvvəl bu mövzuda məqalələr oxuyan idarəçilər bu istiqamətdə qoyduqları erkən sərmayə sayəsində bu gün bazarın ən üst qatında dəyişməz bir mövqeyə sahibdirlər. Ona görə də, özünüzü mütəmadi olaraq inkişaf etdirməklə gələcəkdəki uğurların toxumlarını indidən əkə bilərsiniz. İstər elektron ticarət olsun, istərsə də iş həyatının növbəti təkamülündə hamıdan öndə yer tutmaq sizin öz əlinizdədir.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki